Menu
Geri İrəli

Azərbaycanda qızlar niyə tez ərə gedirlər?-ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Mart 2013 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur
 ailə quranda heç 9-cu sinifi bitirməmişdi. Qızcığazı özündən yaşca xeyli böyük olan qohumlarına ərə verdilər. “Oxumursa, evdə oturub neyləyəcək ki?” Bu fikri valideynləri yanında o qədər demişdilər ki, onun da ağlına batmışdı. Toy, təmtəraq, bahalı hədiyyələr… Əzizənin gözünü qamaşdırmışdı. Lakin qız çox çəkmədi ki, hər şeyin puç olduğunu başa düşdü. Ərinin nə qədər xaraktersiz və kobud olduğunu da, dalbadal doğulan iki qızı ilə bütün ailənin yükünü çəkməyin nə qədər ağır olduğunu anladı. Bir müddət dözdü, sonda böyük biabırçılıq və söz-söhbətlə iki uşağı ilə birlikdə atasının evinə qayıtdı.Əslində Əzizə kimi erkən ərə verilmiş, həyatın nə demək olduğunu anlamadan, dünyagörüşü formalaşmadan, sadəcə dəyişiklik xatirinə ərə verilən qızlarımız kifayət qədər çoxdur. BMT-nin Əhali Fondunun (UNFPA) erkən nikahlara həsr olunmuş hesabatında bildirilir ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3%-nin ibtidai təhsili belə yoxdur. 18 yaşına qədər ailə quran qızların yalnız 26%-i ibtidai təhsil alıb, 11%-i orta məktəb və daha yuxarı təhsilə malikdir.Hesabatda həmçinin o da bildirilir ki, 2000-2011-ci illəri əhatə edən məlumatlara əsasən, Azərbaycanda nikahların 12,2%-i gəlinlər yetkinlik yaşına çatmadan bağlanıb. Bu cür nikahların əksəriyyəti (15,2%-i) kənd yerlərində bağlanır, 9,6%-i isə şəhərlərin payına düşür.Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2012-ci ildə 79,3 min nikah qeydə alınıb, 11 min boşanma baş verib. 2011-ci illə müqayisədə nikahların sayı 10,1 min və ya 11,3% azalıb, boşanmaların sayı isə 0,4 min və 3,6% artıb. Boşananların sayı isə ölkədə il ərzində 11 min nəfər təşkil edib. Bu rəqəm 2011-ci ildə 10,7 min, 2010-cu ildə isə 8,9 min nəfər təşkil edib. Statistik rəqəmlərdən də belə görünür ki, ölkəmizdə ailə quranların sayı ili-ildən azalsa da boşananların sayı artmaqdadır.

Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformaisya şöbəsinin müdiri Elgün Səfərov ANS PRESS-ə açıqlamasında ölkədə 21 yaşınadək bağlanan erkən nikahlar arasında boşanmaların çoxluq təşkil etdiyini deyir.

“Ötən illərlə müqayisədə erkən nikahların sayı azalıb. Əvvəllər bu rəqəm yeddi faiz idisə, son 3 ildə erkən nikahların sayında bir faiz azalma müşahidə edilir. Amma 6 faiz də az rəqəm deyil. Əslində bu çox narahedici rəqəmdir, çünki uşaq ölümü də ən çox erkən qurulan ailələrdə baş verir”, – deyə E. Səfərov bildirb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın ANS PRESS-ə açıqlamasında boşanmalarda əsas səbəb zorakılıq və erkən nikahların olmasını görür. “Münasibətlərin tənzimlənməsində dözümsüzlük, sosial problemlər, ailə idarəçiliyində müəyyən boşluqların olması, ailələrə müdaxilələrin olması- bunlar hamısı boşanmaları şərtləndirən səbəblərdir. Ailəni qoruyub saxlamaq üçün psixoloqa belə müraciət olunmur”, – deyən QHT sədri əvvəllər bununla bağlı ağsaqqal şurasının olduğunu, indi bunun öz funksiyasını itirdiyini söyləyib.
İlahiyyatçı İsmayıl Əhmədovun ANS PRESS-ə bildirdiyinə görə, dini baxımdan insanın yetkinlik yaşına çatdıqdan sonra evlənməsi məqbul sayılır. Lakin bəziləri yetkinlik yaşına çatan kimi evlənirlər, bu da düzgün deyil. İnsan bu prosesə həm fiziki, həm də zehni cəhətdən hazır olmalıdır. Niyə evləndiyini, evliliyin məsuliyyətini dərk etməlidir.

İ. Əhmədov hesab edir ki, erkən nikaha girənlər yaxşı olardı ki, əgər evlənirlərsə, hələ övlad sahibi olmasınlar, çünki bu böyük məsuliyyətdir.

Ailənin nə zaman qurulmasına gəlincə, ilahiyyatçı hesab edir ki, insan bir şeyə dəyər verməlidir, o dəyərin ətrafında toplanmalıdır. Evlənən şəxslər də ailəyə dəyər verməyi bacarmalıdır. Bu yoxdursa, hansı yaşda qurulmasından asılı olmayaraq həmin ailə dağılacaq.

Psixoloq Elnur Rüstəmovun ANS PRESS-ə verdiyi məlumata görə, boşanmaların bu qədər yayılmasının səbəbi çox zaman insanların həyatlarında bir dəyişiklik etmək istəyi ilə ailə qurmasındadır. Gözüyumulu ərə verilən qız müəyyən yaş keçdikcə bəzi şeyləri anlayır, bəzi şeylər sonradan xoşuna gəlmir. Ailə qurulan ilk 3-5 ildə cütlüklərin bir-birinə adaptasiya olunması prosesi gedir. Elə cütlüklər də bu zaman problem yaşayırlar və nəticədə qurulan ailələrin bir qismi dağılır. Psixoloq hesab edir ki, boşanmaların əsas səbəbi təhsil problemidir:

“Ali təhsil almayan qadınlar ailə qurmaqla bağlı tələsik qərarlar verirlər. Onlar fikirləşirlər ki, ali təhsil almamışam, ailə həyatı qurum ki, həyatımda hansısa bir dəyişiklik olsun. Erkən yaşda ailə quran qadınların əksəriyyəti də təhsil almamış qadınlardır. Cəmiyyət üçün problemləri də bunlar yaradırlar. Onların kommunikasiya imkanları məhduddur, işləmirlər, öz potensiallarını ortaya qoya bilmirlər”, – deyə psixoloq bildirib.

“Evlənən cütlüklərin tibbi müayinədən keçməsi məsələsi qaldırılır. Mən təklif edirəm ki, nikaha daxil olan şəxslər psixoloji müayinədən keçməlidirlər. Bu gün kifayət qədər konkret psixi problemi olan şəxslər (istər qadın, istər kişi) var ki, ailə qururlar. İlk növbədə bunun qarşısı alınmalıdır”, – deyə E. Rüstəmov bildirib./anspress.com/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın