Menu
Geri İrəli

“Azərsu” Sumqayıtda milyonları necə göyə sovurub?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2013 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərində mövcud olan ekoloji problemlərdən biri də SSRİ dağıldıqdan sonra su təmizləyici qurğuların yararsız hala düşməsi və bir neçə nöqtədən Xəzər dənizinə axıdılan çirkab, kanalizasiya suları nəticəsində dənizin xeyli dərəcədə çirklənməsidir. Uzun illər söhbət mövzusu olan bu problemə bir neçə il öncə axır ki, diqqət ayrıldı, 6-ci mikrorayon ərazisində, dənizə yaxın ərazidə su təmizləyici qurğunun tikilməsinə qərar verildi. 2011-ci ilin əvvəlindən tikintisinə start verilən və 2013-cü ildə tikilib başa çatdırılması nəzərdə tutulan bu layihə hazırda iflasa uğrayıb. Bunu “Azərsu” SC-nin Sumqayıt Su-kanal İdarəsinin rəisi Əhliman Mansurov da “168 saat”a açıqlamasında təsdiqləyib: “O qurğunun tikintisi hələ ki, yerinə görə dayandırılıb. Hazırda podratçı təşkilatlar bunu araşdırırlar. Bildiyimə görə, bu, dənizlə, eyni zamanda həmin ərazidə qrunt suların axması ilə bağlıdır. Hər halda, problemin həlli üçün araşdırmalar, işlər davam etdirilir.”
Nəzərinizə çatdıraq ki, işin layihəçisi və podratçısısı «Hidro-Lotus» şirkətidir. Vəziyyətlə real tanış olmaq üçün həmin əraziyə baş çəkdik. 6-cı və 5-ci mikrorayonların arası ilə Xəzər dənizinə aparan yolun sağında tikintisi nəzərdə tutulan sutəmizləyici qurğunun ərazisi kifayət qədər böyük bir ərazini əhatə edir. Ətrafı hər tərəfdən hasarlanıb və “Keçmək qadağandır” xəbərdaredici nişanları qoyulub. Hasarın yanında böyük bir məlumat lövhəsi də diqqətimizi çəkdi, xüsusən bu sözlər: Tikintinin aparılma müddəti: başlanma: 12.10.2011; qurtarma: 30.12.2013.”
Qapıdan mühafizəçi ilə qısa salamlaşmadan və haradan gəldiyimizi söylədikdən sonra içəri keçdik. Demək olar ki, səssizlik idi, ətrafda heç bir iş getmirdi. Təkcə bir traktor qurğunun tikiləcəyi su hövzəsinin içində sağa sola var-gəl edirdi, yanıyla da 3 işçi. Soruşanda ki, nə iş görürsünüz, söylədilər ki, boruları təmizləyirik.
Belə məlum oldu ki, layihədə türklər də çalışır və işlərə nəzarət də türk vətəndaşındadır. Lakin həmin şəxsi yerində tapmadıq.
Burada bir ofis, bundan da bir az aralıda işçilər üçün birmərtəbəli yataqxana tikilib. Aydın məsələdir ki, bu layihəyə xeyli miqdarda maliyyə sərf olunub, lakin ortada konkret bir iş görünmür, yalnız layihəyə daxil olan əlavə inzibati tikililərdən savayı… Tikintinin bitmə müddətinə isə artıq 9 ay qalıb…
Sonradan həmin ərazini tərk edəndə layihənin iflasa uğramasının daha bir səbəbini də eşitdik. Belə məlum oldu ki, burada su təmizləyici qurğunun tikiləcəyi təqdirdə ətrafı üfunət iyi bürüyəcək. Axı qurğu ilk öncə şəhərin mikrorayonlarından gələn kanalizasiya sularını təmizləməli idi. Bu da istər istəməz 6-cı və 5-ci mikrorayonun yaxınlıqdakı binalarında yaşayan sakinlərin ciddi narazılığı ilə qarşılanacaqdı. Belə çıxır ki, insanların qınağından çıxış edərək bu layihəni dayandırıblar… Maraqlıdır, deyilmi? Və bir də, yəni bunu əvvəlcədən düşünmək çox çətin idimi ki, burada belə bir qurğunun tikilməsi ətrafda üfunət qoxusu yarada bilər?
İkibaşlı bir sual doğur,
işin layihəçisi və podratçısısı «Hidro-Lotus» şirkəti yəni həqiqətənmi insanların üfunət qoxusundan bundan sonra doğa biləcək narazılığını, qınağını nəzərə alıb bu işi yarımçıq qoyub, yoxsa arada ayrı “əmma”lar mövcuddur?

Adları çəkilən tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq

Elnur AĞAYEV, “168 saat” qəzeti

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın