Menu
Geri İrəli

Alimlər Sumqayıtda nələri müzakirə etdi?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2012 • Baxış sayı: 343 dəfə • 1 şərh

Dünən Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının 50 illik yubileyi çərçivəsində növbəti elmi konfrans işinə başladı.

Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları II Respublika Elmi Konfransını universitetin rektoru professor Nadir Qəhrəmanov açaraq qeyd etdi ki, ali məktəbin 50 illik yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyev universitetin əməkdaşlarının yubiley sevincinə sevinc qatdı. Universitetin 19 əməkdaşının fəxri adlar və medallara layiq görülməsi dövlət başçımız tərəfindən ölkənin elm və təhsil işçilərinin, eləcə də Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Rektor bildirdi ki, cari il ərzində universitetdə 2 beynəlxalq, 5 respublika konfransı keçirilib. «İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkəmizdə prioritet sahələrdəndir. Bu gün həyatımızı bu texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Bugünkü konfrans çərçivəsində 150-ə qədər məruzə dinləniləcək. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə yanaşı Azərbaycan Müəllimlər İnstitutunun bir sıra bölgələrdəki filiallarının əməkdaşlarının da konfransda çıxışları olacaq» – deyə N.Qəhrəmanov qeyd etdi.

Konfransın plenar iclasında daha sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyevin «İKT-yə və biliklərə əsaslanan yeni cəmiyyətin və iqtisadiyyatın formalaşması prinsipi», AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun prfessoru Tahir Hacıyevin «Qeyri-xətti diferensial tənliklərin həllərinin keyfiyyət xassələri haqqında», Sumqayıt Dövlət Universitetinin professoru Fazil Ələkbərlinin «Obyektin keçid xarakteristikasına görə ötürmə funksiyasının avtomatik identifikasiyası» mövzularında çıxışları dinlənildi.

Bu gün konfrans öz işini bölmə iclaslarında davam etdirdi, mövzunun ayrı-ayrı istiqamətləri ilə əlaqədar məruzələr dinlənildi. Konfransın işinə universitetin Elmi işlər üzrə prorektoru, professor Yadigar Hüseynov yekun vurdu, konfransın, iclaslar zamanı aparılan müzakirələrin əhəmiyyətli olacağına əmin olduğunu ifadə etdi.

 

 

Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti

Facebook Şərhləndirmə:

“Alimlər Sumqayıtda nələri müzakirə etdi?” yazısına bir cavab

  1. Qiyamət deyir:

    Təhsildən uzaq təhsil müəssisəsində nə elm?

Şərhinizi yazın