Menu
Geri İrəli

AXCP Sumqayıt şəhər şöbəsindən istefa verən sədrdən yeni ittihamlar

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2014 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

kamaleddin rehimovKəmaləddin Rəhimov: “Hamını agent sayırsınız, bəs siz kimsiniz, cavab verin?!”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsindən istefa verənlər Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) üzv olmaq üçün müraciət ediblər. AXCP Sumqayıt şəhər şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov qeyd edib ki, istefa verən 52 üzvdən 48-i KXCP-yə üzv olmaq üçün partiyanın müvafiq qurumuna müraciət edib.

AXCP-nin Sumqayıt təşkilatından isə bunu təkzib ediblər.  “AXCP Sumqayıt şəhər təşkilatından istefa verən üzvlərin KXCP-yə üzvlük üçün müraciət etməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil. Bunlar hamısı təşkilatın keçmiş sədri, hazırda QAT Sumqayıt özəyinin sədri Kəmaləddin Rəhimovun cəfəngiyyatlarıdır. Ola bilsin ki, o özü KXCP-yə üzv olmaq üçün müraciət edib. Ancaq onun bizim partiya ilə heç bir əlaqəsi yoxdur. O, 3 ay əvvəl Məclisin qərarı ilə partiyadan qovulub”-deyə, AXCP-nin Sumqayıt təşkilatının sədri İsa Qurbanov bildirib. Təşkilat sədrinin sözlərinə görə, partiyadan heç kəs KXCP-yə üzv olmaq üçün müraciət etməyib. Bəs əslində nə baş verib? Bu barədə K.Rəhimov “Yeni Müsavat”ın suallarını cavablandırdı.
 
- Biz AXCP-dən istefa haqda bəyanat verəndə də bildirmişdik ki, istefa verməyimiz heç də o demək deyil ki, biz siyasi mübarizəni dayandırırıq və seçimimizi edəcəyik. Artıq müzakirələrdən sonra qərarımızı verdik. Bu gün artıq həqiqətən Rəsulzadə-Elçibəy yolunun həqiqi liderlərindən birinin partiyasının KXCP-nin xəttini tutduq. Beləliklə, biz kollektiv surətdə həmin partiyaya üzv olmaq haqqında qərar verdik. Artıq KXCP-nin Sumqayıt təşkilatının üzvüyük. 
 
- Deməli, siz AXCP ilə bağlı müzakirələrə də son vermiş olursunuz, eləmi?
- Bizim ötən müsahibəmizdən sonra sosial şəbəkələr vasitəsilə, başqa xətlərlə mənə müxtəlif xahişlər edildi ki, bu söhbətləri dayandıraq, çox qabartmayaq, imkan varsa, əlimizdəki videofaktları youtube-də yaymayaq. Ancaq çox təəssüf ki, nizamnamədən kənar bir vəziyyəti yaradanlar özləri üzə çıxa bilmir – hansı ki, bizim debatımız olmalıydı, ancaq gəlmədilər – amma hadisələrdən məlumatsız olan insanları, bir az da cılız və səviyyəsiz olan, ancaq hay-küylə, təxribatçılıqla məşğul olanları irəli veriblər. Hətta feysbukda təhqirlər də yazırlar, nəhayət, mən onlara cavab verməyə məcbur oldum. Mən də onlara kobud formada bildirdim ki, əgər siz bu addımı atırsınızsa, sizinlə başqa formada danışmalı olacağıq. AXCP rəhbərliyində təmsil olunan, Sumqayıt təşkilatında təmsil olunanlar, Rəyasət Heyətinin savadsız nümayəndələri ortaya çıxmırlar, gizlənirlər. Biz konkret adlar çəkmişik, Fuad Qəhrəmanlı, Rafiq Daşdəmirov, Nemət bəy və digərləri debatdan da imtina etdilər. Ancaq onlar rayonlardan olan üzvlərimizi bizim üstümüzə qaldırırlar. Hətta Oğuzdan və digər rayonlardan olan cəbhəçilər mənə yazır ki, bəy, biz sizi yaxşı başa düşürük, çox təəssüf ki, rəhbərlikdə belə insanlar var. Mən də konkret demişəm ki, bu insanlarla yol getmək fikrim yoxdur. Gedib agenturada özünün əqidəsini, ləyaqətini satanların yanında olmaq istəmirəm və onları özümə lider görmürəm.
- Debat hansı televiziyada olmalıydı ki, baş tutmadı? 
- Biz istefa bəyanatı verəndə də onları ATV-də debata çağırmışdıq. Bu gün saat 17.00-dan sonra çəkiliş olacaqdı, ancaq onlardan səs-soraq çıxmadı. Hərdən xahiş-minnət edirlər ki, olub-keçənləri qabartmayaq. Ancaq yenə də feysbukda bizi qaralayırlar. Kim istefa verirsə, onu hakimiyyətlə bağlayırlar. Asəf Quliyev, Zərifə xanım, Şakir bəy də hakimiyyətlə işləyirdi? 4 müavin, 3 müşavir hökumətəmi işləyirdi? Rayonlarda 80 nəfər Cəbhədən istefa verib, bu yaxınlarda o siyahını dərc edəcəyik. Hamını hakimiyyətin agenti sayırsınız, bəs siz kimsiniz, cavab verin?! Niyə debata çıxmağa cürət etmirsiniz? Orda 5-6 nəfər var, istəyirlər qışqır-bağır salmaqla siyasi mühacir statusu alsınlar. Məndən də bir-iki dəfə xahiş edən olub ki, bəy, kömək elə tutulum, mən siyasi mühacir olmaq istəyirəm. Bunlar arayış sata-sata siyasi mühacir yetişdirirlər. Ancaq şəxsən mən siyasi mühacir olmaq, Azərbaycanı tərk etmək fikrində deyiləm. Bu ölkədə mübarizədə varam, amma sağlam yolda, sağlam qüvvə ilə.
- Deyirsiniz ki, televiziya çəkiliş aparmalıydı. Sizin arqumentlərinizin əksinə çıxış edənlər də deyirlər ki, hakimiyyət televiziyaları məsələyə bu qədər diqqət ayırırsa, deməli, burda başqa məqsədlər var və Cəbhədən gedənlər də hakimiyyətin layihəsinin iştirakçısıdır. Bu barədə nə deyə bilərsiniz?

