Menu
Geri İrəli

Azərbaycanda etnik qarşıdurma yaratmaq üçün yeni üsuldan istifadə edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2013 • Baxış sayı: 405 dəfə • Şərh yoxdur

 

Sumqayıtlı gənclərin “Yetim” xəstəliyinin arxasında əslində nələr dayanır?

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cari il Azərbaycanda mühüm siyasi proseslə – prezident seçkiləri ilə yadda qalacaq. Seçki ilinin ölkəmiz üçün stabil keçməsi üçün müvafiq strukturlar müvafiq addımlar atır. Ancaq məhz bu siyasi proses öncəsi ölkədə ictimai-siyasi ziddiyyətlər, qarşıdurmalar yaratmağa çalışan yerli və xarici qüvvələrin olduğu da məlumdur. Bu mənada hazırda xüsusilə Rusiyanın seçkiyə müdaxilədə maraqlı olduğu  söylənilir.

Tarix sübut edir ki, hər hansı bir ölkədə ictimai-siyasi qarşıdurmaların yaradılmasında etnik azlıqların, azsaylı xalqların ehtiraslarından, həssas olduğu nöqtələrdən, milli, dini, irqi ayrıseçkilikdən istifadə edilir. Bu gün Azərbaycanda onlarla azsaylı xalqlar, etnik azlıqlar yaşayır.

 

Zəruri keçid

Etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər.

Azərbaycanda ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlular, qrızlılar,haputlular, ceklilər, xınalıqlılar, əliklilər, yergüclülər, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.

***

Qayıdaq mövzuya. Daha doğrusu, mövzunun xüsusi həssas məqamına. Bu yay mövsümündə bazarlarda üzərində ayrı-ayrı bölgələrin, xalqların adları olan papaqlar, köynəklər peyda olmağa başladı. Söhbət üzərində  “Sumqayıt”, “CORAT” “GƏNCƏ”, “BAKI”, “TALIŞ”, “AĞƏLİ”, “YETİM”, “KASIB”, “YERAZ”, “AVTOŞ”  kimi yazılar olan papaq və maykalardan gedir. Göründüyü kimi, paltarların üzərində təkcə regionların adları yox, gənclər arasında populyar olan ayrı-ayrı xitablardan, sözlərdən də istifadə olunur.

İlk baxışdan bu, təsadüf, ya da adi bir şey kimi görünür, ancaq bir qədər analitik nəzərlərlə baxdıqda məsələnin kökündə gənclərin psixologiyasına təsir etmək, ayrı-seçkilik, regionçuluq meyillərini, məhəlli təəssübkeşlik hisslərini gücləndirmək və nəticədə, ölkənin tolerantlığına şübhə yaradaraq, xalqın monolitliyinə zərbə vurmaq dayanır. Bu, məqsədə çatmaq üçün yeni metoddur. Bu vaxta kimi ən azı Azərbaycanda bu üsuldan istifadə edilməyib.

Maraqlıdır ki, gənclər arasında bu geyimlər dəbdədir. Hər 10 gəncdən 5-6-da bu cür yazılar olan geyimlərə rast gəlmək olur.

Sumqayıt bazarlarında da bu cür məhsullar dominantdır. Məlumata görə, bu məhsullar Çində istehsal edilir, üzərindəki yazılar isə Azərbaycanda ayrı-ayrı sexlərdə yazılır.

Sumqayıtın mərkəzi bazarında paltar alış-verişi ilə məşğul olan satıcı Eldəniz deyir: “Bu mallar Çin istehsalıdır. Üzərindəki sözlər kepkaya Azərbaycanda yazılır. Harada yazıldığını dəqiq bilmirəm, biz həmin kepkaları “Binə” Ticarət Mərkəzindən alırıq. “AĞƏLİ” Gəncə bölgəsinin, “YETİM” Şirvan və Sumqayıt şəhərlərinin “kliçka”larıdır”.

Sumqayıtlılar küçədə-bacada yeniyetmə və gənclərin bir-birinə “yetim” deyə müraciət etdiklərinə tez-tez rast gəlirlər. İlk baxışdan bu, “xitab” forması, ola bilsin bir az yersiz forma kimi görünsün. Ancaq məsələnin kökü gənclərin əxlaq normalarının pozulması və aşınmaya məruz qalmalarındadır.

***

Bu tip geyimlərin satışa buraxılmasının qarşısı hər halda, alınmalıdır. Bu paltarların satışdan yığışdırılması ilə bağlı ötən həftə Milli Təhlükəsizlik Nazirliyinə müraciət də edilib. “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Bu geyimlərdən xüsusən gənclər arasında geniş istifadə olunur. Eyni zamanda, sosial şəbəkələrdə azsaylı xalqların adları ilə açılmış qruplarla təbliğ edilir. İlk baxışdan sadə, primitiv görünən bu vasitələr ölkədə milli ayrıseçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Ancaq, nədənsə, bu məhsullar sərhəddən keçərkən və ölkə ərazisində yayılarkən, əlaqədar qurumların diqqətini çəkməyib”. Baş redaktorun sözlərinə görə, MTN-ə müraciətlərində qeyd olunan halların araşdırılması, bu cür məhsulların ölkəyə daxil olmasının qarşısının alınması və satışda olan belə məhsulların yığışdırılması üçün lazımi tədbirlərin görülməsini xahiş ediblər.

***

Bu cür geyimlərin ən çox yayıldığı regionlardan biri Sumqayıtdır.

Azərbaycanda daxili sabitliyi pozmaq istəyən qüvvələr buna nail olmaq üçün ən müxtəlif cəhdlər edə bilər. Ancaq indiki vəziyyətdə bir məqamı xüsusi olaraq xatırlayaq: söhbət 80-ci illərin sonunda Sumqayıtda baş verən hadisələrdən gedir. O vaxtlar bu şəhər təsadüfənmi seçilmişdi?! Əlbəttə, xeyr?! Sumqayıt əhalisinin müxtəlif regionlardan olmasından, demoqrafik tərkibinin müxtəlifliyi Azərbaycanda qarşıdurma yaradaraq, sabitliyi pozmaq üçün baş sındıran ideoloqların həmişə diqqət mərkəzindədir. Bu gün ayrı-ayrı dini təriqətlərin möhkəmləndiyi regionlar arasında da Sumqayıt “öncül”lərdəndir. Əgər separatizm və ayrı-seçkilik meyillərini gücləndirmək cəhdləri olsa, bunun əsas nöqtələrindən birinin Sumqayıt olma ehtimalı yüksəkdir. Ancaq ümid edək ki, tarix bizə lazımi dərsi verib, çay gələn arxa bir də gəlməyəcək – yəni, tarix təkrarlanmayacaq.

Vüsal Məmmədov, “168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın