2011 müharibə ili ola bilərmi?

882

Tanınmışlar “168 saat”ın sualına nə cavab verir?

Son iki-üç həftə ərzində Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların başlanacağı ilə bağlı təhdidlər və oxşar məzmunlu bəyanatlar daha çox səslənib. İstər regionlara səfərləri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, istərsə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı səsləndirdiyi bəyanatlar Ermənistanda və vasitəçilərdə narahatlıq yaradıb. Həmsədrlərdən birinin münaqişənin sülh yolu ilə bağlı həlledici addımların atılması üçün vaxtın yetişdiyini deməsi isə bir qədər emosiyaları azaltmağa yönəlmiş bəyanat kimi görünməkdədir.

Xatırladaq ki, Müdafiə nazirinin qonaqlara mesajı olduqca açıq səslənib. Müdafiə naziri torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü vurğulayıb. Bildirib ki, belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət edərdi: “Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz”.

Sözünə davam edən S.Əbiyev bu qəbildən olan münaqişələrin həllində mövcud beynəlxalq qaydaların tətbiq edilməsinin zəruriliyini önə çəkərək yaxın keçmişdə bir neçə ölkənin timsalında bu cür yanaşmanı misal gətirib. Nazir qeyd edib ki, həmin münasibət Azərbaycana da göstərilməlidir: “Lakin biz bunun fərqini görürük, bu da acı təəssüf doğurmaya bilməz”.

Prezidentlərin sonuncu  – Soçi görüşündə də istənilən nəticənin hasil olmaması həyacanı bir qədər də artırır.

Bəs görəsən 20 ildir davam edən və heç bir ciddi nəticənin görünmədiyi hazırkı durumda müharibə ehtimalı nə qədərdir? Azərbaycanın ictimai-siyasi dairələrində məhz 2011-ci ili müharibə ili kimi gözləyirlərmi? “168 saat” ölkənin tanınmış ictimai-siyasi xadimləri, media mənsubları arasında bu mövzuda sorğu aparıb. Respondentlərimizin cavablarını olduğu kimi təqdim edirik.

Asim Mollazadə, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili:

– Ümidvaram ki, müharibə olmayacaq və sülh və danışıqlar yolu ilə gedən prosesdə irəli addımlar atıla bilər. Hesab edirəm ki, hərbi əməliyyatlar ehtimalı azdır.

Rasim Musabəyov, millət vəkili:

– 2010-cu illə müqayisədə bu il müharibə ehtimalı artıb və gözləmək olar ki, yaz-yay aylarında hərbi toqquşmaların sayı və gərginliyi artacaq. Fəqət, bu, hələ müharibənin qaçılmaz olduğu demək deyil. Bu təkcə ordumuzun hazırlığından asılı deyil. Bunun üçün əlverişli beynəlxalq fürsət də lazımdır.

Kənan Aslanlı, Azərbaycan-Tükiyə İş Adamları Birliyinin Layihələr və Tədqiqaqlar Şöbəsinin müdiri:

– Mən politoloq deyiləm. Ona görə də siyasi və hərbi dəyərləndirmələrim də iqtisadiyyatdan keçir.
Hesab edirəm ki, Qarabağda qısa müddətli və kiçik miqyaslı hərbi əməliyyatların başlaması ehtimalı yekun sülh sazişi imzalanana qədər hər an yüksəkdir. Birinci müharibə miqyasında (itgilərə, ərazi miqyasına, beynəlxalq rezonansa) sistemli hərbi əməliyyatların başlanması ehtimalını isə aşağı qiymətləndirirəm. Çünki xarici investorlar bu günə qədər Azərbaycanın neft sektoruna 40 milyard dollar investisiya qoyublar, yalnız “Şahdəniz 2” layihəsinə daha 20 milyard dollar xarici sərmayə qoyuluşu da gözlənilir. Adətən belə hallarda irimiqyaslı müharibə riski istisna edilir.

Ceyhun Osmanlı, “İrəli” İctimai Birlyinin eks sədri:

– Əslində ermənilər öz qeyri-konstruktiv mövqelərindən əl çəkmədiyi müddətcə hər il müharibə ili ola bilər. Azərbaycan tərəfi tədricən Minsk qrupunun səmərəli fəaliyyətinə və erməni tərəfinin konstruktivliyinə etimadını itirir. Bu isə sülh əvəzinə müharibə siqnallarının intensivləşməsinə səbəb olur. Mən bunu təbii hesab edirəm.

Gülər Əhmədova, millət vəkili:

– Belə qərarları cənab prezident verir.

Akif Nağı, Qarabağ Azadlıq Təşkilatının sədri:

– Müharibə ehtimalı hakimiyyətdən asılıdır, ona görə də fikir söyləmək çətindir. Amma mən hesab edirəm ki, bu il müharibəni başlamaq üçün əlverişlidi. Bir tərəfdən qərb ərəb, müsəlman dünyası ilə məşğuldur, başları qarışıqdır. Digər tərəfdən Rusiya Şimali Qafqazda özünü rahat hiss etmir, bir də Putin qayıtsa, vəziyyət çox çətin olacaq. Məsələni o qayıdana qədər həll etmək lazımdır.

İbrahim Nəbioğlu, Azərbaycanın Türkiyədəki keçmiş konsulu:

– Müharibənin başlaması ehtimalı hər keçən gün artmaqdadır. Amma, zənnimcə, irimiqyaslı müharibənin başlaması üçün bir çox şərtlərin yerinə yetirilməsi vacibdir. Şimal və cənubumuzdakı mövcud status-kvo dəyişmədikcə, Qarabağ məsələsində ciddi irəliləyişə nail olmaq mümkün görünmür. Bu rejimlər getmədən nə sülh yolu ilə, nə də ki silah gücünə nəyəsə nail olmaq utopiyadan başqa bir şey deyil.

Aqil Camal, “Türkistan” qəzetinin baş redaktoru:

– Ənənəvi emosional düşüncədən fərqli olaraq deyə bilərəm ki, konkret indi hərbi yola baş vurulacağını gözləmirəm. Xarici amilləri nəzərə almasaq belə, bunun üçün ölkədə ideoloji-psixoloji hazırlıq yoxdur. Mən, xüsusilə, savaşın avanqardı olacaq gəncliyi nəzərdə tuturam. Cəsarətlə deyə bilərəm ki, bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyəti tamam başqa ovqata köklənib. Ümumən götürdükdə Azərbaycan cəmiyyəti yaxın vaxtlarda müharibəyə başlayacaq cəmiyyət təsiri bağışlamır. Ona görə də gəlişi gözəl proqnozlar səsləndirmək niyyətində deyiləm.

Nəhayət, sonda görücü kimi tanınan Mirxanlar Zeynalovun da fikirlərini diqqətinizə çatdırırıq:

– Qarabağ hər birimizin yaralı yeridir. İşğal altında olan torpaqlarımız geri qaytarılacaq, nəyin bahasına olursa-olsun. Müharibə gözlənilmir, sülh yolu ilə torpaqlarımız geri qaytarılacaq. Dağlıq Qarabağ Azərbaycanın olub və olacaq. Heç bir kəsin buna şübhəsi olmasın. Hər birimiz islam dinini çox dəyərləndiririk. Bunun üçün hər bir namaz qılan insan vətən üçün canından keçməyi özünə borc bilməlidir.

Bax belə. Göründüyü kimi, əksəriyyət ölkədə nə müharibə əhval-ruhiyyəsi görür, nə də dövlətin belə bir addıma əl atacağını düşünür – ən azı cari il ərzində.

Vüsal Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər