Menu
Geri İrəli

Azərbaycan prezidenti üç uşaq dünyaya gətirmiş Sumqayıt sakininə mənzil hədiyyə edib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2009 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakini, cari ilin fevral ayında üç uşaq dünyaya gətirmiş Xavər Məmmədovaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sumqayıt şəhərinin mərkəzində 3 otaqlı mənzil hədiyyə olunub.

Bununla əlaqədar dünən Sumqayıt şəhər İcra hakimiyyətində Məmmədovlar ailəsini qəbul edən şəhər rəhbəri Vaqif Əliyev yeni mənzilin orderini və açarlarını gənc ailəyə təqdim edib. Şəhər başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə respublikamızda irimiqyaslı işlərin həyata keçirildiyini bildirib. Hər bir Azərbaycan sakininin – uşaqların, gənclərin, yaşlıların və bütövlükdə ailənin gündəlik qayğılarının daim diqqətdə olduğunu vurğulayan V.Əliyev bütün bu problemlərin mərkəzləşdirilmiş şəkildə həlli üçün Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin yaradıldığını, ölkədə hər bir vətəndaşın mənzil-məişət məsələsinin, ailə qayğılarının dövlət rəhbərliyi tərəfindən yaxından izləndiyini qeyd edib. Bu mənada, sumqayıtlı Xavər Məmmədovaya mənzil hədiyyə edilməsinin görülən işlərin əyani sübutu olması vurğulanıb.
aile2Yeni mənzil sahibi olan Xavər Məmmədova yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsi məqsədilə ötən günlərdə cənab Prezidentə müraciət etdiyini və çox qısa vaxt ərzində dövlət başçısının birbaşa tapşırığı ilə müraciətinin müsbət cavablandırıldığını bildirib: “Bu ilin əvvəlində üç uşağım dünyaya gəldikdən sonra hazırda yaşadığımız yataqxana otağında çox çətinlik çəkirdik. Bununla əlaqədar cənab Prezidentə müraciət etdim və yaşayış şəraitimizin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş etdim. Mən inanırdım ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev bizim müraciəti diqqətdən kənarda qoymayacaq və çox keçmədi ki, bizim ailəyə möhtərəm dövlət başçımız tərəfindən yeni mənzilin hədiyyə olunması xəbərini aldıq. Bizim sevincimizin həddi-hüdudu yoxdur. Mən cənab Prezidentə, onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm, onlara cansağlığı arzulayıram”.

Görüşün sonunda yeni mənzilin açarları gənc ailəyə təqdim olundu. Üç otaqlı mənzil şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşir. Qeyd edək ki, ötən il də Sumqayıt şəhərində üç uşağı dünyaya gəlmiş Umudovlar ailəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mənzil hədiyyə edilmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın