Menu
Geri İrəli

“Acıdərə kanal” –nın yaratdığı çətinliklər hələ də həllini tapmayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2012 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

Ötən il Sumqayıt şəhərində İnşaatçılar qəsəbəsi Metallurq küçəsindəki “Acı dərə” adlanan kanal ətrafında yaranmış problemlə bağlı “sumqayitxeber.com” saytında məlumat dərc olunmuşdu. Üstündən xeyli müddət keçməsinə baxmayaraq bu problem hələ də həllini tapmayıb. “presspost.az” saytı mövzuyla bağlı araşdırma aparıb. Araşdırmanı olduğu kimi diqqətinizə çatdırırıq:

Sumqayıt şəhərində yaşayan bir qrup sakin müraciət edərək, yaşadıqları ərazidən keçən “Acıdərə” kanalının həyat tərzlərinə vurduğu ziyandan şikayətçi olduqlarını bildiriblər. Əməkdaşımız sözü gedən problemi araşdırmaq məqsədi ilə adı çəkilən ünvanda olub; Əvvəl İnşaatçılar qəsəbəsi Metallurq küçəsinin sakinləri ilə görüşüb mövcud çətinliklə bağlı fikirlərini öyrəndik. Şikayətçilərlə söhbətimiz zamanı, “Acıdərə kanal” –nın yaratdığı çətinliklərdən söz açdılar. Onların sözlərinə görə adı çəkilən kanala, çirkab suları axıdıldığından ətrafa çox pis qoxu yayır. Yağış yağdıqda isə vəziyyət daha da ağırlaşaraq kanal suyu, həyətlərə və evlərin zirzəmilərinə dolmaqla, əlavə çətinliklər yaradır. Qəsəbə sakini Gülöyşə Həsənovanın sözlərinə görə, üfunət dolu kanalın üzərinin örtülməsi ilə bağlı, qəsəbə sakinləri tərəfindən şəhər rəsmilərinə müraciət olunsada, bu günə kimi heç bir cavab ala bilməyiblər. “Məni narahat edən çayın üzərinin örtülməməsidir. Nəvələrimi həyətə buraxa bilmirəm, qorxuram ki, çaya düşərlər. Belə hal bir neçə dəfə baş verib, qonşunun körpəsi suya düşmüşdü yoldan keçən birisi təsadüf nəticəsində uşağı xilas etmişdi. Bu təhlükənin aradan qaldırılmasını istəyirəm, burda bütün fəsillərdə problem olur. Qışda palçıq, çirkab su əlindən, yayda ağcaqanad əlindən tərpənmək olmur ”.

Müsahibimin fikirlərinə əlavə olaraq qeyd edim ki, Qəsəbə yolları bərbad olduğundan tələsdiyimiz ünvana çətinliklə yetişməli olduq. Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən kanalın giriş hissəsində tikinti işləri aparılması sakinlərin qəzəbinə səbəb olub. “Onlar kanalın görünən hissəsini daş hasara alırlar ki, yoldan keçənlər bu biyabırçı vəziyyətdən xəbər tutmasınlar. Gəlib kanalın üzərini örtməkdən, onun magistral yoldan görünən hissəsini hasara alırlar. Ötən il gəlib baxış keçirdilər. Amma nəticə dəyişmədi. Şəhərin mərkəzini abadlaşdırmaqla çox böyük işlər gördüklərini zənn edirlər. Gəlib bu camatın dərd-səri ilə maraqlansalar daha yaxşı olar”. Bu fikirləri qəsəbə sakinləri səsləndirdilər.

Digər müsahibim Təhminə Əliyevadır. O, tələbə olduğundan daha çox yolların bərpa edilməsini istəyir. “Mən özüm tələbəyəm, kanalın bu ərazidən keçməsi və çirkab suların axıdılması arzuolunmaz haldır. Yolların isə palçıq olması dərsə gedən zaman narahatlıq yaradır. Kanalın üzərinin örtülməsini və yolların düzəldilməsini istəyirik ”.

Yaranmış problemlə bağlı daha bir ürək bulandırıcı məsələ, sakinlərin istifadə etdikləri, içməli su xətlərinin çay ətrafından keçməsidir. İstifadə olunan borular plastik olduğundan, sakinlərin narahatlığı bir qədərdə artıb. Səbəb isə boruların bəzi hissələrinin sıradan çıxaraq, çayın axın hissəsinə düşməsidir.

İçməli su xətləri ilə bağlı qəsəbə sakini Gülnarə Rəhimova daha çox narahat olduğunu dilə gətirərək, heç olmasa boruların təzələnməsini tez bir zamanda həyata keçirilməsini istədi. ”İçdiyimiz su bilmirik təmiz sudu, yoxsa kanalizasiya suyudu, çox narahatam. Bu su borularını gördükdən sonra, çox narahat oluram. Şübhə etmirəm ki, içməli suya çirkab suyu qarışır, bunu gözümlə görmüşəm. Su xətti elə olur qırılıb çaya düşür, xahiş edirem qarşılaşdığımız bu problem aradan qaldırılsın”.

Sakinlərin narazılığını nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinə yollandıq. Qurumun inzibati binasının qarşı tərəfində təmir-bərpa işləri getdiyindən, binaya alternativ giriş qapısından daxil olduq. Lakin binada mühafizə xidmətində çalışan və özünü Mais Aydəmirov kimi təqdim edən şəxs bildirdi ki, ümumi şöbənin müdiri Seyfəddin Rəhimov yerində yoxdur. O səbəbdən də digər rəsmi şəxslərlə də görüşə bilmərik…

Xatırladaq ki, ölkə başçısının 16.01.2012 ci il tarixdə Nazirlər Kabnetində çıxışı zamanı byük infrastruktur layihələrinin icrasından söz açaraq, bu ildə içməli su və kanalizasiya layihələrinə böyük diqqət ayrılacağını dilə gətirərək bu fikirləri səsləndirdi: “Böyük infrastruktur layihələrinin icrası 2012-ci ildə davam etdiriləcəkdir. Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. Çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir.

Mən keçən il qarşıya vəzifə qoymuşdum ki, 2013-cü ilə qədər əsas layihələr öz həllini tapmalıdır, icra edilməlidir. Əgər biz buna nail olsaq 2013-cü ilin sonuna qədər bütün rayon mərkəzləri, bütün şəhərlər dayanıqlı, keyfiyyətli, təmiz içməli su ilə təmin ediləcək və heç vaxt tarixdə mövcud olmayan kanalizasiya sistemləri də dünya səviyyəsində qurulacaqdır. Bu sahədə 2011-ci ildə görülən işlər məni sevindirir. Vəsait vardır, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaqdır. Beləliklə, 2012-ci ildə işlərin müəyyən hissəsi icra ediləcəkdir”.

Ümid edirik ki, ölkə başçısının fikirləri Sumqayıt şəhər İnşaatçılar qəsəbəsi sakinlərinin köməyinə gələcəkdir.

Presspost.az

Coşqun DƏNİZ, araşdırmaçı jurnalist

Facebook Şərhləndirmə:

Şərhinizi yazın