“AXCP ilə Müsavatın bir yerdə olmasını mümkün saymıram”

- Bu gün təbii ki, hakimiyyətin, güc strukturlarındakı müxtəlif orqanların bütün müxalifət təşkilatlarının zəifləməsində marağı var, bunu qəbul edirəm. Amma bu adamlar bütün partiyaların üstünə gedirlər, “sənin keçmişin bu olub” deyə, təhqir edirlər.  Məni əvvəlcə Müsavatla bağladılar, guya əlbir olub pul yemişik. Bizim əlimizdə kifayət qədər fakt var ki, sizi hakimiyyət idarə edir. Axı sən idin danışıqlara gedən, vəzifə, post, mandatlar üçün müzakirələr aparan. İndi nə oldu, sən bizi tanımırsan? Çox təəssüf ki, bu gün Rafiq Daşdəmirli, Nemət bəy, Fuad Qəhrəmanlı indi belə danışırlar.
- AXCP-nin “Yeni Müsavat” və Müsavat Partiyasına qarşı ittihamları yenə də davam edir. Ancaq Müsavat rəhbərliyi bunun qarşılığında xoş məram nümayiş etdirib AXCP ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Siz əməkdaşlığın perspektivini görürsünüzmü? 
- Mən bu gün AXCP ilə Müsavatın bir yerdə olmasını mümkün saymıram. Bizim əlimizdə kifayət qədər dəlillər var ki, bunları idarə edən orqanlar var. Əgər Müsavat da bu təşkilatla əməkdaşlığa gedirsə, onda onların da bağlılığı yaranır, məntiq bunu deyir. Hələ İctimai Palata dövründə rəhbərlik səviyyəsində onlar Müsavata qarşı nələr etmədilər. İndi yenə birləşmək istəyirlər? Bu gün Müsavat hörmət elədiyim partiyalardandır, ancaq bu partiyanın AXCP ilə yenidən bir araya gəlməsini absurd hesab edirəm.
 
- Əlinizdə AXCP rəhbərliyi haqqında videofaktların olduğunu deyirsiniz. Orda nədən bəhs olunur? 
- Bu yaxınlarda onların mənə yaxın nümayəndəsi mənim yanıma “kəşfiyyat”a gəldi. Dedim əgər bu gün mən bunu açıramsa, bu, artıq fakt deyil. İkincisi də əgər çox maraqlıdırsa, onda get de, filankəslər haqqında bu faktlarımız var. O materiallar istər rəhbərlik haqqında, istərsə də bu gün Sumqayıt təşkilatında oturan bəzi insanlar haqqındadır. Bunların hakimiyyətlə bağlılığını açıq-aydın sübut edən təkzibolunmaz faktlardır. Həmçinin də əxlaqsızlıqla məşğul olmaları haqqında faktlarımız var. Əxlaqsız insanların əxlaqdan danışmağa ixtiyarı yoxdur.
- Çox ağır ittihamlardır, bunları sübuta yetirə bilərsinizmi?
- Biz bunları elə-belə demirik, kifayət qədər faktlarımız var. Keçən dəfə də dedim ki, çalışın, geri çəkilin, elə etməyin ki, bu faktlar ortaya çıxsın. Lakin əvəzində tanımadığım insanları üstümə yönəldirlər.
- KXCP-yə üzvlük qərarından sonra Mirmahmud Mirəlioğlu ilə görüşdünüzmü? Sizə hansısa post vədi oldumu? 
- Biz Mirmahmud bəyin müavini ilə görüşmüşük. Mənim o adama böyük hörmətim var. Mən heç bir postu qəbul etmədən gedirəm. Biz sıravi üzv kimi fəaliyyət göstərəcəyik.
E.PAŞASOY
Facebook Şərhləndirmə:

Şərhinizi yazın