Menu
Geri İrəli

“Azərkimya”dan ixtisarlarla bağlı açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2014 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

Azerikimya_Bina_Albom_090612“Azərikimya” İstehsalat Birliyinin təşkilatlarında 800 nəfər işçinin ixtisarı nəzərdə tutulmayıb”.

 Bu sözlər “Axar.az”a “Azərkimya” İstehsalat Birliyinin Mətbuat Xidmətindən verilib.

 Bu mövzuda yazımıza cavab olaraq göndərilən rəsmi məlumatda attestasiyadan uğurla keçə bilməyən şəxslərin şirkətdən qovulmaqla bağlı heç bir təhlükələrinin olmadığı bildirilir: “2014-cü il ərzində “Azərikimya” İstehsalat Birliyinin təşkilatlarında 800 nəfər işçinin ixtisarı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsində qeyd olunduğu kimi, hər bir işçi 3 ildə bir dəfə attestasiyadan keçirilməlidir. Bu attestasiya işçilərin peşəkarlıq və bilik səviyyəsinin, mütərəqqi texnologiyalara yiyələnmə hazırlığının və ən vacibi əməyin mühafizəsi sahəsində biliklərinin yoxlanılması üçün aparılır. Attestasiya keçirilməmişdən qabaq işçilər müvafiq qaydada məlumatlandırılır və onlara attestasiyaya hazırlaşmaq üçün vaxt verilir. Attestasiyadan uğurla keçən işçilər attestasiya komissiyasının tövsiyyəsi ilə daha yüksək tarif dərəcəsinə və ya daha yüksək əmək haqqılı vəzifəyə keçirilə bilərlər. Attestasiyadan keçməyənlərin isə tarif dərəcələri aşağı salına, onlara “Azərikimya” İB-nin təşklatlarında digər iş təklif oluna bilər və ya işçi ilə bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada ləğv edilə  bilər”.

 Şirkət keçən il Azərkimya İB-də 427 nəfərin attestasiyaya cəlb olunduğunu və bunlardan 58-nin uğurlu nəticə əldə etmədiyini yazıb. “Məlumat üçün bildiririk ki, 2013-cü il ərzində “Azərikimya” İB-nin 427 nəfər işçisi attestasiyaya cəlb olunub ki, onların yalnız 58 nəfərinin uğurlu nəticə əldə edə bilmədiklərinə görə komissiya tərəfindən tutduğu vəzifəyə (peşəyə) uyğun olmadıqları barədə qərar qəbul edilmişdir. 13 nəfərin isə əməyin ödənimə dərəcəsinin (ƏÖD) artırılması tövsiyə olunmuşdur. 2014-cü ilin yanvar-fevral ayları ərzində attestasiyaya 174 nəfər cəlb olunmuşdur və onlardan komissiya tərəfindən 21 nəfərin tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığı barədə qərar qəbul edilmişdir. 5 nəfərin isə əməyin ödənilmə dərəcəsinin artırılması tövsiyə edilmişdir. Onu da xüsusilə qeyd etmək istərdik ki, neft-kimya sənayesi sahəsi A kateqoriyalı (partlayış-yanma təhlükəli) sənaye sahələrinə aid olduğu üçün bu sahədə müvafiq attestasiyaların keçirilməsi ilk növbədə insanların sağlamlığı və sənayedə təhlükəsizliyin təmin olunması üçün mühüm şərtlərdəndir”.

 Mətbuat Xidmətindən həmçinin SOCAR-ın attestasiya ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirilib. “İşçilərin əmək haqqının 5 misli məbləğində müavinət almaq üçün könüllü müraciətləri əsasında əmək müqaviləsinə xitam verilməsi proseduru isə ARDNŞ-nin bu istiqamətdə Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar Təşkilatı Komitəsi ilə bərabər imzaladığı müvafiq əmr-qərarlarla tənzimlənir və atteastasiya ilə heç bir əlaqəsi yoxdur”.

 Şirkət həmçinin Sumqayıtda 200-ə yaxın sumqayıtlı gəncin də “Azərkimya” İB-də işlə təmin olunduğunu açıqlayıb. “Cari ildə ARDNŞ tərəfindən Sumqayıtda Karbamid, Polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının tikintisi başlanmışdır. Bu müəssisələr işə düşdükdən sonra orada işləmək üçün yüksək ixtisaslı mühəndislərə və müxtəlif profilli yüksək peşəkarlı fəhlələrə ehtiyac olacaqdır. Bunun üçün “Azərikimya” İB eyni zamanda öz işçilərindən ibarət bu müəssisələrdə çalışa biləcək kadrların hazırlanması ilə də məşğuldur. Bu fəaliyyətin bir hissəsi olaraq 2012-ci ildə ARDNŞ tərəfindən Sumqayıtda Təlim-Tədris Mərkəzi yaradılmışdır. Ötən 2 tədris ili ərzində  bu mərkəzi müxtəlif peşələr üzrə 200-ə yaxın sumqayıtlı gənc bitirərək “Azərikimya” İB nin müəssisələrində işlə təmin olunublar. Mərkəzin kursları 6-10 aylıq olur”.

 Qeyd edək ki, bu gün saytımızda “Azərkimya” İB-dən aprelin sonu, mayın əvvəlinə qədər 800 nəfərin işdən çıxarılacağı haqqında məlumat dərc edilmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın