Menu
Geri İrəli

Əkrəm Əylislinin qalmaqallı əsərinin qısa məzmunu

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2013 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur
Share Button

Əkrəm Əylislinin son günlər ciddi müzakirə doğuran əsəri “Daş yuxular”ın qısa məzmununu təqdim edirik.  Xatırladaq ki, 2006-2007-ci illərdə qələmə alınmış roman müəllif tərəfindən rus dilinə çevrilərək ötən ilin dekabr ayında yazıçının 75 illik yubileyi ərəfəsində Rusiyanın “Drujba narodov” jurnalında çap olunub. /kulis.az/

 

Hadisələr 1989-cu il dekabr ayında Bakıda baş verir. Balacaboy, yumruqarın bir kişi Bakı xəstəxanalarından birinin travmatologiya şöbəsinə vəhşicəsinə döyülüb ölümcül hala salınmış bir xəstə gətirir. Xəstəni dərhal əməliyyat otağına yerləşdirirlər. Xəstəni gətirən kişi – bir az sonra məlum olur ki, o aktyor Nuvariş Qarabağlıdı – qışqırıb deyir ki, onu yerazlar ( Ermənistandakı tarixi Azərbaycan torpaqlarından qaçqın düşmüş insanlar nəzərdə tutulur-red) bu kökə salıblar. O xəstəni “yeraz”ların bu kökə saldığını bir neçə dəfə təkrarlayaraq onları söyüb təhqir edir.

 

Əməliyyat masasına uzadılmış xəstə isə məşhur, çox ünlü Azərbaycan aktyoru Saday Sadıqlıdır. Moskvadan təzə gəlmiş doktor Fərzani onu tanımasa da, tibb bacıları çox yaxşı tanıyırlar.

 

Parapetdə dolaşan bir dəstə cavan (“yerazlar”) evdən mağazaya düşmüş yaşlı bir ermənini görür və onu fəvvarənin hovuzuna basaraq boğurlar. Bu an ordan keçən Saday Sadıqlı buna dözə bilmir və erməniyə kömək etmək istəyir. Lakin qızmış dəstə məşhur aktyoru da erməni hesab edib (yazıçı gənclərin məşhur aktyoru tanımamaqları onların mədəniyyətdən uzaq olmalarına işarə kimi yazır-red.) ölümcül döyürlər. Yaxşı ki, Sadayın sənət yoldaşı Nuvariş bunu görür və ölümcül döyülmüş aktyoru başıpozuq dəstənin əlindən alıb təcili xəstəxanaya çatdırır.

 

Xəstə əməliyyat olunan zaman oxucu əslən Kürdəmirdən olan Nuvariuş Qarabağlı vasitəsilə hadisələrin daha dərininə enir.

 

Müəllif oxucunu əvvəlcə Nuvariş ilə tanış edir. Ortabab aktyor olan Nuvariş olduqca bədbəxt adamdı. Belə ki, o üç dəfə evlənsə də, birinci arvadı elə ilk aylarda onu atıb qaçmış, ikinci arvadı xərçəngdən vəfat etmiş, üçüncü arvadı isə döşündən süd verdiyi körpəsi sinəsində boğulub öləndən sonra havalanıb ölür.

 

Nuvariş vaxtilə Birincinin onların teatrların gəldiyi vaxt ondan hədiyyə aldığı evinə də gedə bilmir. Çünki o vaxt onunla birlikdə Birincidən ev hədiyyə almış qarderobçu qadın Qreta Sarkisovnanın evində hazırda şuşalı qaçqın Şahqacar (adın belə seçilməsi obrazın da Şah Qacar kimi qəddar olmasına işarədir-red.) Ərməğanov məskunlaşıb. Milliyyətcə erməni olan Qreta xanım bir səhər yaşadığı onuncu mərtəbədən özünü ataraq intihar edib. Vida məktubunda isə ermənilərin törətdikləri vəhşiliklərə dözə bilmədiyi üçün, utandığından intihar etdiyini bildirib. Nuvariş isə bilir ki, onu Şahqacar öldütdürüb. Mərhumənin evini isə fahişəxanaya çevirib, hər gecə evdə kef məclisləri təşkil edilir. İndi də gözünü Nuvarişin evinə dikib.

 

Buna görə də Nuvariş özünümüdafiə üçün tapança əldə etməyə çalışır. Yazıçı dostlarından biri isə ona tövsiyə edir ki, tapançanı vaxtilə dəfələrlə çayxanalarda saatlarla oturub söhbət etdikləri, indi Xalq Cəbhəsinin rəhbəri Böyük Bəydən istəsin. Cəbhəçilərin hər birində azı bir silah var. Xəstəxanada əməliyyatın bitməsini gözləyərkən o xəyali olaraq Bəylə (Əbülfəz Elçibəy nəzərdə tutulur-red) görüşür, bəy də bir zənglə tapşırıq verir ki, böyük aktyora tapança versinlər.

 

Əməliyyat bitdikdən sonra Doktor Fərzani Nuvarişi kabinetinə dəvət edir. Masaya qəzet sərilir. Süfrəyə bir qrafin Qazaxdan gətirilmə tut arağı, kolbasa, lavaş, şor, keşniş qoyulur.

 

Nuvarişin söhbətlərindən məlum olur ki, Saday Sadaylının qayınatası məşhur psixiatr doktor Abbasəliyevi doktor Fərzani də tanıyır. Onlar dəfələrlə beynəlxalq simpoziumlarda, konfranslarda görüşüblər.

 

Doktor Fərzani öyrənir ki, qayınata və yeznə çox mehriban dost olmaqla yanaşı ikisi də Əylislidirlər və ikisi də Əylis heyranıdırlar. Nuvariş Sadayın xarakterindən danışaraq deyir ki, ona xalq artisti adını həmişə sözü üzədeyən, həqiqəti çəkinmədən deyən olduğuna görə, heç nədən qoxub çəkinmədiyinə görə verməyiblər.

 

Saday hətta bir dəfə Nardaranda sünnət məclisində sağlıq növbəsi ona çatanda durub deyib ki, necə olur peyğəmbər Allahın yaratdığı orqanı dəyişmək fikrinə düşür. Məsləhət olsa idi, Allah cinsi orqanı kəsik yaradardı. Bu söhbətdən sonra nardaranlılar bərk qəzəblənərək, ona lənət yağdırır, Nardaran cavanları isə məclisdən sonra aktyoru bərk əzişdirirlər.

 

Bu yerdə doktor Fərzani öz keçmişini xatırlayır. O, əvvəllər dindar olsa da, Bakıya gəlib bütün günü şüar bağıran qaragüruhu görəndən sonra peşman olub. Doktor Fərzani rus arvadına heç cür başa sala bilmirmiş ki, oğlanlarını sünnət etdirmək onun dini borcudur. Bir səhər isə arvadı işə gedəndən sonra doktor özü uşağını sünnət etmək qərarına gəlir. Heç nə anlamayan uşaq isə elə bilir ki, atası onu hansısa günahına görə cəzalandırır. Tərslikdən sünnətdən sonra uşağın qızdırması qalxır.

 

Axşam işdən qayıdan arvadı isə bunu görüb dəhşətə gəlir. Vanna otağına girib qapını kilidləyir və səhərə qədər ağlayır. Səhəri gün dərhal boşanmaq üçün ərizə yazır. Beləcə tək qalan doktor Bakıya köçür. Bu illərdə onu yalnız qızı yada salıb; arada zəng edir, bir-iki dəfə Bakıya gəlib. Oğlu isə onu axtarmır.

 

İkinci fəsildə koma vəziyyətində olan Sadayın doğulduğu Əylis kəndi ilə bağlı xatirələr, qədim adı Aqulis olmuş erməni kəndi ilə bağlı tarixi hadisələr yer alır. Əylisdəki 12 erməni kilsəsi barədə danışılır. Kilsələr xüsusi məhəbbətlə təsvir olunur. Sadayın uşaq vaxtı yaşadığı hadisələr xatırlanır.

 

Saday yayda dincəlməyə gəlmiş o zaman hələ qayınatası olmayan doktor Abbasəliyevlə tarixi kilsəni ziyarət edir. Doktor Abbasəliyev kəndi gəzdirərək, ona həm 1919-cu ildə ermənilərin əylislilər tərəfindən necə qırılmasını danışır, həm də ermənilərə qarşı xüsusi qəddarlıq etmiş adamların övladlarının xəstə doğulduqlarını qapı-qapı gəzərək əyani sübut kimi göstərir.

 

Sadayın uşaqlıq dostu Camal və Babaşla bağlı hadisələr, Cingöz Şabanın Sadayın gözü qabağında tülkünü öldürməsi və bu hadisənin ölənə kimi Sadayın yaddaşından silinməməsi də göstərilir.

 

Üçüncü fəsildə Sadayın döyüldüyü andan əvvəlki hadisələr təsvir olunur. O uşaqlıq dostu Camalın Bakıya gəldiyini eşidərək teatra gəlir. Camalın oğlu arvadı ilə dalaşıb və gəlin deyib ki, oğlu onu öldürmək istəyirmiş. Camal Sadaya qəssab Məmmədağanın oğlu Cingöz Şabanın qızını oğluna aldığına görə peşman olduğunu deyir. Onsuz onlardan ancaq bu cür addım gözləmək olardı. Axı onun babası xüsusi qəddarlıqla erməni qızını qətlə yetirmişdi.

 

Saday Camaldan Əylisdəki erməniləri soruşur. Camal Anikanın ölüm ayağında kənd qadınlarına heç vaxt dinindən dönüb müsəlman olmadığını deməsini danışır və erməniləri pisləyir. Saday isə uşaq vaxtı Camalın yetim qalandan sonra aylarla çimmədiyinə görə pis iyləndiyi zaman kənd qadınlarının bu yetimi çimizdirməli olduqları halda erməni qadın Anuşkanın kilsənin həyətində su qaynadaraq onu çimizdirməsini xatırlayır.

 

Teatrın direktoru Mopassan Mirələmovun kabinetində Saday öyrənir ki, uşaqlıq dostu Babaş artıq yeni hökumətdə təmsil olunub. Hətta “Kommunist” qəzetində ermənilərlə bağlı “Odər” mədəniyyətinə söykənən yazı yazıb. Saday bu yazını oxuyub pis olur, “tarixi erməni torpaqları olan Əylis” haqqında Babaşın yazdıqlarına gülür.

 

Saday yeni tamaşaya qoyacaq pyes siyasi xarakter daşıdığından baş rolu oynamaqdan imtina edir.

 

Sonuncu fəsildə hadisələr xəstənin yerləşdiyi palatada baş verir. Televizorda şair Xəlilullah Xəlilovu göstərirlər. Vaxtilə Lenin haqda şeirləri ilə dərsliklərə düşmüş bu adam bir il içində unudulsa da, indi yeni adla peyda olub – Uluruh Turanməkan.

 

Sadayın yoldaşı Azadə xanım ilin son gününü ərinin yanında keçirir. O əsərdə daha çox ərinə Sumqayıt hadisələrinin KQB-nin əlilə törədilməsini, ermənilərin də günahkar olduqlarını deməklə yadda qalır. Növbəti günlərdə doktor Abbasəliyev palataya gəlir və yataqda uzanmış komada olan xəstəyə portfelindən çıxardığı vərəqlərdə yazılanları oxuyur. Vərəqdə 17-ci əsrdə Əylisdə doğulub yaşamış Zəkəriyyə Aquliski (Əylisli) adlı erməni ticarətçinin kitabından qeydlər var. O koma vəziyyətində olan yeznəsini 300 il əvvələ qaytarır, 300 il əvvəlin Əylisinin yazını, qışını, kilsələrini, Şah Abbas əsgərlərinin ora gəlib yerli əhaliyə divan tutmasını danışır. Sonra isə əlavə edir: “Hər ölən erməninin ruhuna bir şam yandırılsaydı, onların şəfəqi Aydan daha parlaq olardı.”

 

Xəstənin vəziyyəti ağırdır. Doktor Fərzani xəstənin insult tutmasından qorxur. Doktor Abbasəliyevlə məsləhətləşib onu Moskvaya yola salmaq istəyir. Xəstə isə bu vaxt qayınatasının danışdıqlarının təsirindən uşaqlığının Əylisində dolaşır, uşaq vaxtı gördüyü tülkünün dalıyca qaçır, dağla dırmaşaraq Eçmiədzinə gedib orada xristianlığı qəbul eləmək istəyir. Elə bu an onun dilində “Çeş-me-se-din” (Eçmiədzin ) kəlməsi səslənir.

 

Saday tülkünü tutmaq istəyəndə o yenə qaçıb kilsənin hasarına dırmaşır. Elə bu an Cingöz Şabanın illər əvvəl açdığı atəş yenidən Əylis dağlarında əks-səda verir. Tülkünün qırmızı qanı qırmızı daşların üzəri ilə aşağı süzülür.

 

Əsər 13 yanvar 1990-cı ildə Uluruh Turanməkanın bir dəstə qızla şüar səsləndirərək Parapet bağındakı (Fəvvarələr meydanı) ilə erməni kilsəsinə doğru gedərək onu odlamağa çalışmaları ilə yekunlaşır. Azadə xanım isə yaşlı tibb bacısı Münəvvər xanımla birgə Saday Sadaylının cəsədini məscidə yumağa aparır.

Mirmehdi AĞAOĞLU

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın