ABİDƏ-ŞƏHƏR (SUMQAYIT-70)

3817

… Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki “Şəhidlər xiyabanı” ərazisində dayanmıdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar… Bu dialoqu Nəbi Xəzri özünün “Sumqayıt səhifələri” poemasındabədii bir dillə qələmə alıb.

Sözügedən xəyali görüş səhnəsi gerçəyə çevrildi. Sahildə Sumqayıt adlı böyük bir şəhər salındı. Təsadüfdürmü, qanunauyğunluqdurmu, illərdir ki, məhz həmin yerdə unudulmaz xalq şairimiz Səməd Vurğunun və böyük dramaturqumuz Cəfər Cabbarlının adlarını daşıyan küçələr kəsişir…

Məşhur yazarlardan söz salmışkən onu da deyim ki, bir əsr yarım bundan öncə Aleksandr Düma (Ata) da Sumqayıta gəlib. İnanmayanlara dünya şöhrətli yazıçının “Qafqaz səfəri” əsərinin “Şah Abbas karvansarası” bölümündə belə  bir abzası xatırladıram: “Bütün günü yol gedib gecə Sumqayıt adlanan yerdə dayandıq. Poçt məntəqəsi burada yerləşirdi. Biz Xəzər dənizini bir neçə saat əvvəl görmüş və yol boyu onu müşayiət etmişdik. İndi isə dəniz o qədər yaxında idi ki, ləpələrin səsi eşidilirdi… Bir qum təpəciyinin üstünə çıxaraq ulduzların işığında dənizə baxmağa başladım. Birdən gözüm bizdən bir-iki kilometr aralıda işıq gələn beş-altı çadıra sataşdı. Bu, düşərgə idi…”

Deyilənəgörə, Corat kəndinin ərazisindəki köhnə “Dadaş bağı” İosif Stalinin Bakıdaki inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yerlərdən biri olub…

O millət xoşbəxtdir ki, zəngin milli-mənəvi dəyərləri, ilkinliyini, qədimliyini göstərən maddi və qeyri-maddi irs abidələri var və dövlət tərəfindən daim urvatda tutulur, rəsmi qaydada qorunur, qədirbilənliklə bərpa edilir. Azərbaycan dövlətinin bizlərə bu xoşbəxtliyi bəxş etməsi qürurverici faktdır.

Ümumiyyətlə, mədəni irsin qorunması problemi xüsusilə XX əsrdə dünyanı narahat etməyə başlayan bir məsələ olmuşdur. İkinci Dünya müharibəsindən sonra bu sahədə beynəlxalq sənədlər imzalanmış, sonrakı illərdə YUNESKO və ona üzv ölkələrin təşəbbüsü ilə konvensiyalar qəbul edilmişdir. Azərbaycan da bu sahədə mövcud olan beynəlxalq sənədlərə, o cümlədən memarlıq abidələrinin qorunması haqqında konvensiyalara qoşulmuşdur. Hazırda ölkəmizdə 6 mindən artıq maddi-mədəni irs abidəsi qeydiyyata alınmışdır.

Tarixi vətənimizi tanıtmaq və qədimliyini təbliğ etmək amalı ilə həyata keçirilən fəaliyyətlər də fərəh doğurur. Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi, ulu öndərimiz Heydər Əliyev 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Sonrakı illərdə həmin Qanunun tətbiqini təmin etmək və mükəmməl icrasına nail olmaq məqsədilə mühüm dövlət sənədi daha bir neçə dəfə “cila”landırılmış, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Qanunlara əsasən, bəzi dəyişikliklərlə daha da təkmilləşdirilmişdir.

Bəs, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun işığında Sumqayıt ərazisinin abidələri necə görünür?

…Eramızdan əvvəl 66-65-ci illərdə böyük Roma sərkərdəsi Pompey Qafqaz Albaniyasına yürüş edib. Sumqayıt çayının mənbəyi tərəflərdə düşərgə salan Roma qoşunları  Xəzər sahillərinədək irəliləyə bilməyibvə  güclü müqavimətə rast gələrək geri dönməyə məcbur olublar. Qobustanda üstü latın dilində yazılmış, XII Fulminata legionuna aid kitabənin tapılması Pompeyin buralaradək gəlib çıxmasına əsaslı sübutdur.

Superfosfat zavodunun arxasında Şah Abbas tərəfindən tikilmiş su ovdanlarından birinin hələ də qaldığı 5-10 il əvvələdək iddia edilirdi.

Ötən əsrin ortalarında şəhər kimi formalaşmış Sumqayıtın qədim tarixi ərazidə yerləşməsi bu şəhərin özünü bir abidə adlandırmağa əsas verir.Corat və Hacı Zeynalabdin qəsəbələrində arxeoloji, tarixi, şəhərin özündəsənədli, memarlıq və incəsənət abidələriyetərincədir. Bunlar Sumqayıtın köksündən əsrlərin yol aldığını göstərir..

Ilk baxışda qəribə görünən “Sumqayıt” adının mənşəyi bir ehtimala görə, qədim türk tayfası “suqa” vəya “sunqa”ların adı ilə bağlıdır, “-it” şəkilçisi isə cəm bildirir. Başqa bir ehtimala görə, “Sumqayıt” eyni adlı çayın adından götürülüb. Yarımsəhra şəraitində axan bu çayın mənsəbi yoxdur və o quraqlıqda tamamilə quruyur. Çay Xəzərə axmadan geri qatıtdığına görə ona qədim əhali “su qayıdan çay” deyib.

Sumqayıtda yerləşən qədim tunc dövrünün yadigarı – nekropol eramızdan əvvəl bu yerlərdə insanların məskunlaşdığını sübut edir. Bu nekropol ölkə əhəmiyyətli arxeoloji abidə sayılır. Orta əsrlərdə burada böyük ticarət yolu uzanırdı. O dövrün səyyahları Sumqayıt çayının hər iki tərəfində yerləşmiş karvansaraların təcvirini veriblər.

Tarixi mənbələr Sumqayıtın bir növ “İçərişəhər”i sayılan Coratın çox qədimməskənlərdən olduğunu göstərir. Səsi eramızın IV-VII əsrlərindən gələn Corat Xəzərin sahilində narın qızılqumları, böyük karvansaraları, barlı bağları ilə tanınan bir ünvan olub. Abşeron yarımadasını şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün XII əsrdə ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Corat qalasının da adı çəkilir. “Cürət qalasl” kimi tarixə düşən bu abidənin Simu və ya Simurq adlı bir qəhrəman tərəfindən qorunduğuna dair rəvayət də var. Başqa bir mənbədə Corat kəndinin monqolların coratlar tayfasının adı ilə eyni kökdən olduğu ehtimal edilir.

XII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin “Camiyyəti təvarix”  əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edim ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur.

Coratın köhnə bağ yerləri – “Çalour”, “Dəhnə”, “Hacıdərə”, “Astanbəy”, “Möməli yeri”,  “Həbib bağı” yaşlı sakinlər tərəfindən tez-tez xatırlanardı. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” yerləri indi də el arasında olduğu kimi adlandırılır. Tarixi adlar mədəni irsi öyrənmək üçün dəyərli tutalğadır.

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üstündə yerləşib. Camaat  bu yola Karvan yolu, El yolu da deyib. Coratda yeddi karvansara fəaliyyət göstərib.

Tarixin üz qırışlarını xatırladan kənddə çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları… Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Okean səviyyəsindən 28 metr aşağıda yerləşən Coratın evləri, abidələri ötənlərdə dəfələrlə dəniz sularının altında qalıb.

Coratda inşa edilmiş dörd məsciddən ikisi bu günümüzə gəlib çıxmış, digər ikisi 1937-ci ildə dağıdılmışdır. Sakinlər arasında qadın məscidi kimi tanınan ibadətgahlardan biri Hacı Kiçikbəyin adı ilə bağlıdır. Bu və Hacı Hümbət məscidi kimi tanınan ibadət evi 30-cu illərin “qurbanı”na çevrilmişdir. Cümə və Gülxatun məscidlərinin özünəməxsus memarlığı var. X əsrdə Hacı Əli adlı bir şəxs tərəfindən inşa olunan Cümə məscidi 2004-cü ildə əsaslı təmir olunduqdan sonra bu gün Coratın gözəl memarlıq nümunəsi kimi göz oxşayır.

Qəsəbədə yerləşən Hacı Məcid hamamı isə XVI əsrin memarlıq nümunəsidir. Kükürdlü suyu ilə məşhur olan hamamyeraltı abidə kimi qorunub saxlanılır. Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə tikilən ikinci hamamın tarixi isə XVII əsrdən hesablanır. Gümbəzşəkilli olan bu hamam da dövlət tərəfindən mühafizə edilir.

Köhnə məzarlıqdakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındabaşqa daş “qardaş”ları ilə bərabər əcnəbi turistlərə nümayiş etdirilir.

Coratda sonsuz qadınların, şikəst adamların pənah apardığı Lələ pirinin kəramətinə dair rəvayətlər hələ də dillərdə dolaşır. 1918-ci ildə burada həyatını itirmiş türk əsgərinin də məzarı var. Şıx ocağına, Seyyid Mirəziz Baba, Balıqçı Şıx Ağa, Şıx Kamil, Şıx Ağami ocaqlarına ehtiram böyük olub.

Corat iki dəfə – ötən əsrin 60-cı və 80-ci illərində sökülmək və ləğv olunmaq təhlükəsi lə üzləşib. Qədim qəsəbəni şəhərə qatmaq istəyən “novator” məmurlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Hər dəfəsində vətənpərvər ziyalılar etiraz səslərini ucaldaraq buna yol verməyiblər.

Hacı Zeynalabdin qəsəbəsi 1911-ci ildə salınıb. Bakı-Quba yolunun 40-cı kilometrində Sumqayıt çayı ilə Yaşma stansiyası arasındakı “Təkəqumu” adlanan bu yerdə Bakı qəzası Pirəküşkül kəndinin ağsaqqalı Hacıəli Hacı Molla Məhəmməd oğlu tərəfindən salınan Kiçik Pirəküşkül obası yerləşirdi.

Qəsəbənin yaradılması isə “Şollar-Bakı” su kəmərinin çəkilməsi ilə bağlıdır. Uzunluğu 190 kilometr olan su kəmərinin qəsəbəyə qədərki 141 kilometr hissəsi qapalı beton kəmərlə çəkilib. Və su bu məsafəni heç bir qurğunun köməyi olmadan öz təbii axarı ilə qət edir. O dövrdə analoqu olmayan bu su kəmərini Azərbaycan xalqının böyük xeyriyyəçi və mesenat oğlu Hacı Zeynalabdin Tağıyev 1903-cü ildən çəkdirməyə başlayıb. Onun sifarişi və şəxsi vəsaiti hesabına Almaniyanın Frankfurt-Mayn şəhərindən çağrılmış mühəndis Vilyam Lendleyn kəməri inşa eləyib. Bundan ötrü qəsəbəyə Moskva-Bakı dəmir yolundan ayrıca xətt çəkilib. İlk növbədə Şərq memarlığı üslubunda nasos stansiyası inşa olunub və 1917-ci il mart ayının 18-də işə salınıb. Üzərində “1916-cı il” tarixi göstərilən su qurğusu tarixi abidə kimi mühafizə olunmaqdadır.  Həmin illərdə qəsəbədə alman və ingilis memarlıq üslubu ilə seçilən geniş, hər şəraitə malik yaşayış evləri və inzibati binalar tikilib. Ətraf yaşıllaşdırılıb.

O zaman suötürücü nasos qurğularına görə qəsəbəyə “Nasosnaya” adı verilib. Bu ad yalnız 1989-cu ildə dəyişdirilib və qəsəbəyə buraları su aydınlığına qovuşduran xalqımızın təəssübkeş oğlunun adı verilib.Daha yeddi il sonra isə qəsəbədə böyük xeyriyyəçinin büsti qoyulub.

Artıq bir əsrdən çoxdur ki, buradan Bakıya və Sumqayıta göz yaşı kimi duru, təmiz Şollar suyu verilir. Bu sudan istifadə edənlər  xeyirxah və savab işi görmüş Hacı Zeynalabdinin ruhuna dualar edirlər. Qəsəbə ötən müddətdə böyüyüb, gözəlləşib, müasir yaşayış məntəqəsinə çevrilib. 1924-cü ildə qəsəbədə üçmərtəbəli böyük xəstəxana, 1936-cı ildə isə yeni məktəb binası istifadəyə verilib. Buraya ətraf kəndlərdən böyük işçi qüvvəsi cəlb olunub və qəsəbə sürətlə inkişaf etməyə başlayıb. Səksən-doxsan il öncə qəsəbənin ətrafında böyük hərbi obyektlər salınıb və aviasiya təmiri zavodu tikilib…

Sumqayıtçağdaş mədəniyyət abidələri ilə də zəngindir. Şəhərin giriş hissəsindəki dairədə quruculuq rəmzi olan üst-üstə daşlar üzərində qanad açmış qağayı təsviri (1964) Sumqayıtın müasirliyini göstərir. Bu simvol şəhərin yaradılmasının 15 illiyinə həsr edilib.Coratın dənizkənarı girişində yaradılmış “Qala” abidəsi də maraq doğurur.

Dənizkənarı parka 1978-ci ildə böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin adı verilib. Həmin il parkda ucaldılan“Göyərçin” abidəsi bir növ Sumqayıtın simvoluna çevrilib.  Əsaslı təmir olunan abidə və ətrafı bu yay daha da gözəlləşmişdir. 2003-cü ildə parkın qarşısında  Nəsiminin abidəsi ucaldılıb.

Sumqayıtda neçə-neçə görkəmli şəxsiyyətin xatirəsi əbədiləşdirilib. Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi şəhər ictimaiyyətinin ən əsas ziyarət ünvanıdır. Ətrafının gözəlliyi göz oxşayır.Mütəfəkkir şair Nizaminin (2007), N.Nərimanovun abidələri (1964),C.Cabbarlının (1968), M.Müşfiqin (1993), C.Məmmədquluzadənin (2003) büstləri, S.Vurğunla C.Cabbarlının “Poeziya guşəsi”ndəüz-üzə qorelyefləri (1970) şəhərin memarlıq panoramına rəng qatır.Tibb Kollecinin həyətinə girənlər görkəmli ictimai xadim Əziz Əliyevin büstü (1977) ilə qarşılaşırlar.

Sumqayıtın memarlıq abidələri arasında N.Nərimanov adına Mədəniyyət Mərkəzi (1954), hazırda dövlət dram teatrının fəaliyyət göstərdiyi S.Vurğun adına Mədəniyyət Sarayı (1956), keçmiş boru-prokat zavodunun C.Cabbarlı adına mədəniyyət evi (1952) diqqət çəkir. Yenidən qurulmuş Dövlət Dram Teatrının binası olduqca gözəl sənət məbədinə çevrilib. Yenicə əsaslı təmirdən çıxmış “Kimyaçılar” Sarayı (1986) əsl mədəniyyət abidələridir. Bu binaların hər biri özəl memarlıq cəhətləri ilə seçilir. Nə yaxşı ki, təmir işləri zamanı binaların arxitektur ilkinliyi qorunub saxlanır.

Gözəlliklər məskəni Sumqayıtın həm də qəhrəmanlığa, şücaətəsayğı ünvanı olduğunu buradakı abidələr də göstərir. İkinci Dünya müharibəsində həlak olanların xatirə-monumenti (1985) igid oğulların ruhuna ehtiramının carçısıdır. “20 Yanvar” şəhidlərinin şərəfinə ucaldılmış monument, “Xocalı” abidəsi, Qarabağ işğalının acı nəticələrini yaşadanabidələr, heykəllər, xatirə lövhələriAzərbaycanın qəhrəmanlıq səhifələrini göz önündə canlandırır. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Zülfü Hacıyevin (1993), Mətləb Quliyevin (1993) büstləri də ölməz ruhlara sayğı nişanəsidir.

Hacı Zeynalabdin qəsəbəsindəki “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş abidə (2000)Azərbaycanın ədəbiyyat tarixinin qədimliyini əks etdirir. Ölməz Üzeyir bəyHacıbəylinin adını daşıyan küçədə yaşıllıqlar arasında onun abidə-kompleksi (2010) böyük bəstəkarın 125 illiyinə sumqayıtlıların töhfəsi olub.

Son illərdə abidə-şəhər daha da zənginləşib. Hazırda Sumqayıtdakı Dövlət Bayrağı Meydanı şəhərin gözəlliyini daha da artırır. Heydər Əliyev Parkı, buradakı möhtəşəm Heydər Əliyev Mərkəzi, Poeziya Evi, Park-Bulvar Kompleksi, Bayraq Muzeyi, Lüdviqşafenparkı, YAP-ın yeni binası, Uşaq İncəsənət və Şahmat məktəbləri, bağlar, arxitektur binalar dagözəl mədəniyyət abidələri sayılır. Əlvan mozaik pannolar, monumental və xatirə lövhələri, fəvvarələr abidə-şəhərin çeşidli atributlarıdır.

Göründüyü kimi, şəhər kimi yaşı 70 olsa da, sorağı əsrləri aşan Sumqayıta tarixi ekskurs və günün real mənzərələri adama yetərli qədər zövq verir, iftixar dolu duyğular bəxş edir. Sumqayıt onu yaradıb-quranların, gözəlləşdirənlərin əzəmətli bir abidəsidir.

Əli NƏCƏFXANLI

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər