Möcüzə

2311

Saatlarca ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…

O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin  görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…

Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…

Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə  bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən  ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!

O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.

O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…

Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq…!!!

Birdən qulağıma bir qadın səsi gəlir:

– Dəniz, Dəniz qaçma yıxılarsan…!

 Səbinə Əliyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sərdar
    Oktyabr 10, 2011 - 22:38

    Təşəkürlər Səbinə xanım.

  • Zamin
    Oktyabr 12, 2011 - 14:42

    salam…cox maraqlidi

  • Nicat
    Oktyabr 13, 2011 - 06:53

    Gözəl yazıdı təbrik edirəm

    Amma bir kəlimə olaraq icazənizlə əlavə etmək istərdim ki,

    Allahın Möcüzəsi olan Dəniz bütün bunları insanlar üçün

    Təmənnasız edir

  • ibrahim ilyaslı
    Oktyabr 15, 2011 - 23:56

    İndiyəsən DƏNİZ haqda oxuduğum yazıların ən gözəlidi. Səbinə xanım, sənə uğurlar diləyirəm.Uzun müddət Sumqayıtda gənc ədiblərin “DƏNİZ” Ədəbi Birliyinin rəhbəri olmuşam. Bu yazı mənə DƏNİZli günlərimi xatırlatdı. Sağ ol!

  • QASIM
    Oktyabr 20, 2011 - 22:57

    Oxudum çox bəyəndim.Təbrik edirəm Səbinə xanım.

  • Elman
    Oktyabr 20, 2011 - 23:10

    Yazını çox diqqətlə oxudum heç inanmazdım ki,bu problemlər gəncləri düşundürə bilər.Sizə ugurlar Səbinə xanım.

  • Resad
    Noyabr 1, 2011 - 20:21

    yaziya gore sizi tebrik edirem..Ugurlar!

  • Arif Penahoglu.
    Dekabr 4, 2011 - 17:59

    Beli,insani cox-cox du$undurmeye mecbur eden bir yazidi…Deniz ALLAHIMIZIN bizlere bexw etdiyi her cehetden en deyerli,en qiymetli servetlerden biridi…Ancaq bizler bu servetin ne qedrini bilir,ne de ondan yeterince deyerlene bilirik…(Bir qrup insanlari nezere almasaq.)Sebine xanim duwuncelerine,qelemine Allah quvvet versin…Ehsen…

  • arzu
    Dekabr 4, 2011 - 19:16

    cooox beyendim…

Sərdar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər