Menu
Geri İrəli

Azərbaycanda uşaqları kim qırır? – DƏHŞƏTLİ FAKTLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2012 • Baxış sayı: 516 dəfə • Şərh yoxdur

Hadisə bir neçə il əvvəl baş verib.  Atası, anası işdə, bacısı həyətdə oynayarkən 10 yaşlı Anar serialda gördüyü bir səhnəni təkrarlamaq qərarına gəlir. Serialda uşaq otaqdakı çilçıraqdan özünü açır. Bu hadisə Anara çox təsir edir. Lakin valideynləri bunun həqiqət deyil, sadəcə kino olduğunu, hətta ipdən asılaraq ölməyin mümkün olmadığına onu inandırmağa çalışırlar. Həmin gün o evdə heç kimin olmadığını fürsət bilir və uzun müddətdir beynini məşğul edən bu hərəkəti təkrarlayır. Amma serialdakı qəhrəmandan fərqli olaraq o, ölür.

Səbəb təkcə seriallar olmasa da, son vaxtlar məktəblilər arasında intihar halları artıb. Bu səbəbdən Publika.Az-ın “Gələcəyimizi necə xilas edək?” layihəsində bu dəfə məktəbli intiharlarını araşdıracağıq. Əslində Anarın ölümündə kimin günahkar olduğunu müəyyən etmək çətindir. Amma onun şagird olması, ən azı günün 5-6 saatnı məktəbdə keçirməsi depressiv vəziyyətinin müəllimlərin, məktəb psixoloqunun gözündən necə qaçması sualını doğurur. Valideynləri onu psixoloqa aparmağın ağıllarına gəlmədiyini deyir. Ancaq Anar məktəbli idi və məktəb psixoloqu ona kömək edə bilərdi. Deyəsən, onun depressiv görünüşü onların diqqətini çəkməmişdi. 

 

İntihar rəqəmlərdə

Ötən il Azərbaycanda 414 nəfər həyatına qəsd edib ki,  onların 33-ü məktəbli və yeniyetmədir. Məktəbli və yeniyetmələrin isə 19-u oğlan, 14-ü qız olub. Bu il də vəziyyət ötən ildəkindən fərqli deyil. Bu il 35 nəfər məktəbli intihar edib və  onların 18-i oğlan, 17-si isə qızdır. 5 məktəbli isə intihara cəhd edib. Bunlar sadəcə KİV-də yayılan məlumatlardır.

Əlbəttə, intiharların əsl səbəbləri nadir hallarda dəqiq bəlli olur, sadəcə ehtimallar irəli sürülür. Amma həmin ehtimallar və intihardan əvvəl şagirdlərin yazdığı qeydlər bu il ərzində baş verən hadisələrdə səbəblərin-ailə münasibətləri, məktəbdə aldığı aşağı qiymətlər, valideynlərini itirmək və s. olduğunu göstərir.

“İntihar etsəm, hər kəs məni çox istəyəcək”

İnsanın arzularla zəngin, problemsiz, qayğısız hesab olunan uşaqlıq və yeniyetməlik dövründə intihar etməsinə səbəb nə ola bilər?

Bakı Psixologiya Məktəbinin rəhbəri Xatirə Səfərova intiharların səbəbinin insanların daxili aləmi, şəxsiyyəti ilə bağlı problem olduğunu deyir:

“Ətrafda, filmlərdə gördükləri insanın, xüsusən də azyaşlıların beynindən silinmir. Filmlərdəki intihar əsasən  sevildiyini hiss etməyən uşaqlara təsir edir. Həmin filmlərdə intihar edən bir şəxsin daha çox dəyərləndirilməsi, daha çox sevilməsi uşaqlarda “intihar etsəm, hər kəs məni çox istəyəcək” düşüncəsi formalaşdırır. Yeniyetməlik dövründə intihar edən uşaqlar adətən buna əyləncə kimi baxır və öləcəyini düşünmür.

İntihara meyl etmənin bir səbəbi valideyn münasibəti ilə bağlıdır. Onlar daim öz uşaqlarına təhsildə daha uğurlu həmyaşıdlarını nümunə gətirir. Bu müqayisələr isə uşaqların motivasiyasını öldürür. Bundan başqa uşaqlar üzərlərinə qoyulan məsuliyyətdən xilas olmaq üçün bu yola əl atırlar. İntiharların daha çox yeniyetməlik dövründə baş verməsi hormonal dəyişikliklər və ətrafdakıların onlara biganə münasibəti ilə əlaqədardır”.

Bəs şagirdlər bu hissləri yaşayarkən müəllimlər hara baxır? Çünki valideynlər təhsilsiz ola, depressiya və onun xüsusiyyətlərindən xəbərsiz qala bilərlər. Amma müəllimlər, məktəb psixoloqları şagirddəki psixoloji dəyişikliyi qısa zamanda hiss etməlidirlər. Məktəbin işi sadəcə təhsil vermək deyil, o həm də sağlam gənclər yetişdirməlidir.

X.Səfərovanın fikrincə, məktəb psixoloqları şagirdlərlə yetərincə işləmirlər:

“Şagirdin dərslərinə biganəliyinin, diqqət azlığının səbəbini öyrənməlidirlər. Avropa məktəblərində psixoloqlar uşaqları valideyndən daha yaxşı tanıyırlar. Təəssüflər olsun ki, məktəblərdə psixoloqlar düzgün işləmir, onlar sadəcə məktəbdə oturub maaş almaqla məşğuldurlar. Buna görə də məktəblilər arasında intiharlar artır”.

Bəs paytaxt məktəblərini psixoloqlarla təmin edən qurum bu barədə nə düşünür?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev deyir ki, bütün məktəblər psixoloqla təmin olunub:

“Hələ ki, heç bir məktəbdə psixoloqa ehtiyac yoxdur. Bir problem var ki, yaxşı psixoloqlar daha yüksək maaş təklif edilən iş tapan kimi məktəbdə çalışmaqdan imtina edirlər. Amma həmin psixoloqların yerinə təyin ediləcək kadrlarımız var. Onlar əsasən ünsiyyət əsasında seçilirlər. Yeni təyin olunan psixoloqların biliklərinin artırılması üçün kurslar təşkil edilir”.

Bu gün 1500-2000 şagirdə bir psixoloqun təyin olunması da problemdir. Bir nəfərin 2000 şagirdlə ünsiyyətdə olması, problemlərini dinləməsi çox çətindir. Ona görə də psixoloqların sayının artırılmasına ehtiyac var. Şöbə müdiri bu barədə məlumatlı olduqlarını desə də, Nazirlər Kabinetinə rəsmi müraciətin olmadığını vurğuladı:

“Bu məsələ müntəzəm olaraq deyilir. Problemi Nazirlər Kabineti, Maliyyə Nazirliyi həll etməlidir. Hələ ki, müraciət etməmişik, amma bu istiqamətdə iş aparılır. Məktəblərdə psixoloji kabinetlərin açılması üçün çalışırıq. Bundan başqa, psixoloqlar üçün qiymətləndirmə vəsaitləri də hazırlanır”.

B.Nəbiyev məktəb psixoloqlarının işinə də münasibət bildirdi:

“İntiharların səbəbi kimi məktəb psixoloqlarını göstərmək düzgün  deyil. Əlbəttə, bu hallar heç yaşanmamalıdır, amma digər ölkələrlə müqayisədə bizdə vəziyyət yaxşıdır. Yaxşı psixoloq çox iş görə bilər. Düşünürəm ki, bizim məktəblərdə psixoloqlar bu işi yerinə yetirir”.

Bəs məktəb psixoloqları bu barədə nə düşünür?

308 saylı məktəbin psixoloqu Nuranə Mehrəliyeva məktəb psixoloqlarının fəaliyyəti üçün yetərincə vəsaitin ayrılmamasından, diqqətsizlikdən şikayətləndi:

“Psixoloqların işləməli olduqları plana uyğun əlavə vəsait yoxdur. Məcbur olub, özümüz xarici dillərdən tərcümə edirik. Bundan başqa, bizim məktəbdə 1300-dən çox şagird var, bu qədər şagirdin problemi ilə bir psixoloqun məşğul olması mümkün deyil. Şagirdlərin sayı çox olduğuna görə, çox zaman onlarla fərdi yox, qrup halında söhbətlər aparırıq. Hər məktəbdə ən azından ibtidai və yuxarı siniflərlə məşğul olan psixoloqlar ayrı olmalıdır”.

N.Mehrəliyeva problemləri olan bütün şagirdlərə kömək edə bildiyini desə də, tək və qrup halında terapiya arasında çox fərq olduğunu qəbul etdi.

“Şagirddir, nə desəm olar”

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə deyir ki, intiharların səbəbləri müxtəlif olsa da, məktəblər bu işdə daha çox məsuliyyət daşıyır:

“Müşahidələr onu göstərir ki, məktəblərin əksəriyyətində müəllimlər şagirdlərlə kobud rəftar edir, təhqiramiz sözlər işlədir, fiziki təzyiq göstərirlər. Həmin davranış nəticəsində, şagirdlər məktəbə nifrət edir. “Şagirddir nə desəm olar” kimi fikirlər, qiymətləndirmə zamanı ədalətsizliyə yol verilməsi, böyüyən nəslin özünə inamını qırır. Məktəblərdə psixoloji xidmət ştatı uşaqlardakı emosionallığı, narazılıqları, dəyişiklikləri aradan qaldırmaq üçün yaradılıb. Psixoloqlar şagirdlərlə müntəzəm məşğul olmalı, hər gün onlarla söhbət aparıb, problemlərini öyrənib, buna qarşı tədbirlər görməlidirlər. Məktəbdə şagirdlərin şəxsiyyət olaraq sayılması, onlarla xoş münasibət qurulması, mənəvi ehtiyaclarının da nəzərə alınması tələbləri var. Digər səbəblərə baxmayaraq, intiharların kökündə məktəb, psixoloq, kollektivin münasibəti durur. Şagirdlərə qarşı xoş münasibət olsa, intiharların sayı 90% azalar”.

Təhsil eksperti psixoloqların say məsələsinə də toxundu:

“Məktəblərdə şagirdlərin sayı 780, 840, 920-dən çox olmamalıdır. Əks halda siniflər komplektləşdirilərkən hər bir şagirdə fərdi yanaşmanın təşkili, kollektiv tədbirlərin həyata keçirilməsi zamanı problemlər yaranır. Amma təəssüf ki, bu gün yaşayış binalarının sayı artdığı ərazilərdə yeni məktəblər tikilmir. Ona görə də məktəblərdə şagirdlərin sayı normadan çox olur. Bu zaman isə şagirdlərlə düzgün iş qurula bilmir. Psixoloji xidmət gücləndirilməli, məktəblərdə psixoloji xidmət şəbəkəsi yaradılmalıdır. Digər tərəfdən məktəbdə olan psixoloqların da bir qismi bu işi normal yerinə yetirmir. Onların əksəriyyəti ixtisasca psixoloq deyil. Əlbəttə, şagirdlərlə işləyən psixoloqlar var, amma onların sayı çox azdır. Bundan başqa, psixoloqların işə qəbulu ümumi müəllim qəbul imtahanları ilə birlikdə aparılmasa belə, onlar üçün xüsusi imtahanlar keçirilməlidir. Hansı məktəbin şagirdi intihar edirsə, bu məsələdə məktəb direktorları məsuliyyət daşıyır. Amma təəssüf ki, bəzi məktəb direktorlarının pedoqokikadan xəbəri yoxdur”.

Rəsmilərlə ekspertlərin fikirləri üst-üstə düşməsə də, şagird intiharlarının sayının artması reallıqdır. Depressiyaya düşən, intihar etmək istəyən şagirdə ən yaxşı köməyi isə məktəb psixoloqları edə bilər. Amma nəticə onu göstərir ki, paytaxt məktəblərində psixoloqların sayı şagirdləri sayına adekvat deyil. Bundan başqa, onların yetərincə təbliğat vəsaiti də olmur. Maraqlısı budur ki, rəsmilər bundan xəbərdar olsalar da, hələ gözləmə mövqeyindədirlər. İntiharlar isə artmaqdadır…

Gülxar Şərif

publika.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın