Menu
Geri İrəli

Bakı-Sumqayıt yolundakı tıxacların açılmayan sirri – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2013 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

Natiq Ələkbərov: “Əsas həlqə “Xırdalan dairəsi”dir ki, tıxac düyünü məhz bu nöqtədən başlayır”

Yeni dərs ilinin ilk günlərindən, sentyabrın ortalarından Bakının şimal girişi, daha dəqiqi Bakı-Sumqayıt yolunun “Xırdalan dairəsi”ndən metronun  “20 Yanvar” stansiyasınadək olan hissəsi avtomobil tıxaclarından xilas ola bilmir. Belə ki, sürücü və sərnişinlər hər gün ən azı iki dəfə (təxminən səhər saat 8.00-10.00-dək və axşam saat 18.00-21.00-dək) saatlarla tıxaclarda qalır. Son günlər isə bu ərazidə avtomobil tıxacları özünü daha qabarıq şəkildə göstərir. Hətta vəziyyət o həddə çatır ki, hər gün səhər ertədən şimal istiqamətindən şəhərə giriş faktiki olaraq bir neçə saat ərzində bağlı olur.

Maraqlıdır ki, ümumilikdə Bakı-Sumqayıt yolu paytaxt ətrafı ərazilərdə ən çox tıxac olan nöqtələrdən hesab olunsa da, yoldakı sıxlıq bu il daha çox artıb. Üstəlik indi Masazır qəsəbəsindən başlanan avtomobil tıxacı “20 Yanvar dairəsi”nək magistralın həm paytaxt istiqamətinə gələn hissəsində, həm də əks hərəkət zolaqlarında müşahidə edilir. Hətta bu trayektoriyada tıxaclar o həddə çatır ki, evdən işə, işdən evə qayıdan sərnişinlər “Masazır dairəsi”ndən metronun “20 Yanvar”  stansiyasınadək olan 5-6 kilometrlik yolu piyada getmək məcburiyyətində qalırlar.

 

Lent.az-ın əməkdaşı “Xırdalan dairəsi” və ətraf yollarda avtomobil sıxlığının son bir neçə ayda birdən-birə görünməmiş həddə çatmasının səbəblərini aydınlaşdırmaq üçün kiçik bir araşdırma aparıb. Hər gün həmin ərazidən istifadə edən sürücü və sərnişinlərlə söhbətdən məlum olub ki, əslində “Masazır dairəsi”ndən metronun “20 Yanvar”  stansiyasınadək olan 5-6 kilometrlik yol yay ayları istisna olmaqla bütün dövrlərdə uzun tıxaclarla müşahidə olunur.

 

 

“Memar Əcəmi”-Müşfiqabad marşrutu ilə işləyən 109 saylı avtobusun sürücü Vaqif Əhmədov deyir ki, Bakı-Sumqayıt yolunun bu hissəsini faktiki olaraq iflic vəziyyətə salan tıxacı problemi yay aylarında nisbətən səngisə də, üzü payıza doğru vəziyyət kəskin şəkildə dəyişir. Xüsusilə də yay tətili və məzuniyyət dövrünün bitməsi, yeni dərs ilinin başlaması ərəfəsində tələbələrin bölgələrdən Bakıya axını paytaxtda tıxac problemini bir qədər də dərinləşdirir. “Amma bu il tıxac daha çoxdur. Hər gün saatlarla yolda qalırıq, camaat çox əziyyət çəkir. Xüsusən axşam saat 8-9 radələrində burada gediş-gəliş iflic olur”.

 

109 saylı avtobusun sürücü Bakı-Sumqayıt yolunun bu hissəsində tıxacların dözülməz həddə çatmasını son illər Bakıətrafı ərazilərdə məskunlaşmanın Xırdalan-Masazır istiqamətində genişlənməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, artıq Bakı ilə Sumqayıt arasında yeni salınmış yaşayış massivləri iki böyük şəhəri bir-birinə birləşdirib: “Bu zonaya gediş-gəlişi gərək əvvəldən fikirləşəydilər. Xırdalana şəhər statusu veriləndə Bakı-Sumqayıt yolunun genişləndirilməsini də qısa müddətdə həll etməliydilər. Çünki Xırdalana şəhər statusu verilən kimi şəhər bu istiqamətə genişləndi. Bu tərəflərdə “Yeni Bakı”, “Qurtuluş-93”, “Abşeron gənclər şəhərciyi” kimi böyük qəsəbələr salınıb. Bu qəsəbələrin hamısı son bir neçə ildə salıb, hamısında da məskunlaşma var”.

 

Vaqif Əhmədov təkcə bu il Müşfiqabadda 1400 ailəlik yeni şəhərciyin salındığını, Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkünlərin may ayında həmin şəhərciyə, avqust ayında isə 760 ailənin Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarından Masazıra köçürüldüyünü xatırladır. Sürücü deyir ki, son bir neçə ayda Bakı-Sumqayıt yolunda tıxacların artmasına əsas səbəb məhz bu iki böyük yataqxana kompleksində yaşayan ailələrin Xırdalan istiqamətindəki yeni şəhərciklərə köçürülməsidir: “Bu qədər ailənin Bakının mərkəzindən çıxarılaraq Xırdalan istiqamətində məskunlaşdırılması yollarda sıxlığı daha da artırıb. Çünki yataqxanalardakı camaatın bir hissəsini Müfiqabada, bir hissəsini Masazıra köçürməklə bu tərəfdə əhalinin sayı birdən-birə artdı. Amma əhalini köçürəndə fikirləşmədilər ki, bu qədər camaat hansı yolla şəhərə gəlib-gedəcək?! Onsuz da dar olan yollar bu qədər nəqliyyat yükünü çəkə biləcəkmi?! Axı, bu köçürülən əhalinin işi-gücü Bakının mərkəzindədir, tələbələr hər gün dərsə gedib-gəlir. Bunları nəzərə almadılar, ona görə də vəziyyət bu hala gəldi”.

 

Tıxac əleyhinə alternativ yol

 

Elə yol-nəqliyyat sektoru üzrə ixtisaslaşmış mütəxəssislər Bakı-Sumqayıt yolundakı tıxacların indiki həddə çatmasını məskunlaşma siyasətinin düzgün planlaşdırılmaması, yolların tikintisi zamanı əhali sıxlığının düzgün hesablanmaması ilə əlaqələndirirlər. Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov hesab edir ki, şimal istiqamətindən Bakıya giriş-çıxış yollarının texniki göstəriciləri həm şəhərin inkişafı və məskunlaşma baxımından, həm də avtomobillərin sayının artması fonunda çox zəifdir. Onun sözlərinə görə, “Xırdalan dairəsi” ətrafındakı mövcud yol infrastrukturu 1990-cı illərin əvvəllərinə hesablanmış texniki göstəricilər əsasında yaradılıb: “Yəni Bakı-Sumqayıt yolunun tikintisi zamanı indiki inkişaf perspektivləri nəzərə alınmamışdı. Amma xüsusilə son 10 ildə Bakıda avtomobillərin sayı iki dəfədən çox artıb. Üstəlik ətraf ərazilərdə yeni qəsəbələr salınıb, şəhər şimal istiqamətində genişlənir, həmin ərazilərdə yeni müəssisələr yaradılır. Lakin şəhərin yol infrastrukturu bu inkişafa, əhali və avtomobil sayının artımına cavab verə bilmir”.

 

Bakı-Sumqayıt yolundakı həddən artıq yüklənmənin ciddi fəsadlara gətirib çıxara biləcəyini deyən Natiq Ələkbərov hesab edir ki, problemi kökündən həll etməyin yeganə yolunu həmn istiqamətdə alternativ yolların çəkilməsində görür. Onun sözlərinə görə, Biləcəri qəsəbəsinin içərisi ilə Novxanı və Saray qəsəbələrinə alternativ yol çəkməklə Bakı-Sumqayıt yolundakı dar həlqə olan “Xırdalan dairəsi”nin yükünü azaltmaq mümkündür: “Əslində hazırda Binəqədinin mərkəzindən Novxanı və Saray qəsəbələrindən keçməklə Sumqayıt şəhərinə alternativ yol var. Ancaq bu yol əsas məskunlaşma zonalarından xeyli aralı olduğundan şimal istiqamətindən Bakıya daxil olan avtomobillərin 90 faizi “Xırdalan dairəsi”ndən keçib gəlir. Ona görə də əsas həlqə “Xırdalan dairəsi”dir ki, tıxac düyünü məhz bu nöqtədən başlayır”.

 

Körpü yanında körpü tikilir

 

Bakı-Sumqayıt yolunun “Xırdalan dairəsi” ətrafındakı tıxac düyünü “Azəyolservis” ASC rəhbərliyini də ciddi qayğılandırır. Amma Səhmdar Cəmiyyətdə hesab edirlər ki, həmin ərazidə tıxac probleminə səbəb magistral yolun “Xırdalan dairəsi” deyil, Xocahəsən və Sulutəpədən gələn yolun Bakı-Sumqayıt şossesinə birləşən hissəsinin darlığıdır. “Azəyolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, Xocahəsən və Sulutəpə istiqamətindən gələn yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında şosseyə birləşən nöqtədəki körpü şimal istiqamətindən Bakıya daxil olan və əks istiqamətdə hərəkət edən avtomobil sıxlığını qəbul edə bilmir: “Həmin nöqtəyədək hər iki istiqamətdə avtomobillər normal hərəkət edir. Ancaq körpüyə yaxınlaşdıqca yol daraldığından hərəkət boğulur  və bu hissədə tıxac yaranır. Ona görə də Xocahəsən və Sulutəpə yolunun əsas magistral yola birləşən hissəsində mövcud körpüyə paralel daha bir körpü inşa edilir. Həmçinin həmin ərazidə yol genişləndiriləcək”.

Xatırladaq ki, bir neçə ay əvvəl tikintisinə başlanmış həmin körpünün eni 15, uzunluğu isə 110 metr olacaq. Pünhan Mürsəliyev deyir ki, yeni körpünün tikilməsi ilə Bakı-Sumqayıt yolunun bu hissəsi əhəmiyyətli dərəcədə genişləndiriləcək və nəticədə həmin ərazidə avtomobil tıxaclarının qarşısı alınacaq.

Komitə rəsmisi: “Prinsiplər pozulub”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə deyir ki, yeni yaşayış massivlərinin salınması planlaşdırılarkən həmin ərazilərin gələcək inkişafı, o cümlədən yol infrastrukturu, demoqrafik amillər hökmən nəzərə alınır. Onun sözlərinə görə, sovet dövründə Bakı ilə yanaşı, Sumqayıtın və Xırdalanın da Baş planları olmasına baxmayaraq, həmin sənədlər tam icra olunmayıb. Bunu daha çox SSRİ-nin dağılması ilə əlaqələndirən komitə rəsmisi deyir ki, region əhalisinin iş dalınca Bakıya axını, işğal olunmuş rayonların əhalisinin bir hissəsinin paytaxtda və ətraf ərazilərdə məskunlaşması Abşeron yarımadasının həddən artıq yüklənməsinə səbəb oldu: “O zaman mövcud şəhərsalma sənədlərində, müfəssəl planlaşmada bunların heç biri nəzərə alınmamışdı. Çünki Bakının birdən-birə bu qədər yüklənəcəyi, işğal olunmuş rayonların əhalisinin bir hissəsinin Bakıda məskunlaşacağı, yaxud sonradan həmin ailələr üçün yeni şəhərciklərin və qəsəbələrin salınacağı proqnozlaşdırılmamışdı. Yəni sovet hökumətinin dağılmasından sonra ortaya çıxan problemlər şəhərsalma prinsiplərini də pozdu. Təbii ki, bu prinsiplərin pozulması nəticəsində mövcud infrastruktur tələblərə cavab verə bilməz”.

Bununla belə, Cahangir Qocayev deyir ki, yeni hazırlanan Böyük Bakının İnkişaf Planı istər məskunlaşdırma siyasətinin nizamlanmasındakı, istərsə də infrastruktur layihələrinin icrasındakı boşluqları aradan qaldıra biləcək. Onun sözlərinə görə, Böyük Bakının İnkişaf Planında  ilk dəfə olaraq Sumqayıt və Xırdalan şəhərlərinin inkişaf perspektivləri vahid bir sənəddə nəzərə alınıb: “Bakının Xırdalan və Sumqayıt istiqamətində genişlənməsi bir gerçəklikdir və bunu heç kəs inkar edə bilməz. İndi həmin ərazilərdə çoxsaylı qəsəbələr, şəhərciklər salınır. Üstəlik Abşeron və Qaradağ rayonları ərazisində məcburi köçkünlər üçün də qəsəbələr tikilir, yaxın illərdə Qobu qəsəbəsində 90 mindən çox məcburi köçkün üçün böyük şəhərcik salınacaq. Bu qəsəbələrin tikintisi yeni ideya olduğundan orada yol və digər infrastrukturlar planda yer almayıb. Həmin şəhərciklədə əlavə yol infrastrukturunun yaradılması Nəqliyyat Nazirliyinin nəqliyyat sxemində də yoxdur. Halbuki hansısa yeni şəhərciklərin salınması məsələsi ortaya çıxanda onun bütün infrastruktur təminatı, o cümlədən yolları nəzərə alınmalıdır”.

 Eltac İsazadə, lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın