ƏSGƏR HƏYATINA TƏHLÜKƏ-HEKAYƏ

2221

                                                                                                                                                                                                  Sumqayıtlı gənc yazar Sahilə İbrahimovanın “Əsgər Həyatına Təhlükə” hekayəsini “sumqayitxeber.com” saytının oxucularına təqdim edirik:

QEYD:  Sahilə İbrahimova Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Etnologiya üzrə magistatura təhsili alıb və özəl şirkətlərdən birində çalışır.  lk hekayəsi “Şirlə Sahilin nağılı” hələ 8 yaşında ikən “168 saat” qəzetində çap olunub.  2009-cu ildə 2 hekayəsi — “Mən deyildim” və “Avqustun iyirmi üçünə üç gün qalmış” hekayələri “Ədəbi Azadlıq” qısa hekayə müsabiqəsində ilk onluğa düşüb. 2010-cu ildə hekayələrdən ibarət “Varlı kişinin portmanatı” adlı ilk kitabı çapdan çıxıb. Bu günlərdə “Yuxarı və aşağı ətraflar” adlanan 2-ci kitabı çapdan çıxacaq.

ƏSGƏR HƏYATINA TƏHLÜKƏ

Elə bir yerdəyəm ki, adam səsi gəlmir. Ancaq it səsi gəlir. Uzun səhrayabənzər düzəngahdı. Belə yerləri Allah da unudub, deyirlər.

Bir az uzaqlaşan kimi nə qədər çalışsan da, adam görə bilməzsən. Məni ən çox qorxudan da bu olur hərdən.

Birdən qurtulub qaçmaq istəsəm, adam kimi bağırıb, eşşək kimi anqırıb, at kimi kükrəsəm, kimsə eşitməz məni. Bircə qarşı tərəf eşidər. O da izimi birdəfəlik itirər. Düşmən tərəfi deyirəm, eşidər, kəlləmə birin vurar.

Arabir kimsə tələsik bir qapıdan o birinə girir. Bir də görürsən istidən nəfəsi kəsilmə ehtimalı olanlar dözməyib özlərini çölə atırlar. Axşamlar birtəhər telefon tapanlar dərənin sağ böyründə xəlvəti sevgilisi ilə danışır. Məndə də olur hərdən. Sevgilisi ilə küsəndə hərbi həkimin telefonu boş qalır.

Özünü məğrur aparır. Deyir nə qədər istəyirəm danışa bilərəm. Ona daha telefon lazım olmayacaq. Bilirəm ki, boş-boş çərənləyir. Uzağı yarım saatdan sonra gəlib telefonu alıb baxacaq ki, qız mesajdan zaddan yazıbmı-yazmayıbmı?..

Belə hallarda işimi bilirəm, bir həftənin söhbətini birtəhər on dəqiqəyə sığışdırıram. Sonda həmişə deyirəm ki, məni çağırırlar. Əşi kimdi məni çağıran?! Hamı o vaxtlar türk serialına baxır. Qəhrəmanlıqdı, vallah.

Əsl sevgidi. Yumşaq divanda oturub qızla danışmağa nə var ki? Dərənin dibində tək qaraltı olub hər an düşmən kəşfiyyatına əsir düşmək ehtimalı ilə qızla danışırsan… Şəbəkə nəfəsin kimi tez-tez kəsilir. Yer dəyişdirirsən… Bir sözlə, əsl təhlükə. Əlavə adrenalin almaq üçün milyonlar xərcləyənlər bircə gün burda qızla danışsalar, bəs edər.

Nə vacibdi e belə təhlükəyə atasan özünü? Adama deyərlər nə verəcək bu qız sənə? Heç ala da bilməyəcəksən.

Biz tərəflər, dədəmgili deyirəm, belə qızdan qorxurlar. Sərbəstin biridi. İmkan versən televizora çıxıb demokratiyadan, bürokratiyadan, aristokratiyadan danışar. Ürəyi soyumasa, kitab da çıxardar, avtoqraf da verər. Di gəl ki, dözmürsən, insafən yaman ağıllıdı.

– Gəlirlər, gəlirlər…

Hərbi hissənin fəal əsgərlərindən biri göydən asteroidin yerə düşməsini xəbər verirmiş kimi həyəcanla nitqinə başladı. Bir yığın söz dedi. Gah sevincdən, gah həyəcandan dili topuq vurdu. Bu müddətə mən hərfli peçenyelərdən söz düzəldib qurtara bilməmişdim. Adətimdi. Hərfli peçenyelerdən söz düzəldirəm. Uzun müddət yeməyə əlim gəlmir, fərəhlə əl işimə baxıram. Mən bir sözə belə fərəhlənirəm, gör roman yazmışlar necə xoşbəxtdirlər – deyə düşünürəm. Bəzən bir hərf çatmır. Dilxor oluram. Mən bir hərf tapmayanda bu hala düşürəm, bütöv romana bir əməlli söz yaza bilməyənlər neyləsin?..

O gün səhər hərbi hissənin dörd yanından nağıllardakı kimi çaparlar yola düşmüşdülər. Kimi rayon mərkəzinə enib içməli su sifariş verməyə, kimi işıq generatorunun yanmış motorunu düzəltdirməyə, kimi yaxınlıqdakı hərbi hissələrin zabitlərinə günbatandan sonra veriləcək konsert haqqında xəbər verməyə qaçmışdı. Mən də özümü çəmənliyə verib gül yığırdım ki, mərkəzdən gələn qonaqlara-icra nümayəndələrinə, bir iki xalq yazıçısına, beş-on müğənniyə xoş gələk. Əsl qonaqpərvər kimi stollara gül düzək. Əsgər nədi, gül nədi? Elə deməyin. Güllə əsgərin ansamblından gözəl nə ola bilər? Mən fotoqraf olsaydım, belə şəkil də çəkərdim. Əlində gül olan əsgər. Sabah sinəsində gül uzanmağa hazır əsgər bu gün əlində çiçək şəkil çəkdirməkdən çəkinməməlidir.

Əsgərlər vurnuxurdu, isti qədərində töküldüyündən maddələri qızdırsa da, bir əks reaksiyaya səbəb olmur, partlayış səsi gəlmirdi. Hamı əlacsız-əlacsız tərini silir, “isti yandırdı” deyə gileylənirdi. Yanıb eləyən də gözə dəymirdi, insafən. İtlərin hürüşməsinə isə kimsə məhəl qoymurdu. Belə, öyrəşmişdik. It hürər də. Təhlükə? Təhlükə haqda xəbər verməyə çalışırdılar? Şişirtməyin, siz Allah. İtdi də, hürməlidi…
Günortadan yarımca saat keçməmiş budey, qonaqlar da gəldilər… Çoxdan görmədiyimiz adam kimi adamlar. Əlvan paltarlar geymişdilər. Oynadılar, oxudular. Birisi çıxış elədi. Dedi ki, qüdrətimiz elnən bir olub. Regionda deyil, dünyada tanınmışıq. Təkcə çiçəklənib açmamışıq, bar verib bəhrə görməmişik, gələcək nəsillər üçün investisiya belə qoymuşuq. Bu gedişlə Marsda da bizdən danışacaqlar. Güclü natiqdi, vallah. Elə dedi, elə bildim Marsda bizdən artıq danışıb qurtarıblar. Toxtadım, elə bil. Hərdən özümü tək hiss elədiyim bu düzəngahabənzər səhrada, ya da nə bilim, səhrayabənzər düzəngahda qışqırıb eləsəm, kimsə duymasa da, Marsdan eşidiləcəyimə inandım. Yaxşı ki, Mars var dedim.

Hər şey nazlı bir müğənni paltarını çəkişdirəndə baş verdi. Yəni, heç şişirtmirəm. Sözbaz olub bu məsələdə günahkar da axtarmayın. Hər şeyi paltarın üstünə atın. Rəngli xətlərlə bəzəklənmiş uzun şifon paltar qəfil fələyin gərdişindənmi, şeytanın əməlindənmi yuxarı qalxdı. İndi ancaq pafoslu nitqlərin budaq cümlələrində rast gəlinən Qarabağ atlarının şahə qalxması kimi küləyin coşduğu anda paltarın lələsi köçdü, yurdu qaldı. Hətta küləyin bu poetik cuşa gəlişi elə ani oldu ki, məşhur ictimai xadim kimi təqdim olunan yekəqarın kişi papağının uçmaması üçün tədbir belə görə bilmədi. Nə az, nə çox. Külək belə külək oldu. Külək cəmi üç-dörd saniyəlik nadinclik eləsə də, qüdrətli polkovnik lələsi köçmüş yurdun hər tərəfini gözləri ilə qarış-qarış gəzməyə müvəffəq oldu. Sonra oynayanlar oxuyanlara, oxuyanlar oynayanlara qarışanda, günəş öz gündəlik norması dolduğundan, vaxtında yatıb, vaxtında durduğundan deyil, gurhagura dözməyib elə bil həmişəkindən daha tez istirahətə çəkildiyində belə, mən polkovniki artıq qala qapıları bağlanmış yurdun həndəvərində gördüm. Polkovnik yeni diyar fəth etməyə həvəsli görünürdü. İnsafən, müğənni qadın şəhər açarlarını qarşı tərəfə təslim etməyə tələsmirdi.

Sanki ətrafdakıları qorumaq kimi şərəfli vəzifə borcunu yerinə yetirən aramsız hürüşən itlərin fəallığı daha da artmışdı. Onlardan biri zəhmli görkəm altında yatan mərhəmətli insanlar kimi müğənninin yanına yaxınlaşıb tüklü üzünü onun paltarına sürtəndə qadından qopan bağırtı ətrafdakı gürhagura xitam verdi. Gurhaguru gurhagurla kəsərlər. Sonra bağırtısı bağırtılara qoşulan polkovnik qudurmuş itlərin insan, əsgər həyatına vura biləcəyi ziyanlardan danışdı. Bir sürü şey dedi. İndi hamısı dəqiq yadımda deyil. Amma deyilənlərdən sonra müğənni qadın polkovniki danışdıran qara gözlərini qırpmadan xilaskarına baxırdı.

Səhəri günəşin dünənki həngamədən hələ də özünə gələ bilməməsi hər halından bəlli idi. Əzgin-əzgin gah çıxır, gah batırdı. Nisbətən böyük bulud topası keçəndə ürəyin qopurdu ki, indi yorğunluqdan müvazinətini itirib yerə düşüb bir çuval ənciri bərbad edəcək. Gül kimi dünyadı. Bir az düzəltmişik. Yaşıyırıq da…

Polkovnikin sözləri çox şeyi dəyişdi. Əsası, itlərdən qisas alındı. İtlər müğəninin paltarına sığınıb onu qorxutduqlarına görə cəzalandırıldılar, gələcəkdə əsgər həyatına, bəli, bəli məhz əsgər həyatına təhlükə törədəcəkləri güman edilərək ittiham olundular, təqsirləndirilənlər gecikdirilmədən güllələndilər.

Dan yeri məşhur klassik romanların giriş təsvirlərindəki kimi romantik və poetik açılsa da, göyün üzündən ilhamlanıb nə isə yeni, anlamlı bir şey qoşmaq, əməlli-başlı bədii cümlə qurmaq mümkün deyildi. Ətrafda nə quş civildəyir, nə külək vıyıldayırdı.
Rəngli dağ-çəmən gülləri maddım-maddım baxırdılar. Hiss edirdim ki, nə isə fövqəladə bir şeydən hamıdan tez xəbər tutmuşlar. Həmişəki kimi dillənib özlərini pis eləmək istəmirlər. Nəylərinə lazımdı? Deyib pis olsunlar. Gül kimi susublar. Nə dəyən var, nə dolaşan? Səngərdən səs gəlmirdi. On əsgər yuxuyamı qalmışdı?.. Təngənəfəs səngərə tərəf yüyürdüm. Çöldəki sakitlik havası orda daha şiddətlə çalınırdı.

On əsgərin on eyni ölümü səngərin qulaqbatırıcı sakitlik simfoniyasına dirijorluq edirdi.

“Gecə düşmən səngəri basıb on əsgərimizi qətlə yetirib. Düşməndi də.. Düşmənçilik etməlidi… Kimsə xəbər tutmayıb. Kəşfiyyat güclü işləyib. Öyrəniblər ki, əks tərəfə keçsələr, itlər hürməyəcək. Bir gün əvvəl xüsusi əmrlə itləri güllələmişdilər”. Gənc jurnalist yanındakı həmkarına hadisənin təfərrüatlarını belə danışmışdı.
Çiyinlərdə on əsgər gedirdi. On çərçivəyə on şəkil vurulmuşdu.

Yaşlı polkovnikin xəlvəti daxılının ağzı açıq idi. O, cavan müğənninin qızıl suyuna çəkilmiş şəklinə baxırdı. Qadının paltarı elə bil şəkildən də yellənirdi.

“Polkovniklər səhv qərarlar verməyə davam etdikcə çiyinlərdə ölümlər daşınacaq.” Bunu da gənc jurnalist dedi. Qara kostyumlu bir kişi qəzəblə jurnalistlərə baxaraq elə bil “boş-boş danışmayın” dedi.

Qeyd: Başlara bərk-bərk bağlanmış qara yaylıqları yelləməyə küləyin gücü çatmırdı.
Müharibə davam edirdi. Hələ gec deyildi…

2010 iyun

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Aqshin üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər