2012-ci ilin “Top-11”i

991

Başa çatmaqda olan 2012-ci il dünya və Azərbaycan futbolunda bir sıra izlər buraxdı. Apasport.az saytı ilin yaddaqalan 11 futbol hadisəsini araşdırıb. Azərbaycan futbol azarkeşlərinin tarixin yaddaşına köçəcək ildəki “Top-11” uzun müddət unudulmayacaq.

İspaniya – YENƏ ÇEMPİON!
İlin ən böyük futbol hadisəsi Avro-2012 oldu. Polşa və Ukraynada təşkil olunan qitə birinciliyində İspaniya millisi bu yarışda ardıcıl 2-ci çempionluğu qazandı. 2008-ci ildə qitə, 2010-cu ildə dünya çempionu olan ispanlar, ümumilikdə 3 dəfə qalib olub tarix yazdılar.

Azərbaycanda dünya çempionatı
Futbol tarixində ilk dəfə böyük turnirin final mərhələsinə Azərbaycan ev sahibliyi etdi. Bakı və Lənkəran stadionları 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarını qəbul etdi. Yığmamızın yarışda debütü uğursuz alınsa da, çempionat yüksək səviyyəsi ilə diqqət çəkdi. Üstəlik, dünya musiqi ulduzları da mundialın qonaqlarından oldu. Çempionatda qələbəni isə Fransa bayram etdi.

“Neftçi” qrupda
Son 2 ilin Azərbaycan çempionu “Neftçi” avrokuboklarda yeni tarix yazdı. Azərbaycan təmsilçilərinin indiyədək həsrətində olduğu uğuru qazanan bakılılar Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Ötən mövsüm Çempionlar Liqasında tarix yazan Kipr APOEL-i üzərindəki qələbə ilə qrupa yüksələn “ağ-qaralar” İtaliya “İnter”i, Serbiya “Partizan”ı və Rusiya “Rubin”i ilə mübarizədə sonuncu oldu.

Messidən fantastik rekord
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2012-ci ilə öz damğasını vurdu. Cənubi amerikalı il ərzində bütün yarışlarda ümumilikdə 91 qol vurmaqla, dünya rekordu müəyyənləşdirdi. Bununla, almaniyalı Herd Müllerin əbədi rekordunu unutdurdu.

“Çelsi”dən tarixi zəfər
Çempionlar Liqası gözlənilmədən İngiltərə “Çelsi”sinin qələbəsi ilə başa çatdı. Yarımfinalda “Barselona”nı, həlledici görüşdə isə “Bavariya”nı məğlub edən londonlular çoxlarının xoşlamadığı oyun tərzi ilə qitənin ən yaxşısı adını qazandı. Lakin ardınca ingilislər Avropa Superkubokunda da, klublararası dünya çempionatında da, Çempionlar Liqasının yeni mövsümündə də fiasko yaşadı.

Avro-2020
UEFA Avropa çempionatlarının final mərhələsinin keçirilməsində inqilabi addım atdı. Qurum artıq 2020-ci ildəki turnirin 1 və ya 2 ölkədə deyil, bütün qitədə təşkil olunacağını açıqladı. Hələ oyunları qəbul edəcək şəhərlər, çempionatın formatı dəqiqləşməyib. Lakin Bakı da final mərhələsini qəbul edəcək şəhərlər sırasına düşməyə iddia edir.

“Çip”
Futbola texnologiyaların tətbiqi ilə bağlı ilk addım atıldı. Klublararası dünya çempionatında qolların “GoalRef” texnologiyası sayəsində qeydə alınmasından istifadə olundu. Adıçəkilən sistem ondan ibarətdir ki, qapının içində maqnit sahəsi yaradılır və topların içinə xüsusi mikroçip yerləşdirilir. Top xətti keçdikdə maqnit sahəsində dəyişiklik qeydə alınır. Qolların bu cür qeydə alınması daha çox həndbolda istifadə olunur.

Primerada Azərbaycan reklamı
“Bakı” ilə İspaniyanın “Atletiko” klubu arasında əməkdaşlıq haqda razılıq möhtəşəm davamı ilə yadda qaldı. Madrid təmsilçisi dünyanın ən güclü liqalarından biri olan İspaniya çempionatı matçlarında ölkəmizi reklam etdi. Primera görüşlərində sinəsində “Azerbaijan – Land of Fire” reklamı yazılan forma ilə çıxan “Atletiko” bununla da ölkəmiz üçü ilkə imza atdı.

Əfsanənin sonu
Dünya futbol tarixində ən çox ölkə çempionu olan klubun sonu 2012-ci ilə təsadüf etdi. 140 illik tarixində 54 dəfə Şotlandiya çempionu olan “Reyncers” müflis elan olundu. Yenidən təsis olunan klub isə Şotlandiyanın 4-cü dəstəsinə – III diviziona göndərildi.

Nostalji
MDB ölkələrinin klubları üçün vahid çempionatın təşkil edilməsi ideyası böyük müzakirələrə səbəb oldu. Azərbaycan çempionu “Neftçi” də bu yarışa qatılmağa razılıq verdi. Lakin AFFA-nın baxışı fərqli oldu. Azərbaycan kimi Gürcüstan da ideyanın əleyhinə çıxış etsə də, təşkilatçıları yarışı keçirmək ideyasını gerçəkləşdirməkdə davam edir.

“Ağ-qaralar”ın dönüşü
İtaliyanın “Yuventus” klubu 2011/12 mövsümünü məğlubiyyətsiz çempion olmaqla bütün dünyanın diqqətini özünə cəlb etdi. Yenidən ölkə futbolunun liderləri sırasındakı yerinə dönən “ağ-qaralar” ümumilikdə 49 çempionat matçında uduzmadı. “Yuventus”u yalnız “İnter” dayandıra bildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər