Doğrudanmı, Qarabağ döyüşsüz təslim olunub?

1988

Və ya Çingiz Mustafayevin kadrları niyə tipik görüntülər deyil

Vüsal Mətləboğlu

vusal168saat@yahoo.com

90-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarda baş verənlər uzaq keçmişdə qalmasa və qədər də qaranlıq olmasa da o zamankı hadisələrə münasibət birmənalı deyil. Bu baxımdan Azərbaycan cəmiyyətinin təfəkküründə iki portret cızılıb. Birincisi, Dağlıq Qarabağ və ətraf rayonlar qanlı döyüş əməliyyatlarından sonra işğal olunub, ikincisi, bu ərazilər döyüşsüz-filansız ermənilərə verilib.

Təəssüflə qeyd etməliyik ki, bu gün şəhər və kənd əhalisinin bir-birinə münasibəti baxımından bir qədər neqativ mənzərə hiss olunmaqdadır. Azərbaycan kəndlisi şəhərlisini yumşaq desək, əxlaqi dəyərlərə qarşı gedən biri kimi qəbul edirsə, sıradan bir şəhərli belə təfəkküründə orta statistik Azərbaycan kəndlisini savadsız və dünyagörüşü yetərincə olmayan biri kimi canlandırır. Bu münasibət xüsusilə torpaqlarımızın işğalından sonra qaçqın və məcburi köçkün həmvətənlərimizin ölkənin digər şəhərlərinə üz tutmasından sonra qabarıq şəkildə özünü göstərməyə başladı. Şəhər camaatının kənd əhalisini həzm edə bilməməsi “torpaplarınızı atıb qaçmısınız” kimi işlədilməsi ənənəyə dönən təhqiramiz ifadə ilə culğalaşmaqda – asossiativlik tapmaqda idi. “Təsir əks təsirə bərabərdir” aksiomu ilə gəlmələrin də yerlilərə neqativ münasibəti yaranmalı idi və belə də oldu. Doğrudur, tədricən bu münasibət neytrallaşdı, ancaq “status-kvo”ya qayıtmaq mümkünsüz oldu. Təsadüfi deyil ki, qarabağlı ilə məsələn, bakılının bir-birinə münasibəti bu, nə qədər normal olmasa da bir çox dəyərlərə münasibət baxımından (və həmişə belə deyilsə də) qarşlıqlı “dodaqbüzmə” ilə müşayiət olunur. Hansı ki, azərbaycançılıq, eyni mentalitet bu baxışa da yer qoymamalı idi.

Haşiyə:
Burada əslində bəlkə də qeyri-adi heç nə yoxdur – kənd və şəhər insanları həmişə bir-birindən fərqləniblər. Bu fərq az qala şəhərlə kəndin fiziki-coğrafi və yaşam tərzindəki qədərdir. Həmişə belə olub – meşə və dağ adamı səhra adamından həmişə fərqlənib. “Bəlkə də insanları bölmək üçün yalnız bir doğru yol vardır: insanları meşə adamlarına və səhra adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu səhradan gəlir. Səhrada isti külək və qızmar qum insanları sərxoş edir. Səhra dünyası sadə və problemsiz dünyadır. Meşə isə sularla doludur. Yalnız səhra sual vermir, məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılcımı meşədən gəlir…” – deyə “Əli və Nino”da səhra adamı ilə meşə adamı müqayisə olunur. Bəli, həyat artıq bunu sübut edib – təəssübkeşlər səhradan gəlirlərsə, yaradıcılar meşədən və dağdan gələnlər olur. Qartallar dağlardan , pələnglər isə cəngəlliklərdən çıxır…

Qarabağın döyüşsüz təslim olunduğunu düşünənlər həm haqlı, həm də haqsız idilər. Xocalı hadisəsinin yartdığı xof bir sıra hallarda Azərbaycana aid ərazilərin müqavimətsiz təslim olması ilə sonuclandı. Amma bu, bütünlükdə Qarabağın sakitcə tərki-silah olması demək deyildi. Amma bu cür rəyin formalaşmasında bir neçə faktor rol oynamışdı ki, biz onlardan demək olar ki, publika önündə heç vaxt qabardılmayan birinin üzərində dayanaq.
Söz yox ki, milli qəhrəman, reportyor Çingiz Mustafayev hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Onun xüsusilə Xocalı faciəsi ilə bağlı kadrları Azərbaycanın müasir tarixinin itməməsi baxımından olduqca dəyərlidir. Ancaq gəlin onun Laçında çəkdiyi kadrları və bu kadrlardan bütün Azərbaycana səslənən məlumat xarakterli fikirləri xatırlayaq. Təxminən belə: “Laçın uğrunda döyüşənlər indi burda görüdüklərinizdir” (ətarfındakı 100-150 əsgərə işarə edir), “Burdan Qubadlıyacan getdim, bir dənə binamus, biqeyrət qayıtmadı”, “Hamınız qorxaqsız, hamınız arvadsız”, “Nə rəhbər, nə heç kim torpağı satmayıb, qorxub, tüpürüb qaçıblar”.
Doğrudanmı, vəziyyət bu qədər eybəcər idi? Doğrudanmı, heç kim Qarabağda torpaq alveri etməmişdi, sadəcə, “qorxaqlar” o torpaqları atıb qaçmışdılar?! Doğrudanmı, alınmaz qalalarımız – Laçın və bundan 10 gün öncə Şuşa bu qədər asanlıqla düşmənə təhvil verilmişdi?

Laçında çəkilmiş kadrların birində Ç.Mustafayev kadra yaxınlaşaraq deyir: “Bu gün ayın 16-sı, saat 1-dir, Laçın boşaldılır, ancaq Laçına nə bir dənə güllə, nə də bir dənə qəlpə atılmayıb”.
Hansı ki, reportyorumuz bu məqamda yanılırdı. Hələ ayın 8, 9 və 10-dan etibarən, Şuşanın işğalından dərhal sonra ağır texnikaların fasiləsiz atəşinə məruz qalmışdı.
Digər bir tərəfdən, Laçın təkcə şəhərdən ibarət deyildi, onun 125 kəndi var idi və o, kəndlərin əksəriyyəti sonuna qədər müqavimət göstərmişdi. Məsələn, Laçının sonuncu işğal olunan kəndi – Güləbird Laçının işğalından yalnız 1 il 3 ay sonra tutula bilmişdi.
Qarabağda gedən siyasi oyunlar, torpaq alqı-satqısı isə mübahisəsiz məsələdir və Ç.Mustafayevin söylədikləri ilə həqiqət arasındakı dərin uçurum ortadadır… Hər ilin mayında ANS-in bu kadrları təkrar-təkrar göstərməsinin nəyə hesablandığını isə anlamaq çətindir.

Bu yaxınlarda əlimə bir gündəlik keçdi. Könüllü döyüşçü Çingiz Məmmədovun Laçının Güləbird və ətraf kəndlərdə getmiş döyüşlər barədə qeydləri reallığı daha çox əks etdirir. Gündəliyi soyuqqanlı oxumaq sadəcə mümkün deyil.

Həmin gündəlikdən:
– “Susuz dağ”a hücum başlanır. Bizi də bu istiqmətdə kömək üçün postdan geri çağırırlar. Həmin gün “Susuz dağ” istiqamətində şiddətli döyüş gedir, əməliyyat çox güclü alınır. Bizim atdığımız qrantamyot mərmiləri ermənilərin postunu, sığınacağını darmadağın edir. Ermənilər 9 nəfər itki verərək postu qoyub qaçmağa məcbur olurlar. Həmin gecə güclü yağış başlayır. Biz acından bir təhər olmuşuq. Səhər açılar-açılmaz meyitləri də götürüb Güləbirdə gəlirik. Meyitlərdən biri isə azərbaycanlı – Laçınlı İsa müəllim imiş. Sən demə, ermənilər onu Laçın işğal olunanda girov götürüblərmiş…

Yenə həmin gündəlikdən:
– İki gün sonra isə Qızartı yüksəkliyinə hücum başlanır. Bir neçə saatın içində ermənilər postlarını qoyub qaçırlar… Bundan bir gün sonra isə Güləbird üçüncü şəhidini verir. Alış Malxələfdə ermənilərin qoyduğu minanın qurbanı olur.
Mintəmizləyən dəstənin komandanı sonralar bu hadisəni bu cür nəql edir:
– Alış o əraziləri yaxşı tanıdığından bizə çox kömək edirdi. O, mina ilə işləməyi də pis mənimsəməmişdi. Ancaq bu dəfə minanı çıxararkən onun sadəcə, bəxti gətirməmişdi. O, piyada mərmisini tapdı, həmin yeri qazdı, ancaq sən demə, piyada mərmisinin altında tank əleyhinə mina da varmış, üstdəkini qaldırarkən yəqin ki, tank minası işə düşüb və partlayış baş verib.

Həmin illəri yaxşı xatırlayan Laçın rayon Polis İdarəsinin rəisi Akif Səlimovun xatirələrindən:

– Ermənistanın Laçınla sərhədlərdəki görünən mövqelərində rus hərbiçiləri tank və BMP-lərlə dayanmışdılar. Ruslar psixoloji hücum effektli hərəkətlər nümayiş etdirsələr də dinc əhaliyə atəş açmırdılar. Ancaq artileriyada olan ruslar Laçın şəhərini qarış-qarış vururdu. Mən, rəis müavini Telman Tanrıverdiyev və bir neçə döyüşçü mövqedən Kornidzor kəndi ərazisini binokolla müşahidə edərkən Laçına atəş açan topların alovlarını gördük və bizim topla oranı vurdurduq. Həmin vaxt ratsiyada bizim xəttə rusca təmiz danışan bir şəxs girdi. O dedi ki, mən Sibirdən olan rusam. Bu torpaqları boşaldacağıq. Mən təbii ki, ona kim olduğumu demədən izah etdim ki, Alik sən russan, bu müharibə ermənilərlə bizimdir. Niyə bizə qarşı döyüşürsən. Alik belə cavab verdi ki, burda siyasət də var, pul da. Siz bizi dəvət edin gələk. Bu Laçının işğalından iki gün qabaq idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Azer
    May 22, 2011 - 13:59

    Vusal Gulebirdi ermeniler ala bilmediler onlar Gulebirde Fizuli Gebrayil Zengilan ve Qubatli gedenden sonra gire bilibler ermeniler ratsya ile Gulebirdei goruyanlara onlarin muhasirede olduglarini demisdiler ermeniler doyusle Gulebirdi ala bilmediler onlarin en cox itkileride Gulebirde olub bunu ermeniler ozleri soyleyirler

  • Vusal Memmedov
    May 25, 2011 - 23:51

    Bax, bunlari men bilmirdim, Azer muellim. teshekkur edirem yeni faktlara gore…

  • Namiq
    İyul 12, 2011 - 10:18

    Qarabaqda doyusler gedib bunu hec kim dana bilmez.biz sadece olaraq doyusu uduzmusuq muharibe davab edir.sonda biz qalib geleceyik.buna hec kim subhe etmesin

  • Elchin
    Sentyabr 6, 2011 - 12:37

    Bashqa rayonlarimizi deye bilmerem amma, Sizi 100 faiz emin edirem ki, Cebrayil rayonu doyushsuz teslim olunub ermenilere. Men bunun canli sahidiyem.

  • Zehra Nur
    Aprel 25, 2012 - 09:42

    En sonda umuid olur.Gelin biz de umid edek ki,torpaqlarimiz ALINACAQ.Her kim edibse cezasini Allahdan isteyek.Zengin milletimizi sefil veziyyete qoyanlar en sonda ozleri gulunc duruma dusecekeler insallah.AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAMIN

  • Rüstem
    Oktyabr 14, 2012 - 15:52

    CoxSagolun melumata gore..

Elchin üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər