Menu
Geri İrəli

Ailə və İş

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2013 • Baxış sayı: 523 dəfə • Şərh yoxdur

Təəssüf ki, işləməyən və ya ali təhsili olmayan qadına xor baxıldığı bir dövrdə yaşayırıq.

Sanki övlad tərbiyə etmək ucuz bir iş, gerilikdir, iş həyatının olması isə müasirlikdir. Və yaxud da ali təhsil, diplom varsa, mütləq işləmək lazımdır. Əslində isə məhz alitəhsilli, savadlı qadın uşaq tərbiyə etməyin, onu mənəvi cəhətdən kamil yetişdirməyin nə qədər dəyərli və əhəmiyyətli olduğunu dərk edərək, övladına ana olmağı iş qadını olmaqdan üstün tutur.

İnsan maddi təminatı olmadan yaşaya bilməz, onun qidalanmaq, geyinib-keçinmək və s. kimi ehtiyacları vardır. Ənənəvi ailə anlayışında qadın evin daxili, kişi isə xarici idarəçisi olduğundan ailənin maddi cəhətdən təminatı kişinin üzərinə düşür. Hələ uşaq yaşlarından bizə mənimsədilmişdir ki, kişi, yəni ata işdə, ana isə evdə olmalıdır. Hətta atası işləməyən yenicə dil açmış uşaq belə “atan haradadır?” sualına “işdə” cavabı verir. Məhz elə ən ideal ailə modeli də qadının evinin xanımı, kişinin isə işdə olması halıdır. Sanılmasın ki, evdar xanım olmaq asandır, çünki kişi 7-8 saat işləyirsə, qadın 24 saat öz şərəfli vəzifəsi başındadır. Bununla belə, işləyən qadınlar da kifayət qədərdir. Bunlar ya övladını tək böyüdən və onu maddi cəhətdən də təmin etməyə məcbur olan analardır, ya da, sadəcə, faydalı olmaq məqsədilə işləyən qadınlardır. Təəssüf ki, işləməyən və ya ali təhsili olmayan qadına xor baxıldığı bir dövrdə yaşayırıq. Sanki övlad tərbiyə etmək ucuz bir iş, gerilikdir, iş həyatının olması isə müasirlikdir. Və yaxud da ali təhsil, diplom varsa, mütləq işləmək lazımdır. Əslində isə məhz alitəhsilli, savadlı qadın uşaq tərbiyə etməyin, onu mənəvi cəhətdən kamil yetişdirməyin nə qədər dəyərli və əhəmiyyətli olduğunu dərk edərək, övladına ana olmağı iş qadını olmaqdan üstün tutur.

Ailə və ailədaxili münasibətlər sevgi, hörmət, güvən, sədaqət və s. hisslər əsasında qurulur. Yəni bu o deməkdir ki, kişini qadına, qadını kişiyə bağlayan maddi dəyərlər deyildir. Kişi işləməklə, evini dolandırmaqla öz vəzifəsini bitmiş hesab etməməlidir. Axı hansı qadın “qızıl qəfəs”də yaşamaq istər ki?  Qadın, sadəcə, sevilmək, dəyərli olduğunu hiss etmək istəyir.

Olmuş bir hadisəni misal gətirsək yerinə düşər. Həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edən qadından tutarlı bir səbəb soruşulur. Söhbət əsnasında məlum olur ki, bu ailənin evi, maşını, ailə başçısının yüksək gəliri, uşaqlarının yaxşı geyim-kecimi, yemək-içməyi, bir sözlə, yaxşı yaşamaq üçün  hər cür şəraiti vardır. Qadına havalanmış kimi nəzərlərlə baxır, niyə boşanmaq istədiyini başa düşmək istəyirlər. Bunun səbəbi aydın deyilmi? Qadının həyat yoldaşının maşını olsa da, bir dəfə də olsun öz ailəsini onunla gəzdirməmiş, uşaqları ilə vaxt keçirməmiş, yoldaşına bir gün xoş söz deməmişdir. Mənəvi cəhətdən təmin olunmamış olduğundan qadın özünü cılız, dəyərsiz hiss etmiş, bu zənginlik onu sıxmış, xoşbəxtliyin nə olduğunu belə unutmuşdur.

İş həyatının olması təkcə ofisdə və ya fabrikdə çalışmaq demək olmadığı kimi, evdar qadınlıq da yaradıcı olmaqdan, faydalı olmaqdan məhrum qalmaq deyildir. Müasir texnika dövründə hər qadın internet vasitəsilə bir çox sahədə çalışa bildiyi kimi, hörgü işləri ilə, xalı toxumaqla və ya hər hansı xobbisi ilə məşğul olmaqla bunu peşəkar işə, gəlir mənbəyinə çevirə bilər. Bu kimi sevimli məşğuliyyətlə zaman keçirən qadınlarla hər gün erkən saatlarda işə gedən, çörəkpulu üçün, bəlkə də, heç sevmədiyi işi görməyə məcbur olan həyat yoldaşınızı müqayisə edin. Bu vaxt onların işdən evə qayıdarkən üzlərindəki yorğunluğu anlayarsınız. Onların sizin qayğınıza, anlayışınıza ehtiyacı vardır. Əlbəttə, bu anlayış qarşılıqlı olmalıdır. Qadın evə qayıdan həyat yoldaşını gülərüzlə qarşılamalı, hal-əhvalını soruşmalı, onun, bəlkə də, çox çətin bir gün keçirdiyini unutmamalıdır. Kişi isə, öz növbəsində, bilməlidir ki, evin xanımı da bütün gün istirahət etmir, ev işləri ilə, uşaqlarla məşğul olur. Bəzən kişilər deyir: “bütün günü evdəsən, neyləyirsən ki?”. Əlbəttə, qadın bircə gün ev işlərini axsatsa, bütün günü evdə neylədiyi bəlli olar.

Dövrümüzdə maddiyyat kişini övladından, ailəsindən uzaq sala bilir. Bir quru çörək pulu üçün qürbətdə çalışan, doğmalarının üzünü illərlə görməyən minlərlə ailə başçısı vardır. Kimisi birgünlük yeməyi üçün, kimisi isə daha çox pulu olsun deyə çalışır. Maddiyyat hərisliyinə düşərək yaşamağı, aza qane olmağı unudan insanları gördükdə  Mir Cəlalın bir hekayəsi yada düşür. Hekayədə təzəcə ailə qurmuş gənc qadın və kişi daha çox qazanmaq üçün gecə-gündüz işləyirlər. Hərəsi bir neçə işdə çalışdıqları üçün evlərində bir-birilərinin üzlərini həftələrlə görmürlər. İş o yerə gəlib çatır ki, hal-əhval tutmaq üçün ər-arvad məktublaşırlar. Ən acınacaqlısı isə odur ki, bütün qazandıqları bir oğruya qismət olur. Necə deyərlər, çox istəyən azdan da olar. İnsan gərək unutmasın ki, onun ruzisi alın yazısı kimi, əvvəlcədən müəyyən olunmuşdur, bundan artığını əldə edə bilməz. Həyatda daha çox gəlir qazanmağa çalışmaqdansa, xoşbəxt olmağa, hüzurlu, mənəviyyatlı olmağa çalışmaq lazımdır. İşə vaxt ayırdığınız kimi, ailənizə, uşaqlarınıza da dəyərli zaman ayırın. İstirahət günləri çox yatmaqdansa, saatlarla kompyuterin, televizorun qarşısında oturmaqdansa “ailəmlə birgə nə edə bilərəm”in  cavabını axtarın. Bu adi bir söhbət, masa arxasında birgə yemək, uşaqlarınızla kiçik bir oyun, hətta nəvazişli bir toxunuş, sığal belə ola bilər. Yetər ki, doğmalarınıza vaxt ayırın və bunu sevgi ilə edin./xezerxeber/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın