Menu
Geri İrəli

Banklar əhalini niyə aldadır? -ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2013 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur

KİV-lərdə yenə hansısa bankların 15%-dən yuxarı dərəcə ilə əmanət qəbul etməsi ilə bağlı elanlar yayılmaqdadır. Halbuki, indi kiminsə 12%-dən yuxarı dərəcə ilə banka əmanət qoyacağına inanmaq çətindir. Bunu keçən ilin iyul ayında bağlanan “Royalbank”ın əmanətçilərinin yarıdan çoxunun başına gələnlərə görə demək olar. Həmin əmanətlərin 71%-nin taleyi hələ də qaranlıqdır və əmanətçilər onlara görə Azərbaycan Əmanətlərin Sığortası Fondundan (ADİF) heç nə ala bilmədilər. Çünki qaydaya görə, əmanətin ADİF tərəfindən sığortalanması üçün bir bankda olan əmanətlərin toplam məbləği 30 min manatdan artıq olmamalıdır, həm də depozitin dərəcəsi manat ölçüsü ilə 12%-i keçməməlidir. Bu məsələ keçən ilin ikinci yarısında yetərincə geniş müzakirə olundu və əhali xeyli maarifləndi. Amma bununla belə, bankların yenə də bu cazibədar təkliflərlə vəsait cəlb etməyə çalışması nə ilə bağlıdır?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bunu son aylarda bank sektorunda baş verən dəyişikliklərlə əlaqələndirir. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalına qoyulan tələbi 50 milyon manata qaldırması camaatı bir az ehtiyatlı davranmağa vadar edib. “Təbii ki, hər kəs bunu etmir. Amma məsələdən xəbərdar olan bəziləri pullarını kiçik banklardan çıxararaq böyük banklara yerləşdirirlər. Qorxurlar ki, kiçik banklar bağlana bilər. Buna görə də kiçik banklar əmanət dərəcəsini 15%-ə qaldırmaqla bu məsələdən xəbərsiz olanları cəlb etməyə çalışırlar”, – deyə iqtisadi ekspert vurğulayır.

Azərbaycan Mərkəzi Bankının saytında yer alan statistik məlumata görə isə, ölkədə əmanətlərinin dərəcəsi üzrə orta göstərici 8,4%-dir. Təbii ki, bu, göstəricinin hətta ADİF tərəfindən şərt kimi qoyulmuş 12%-dən də aşağı olmasında böyük bankların əmanətləri çox aşağı 5-6%-lə götürməsi rol oynayır. Kredit və əmanət bazarını nəzarətdə saxlayan bu banklar əhalidən yuxarı faizlə əmanət cəlb etməkdə o qədər də maraqlı deyillər. Samir Əliyevin dediyinə görə, böyük banklar əsasən xaricdən daha ucuz vəsaitlər cəlb edirlər: “Bu vəsaitlərin dərəcəsi 3-4, uzağı 5-6% olur. Bu da bankın reytinqi ilə bağlıdır. Bankın reytinqi nə qədər yüksək olarsa, kreditin qiyməti bir o qədər ucuz olur. Bizdə ən yüksək reytinq “BBB”dir. Yəni reytinqi A ilə olan bank yoxdur. Amma istənilən halda onların cəlb etdikləri kreditləri dərəcəsi əmanətlərdən iki dəfə aşağıdır. Kiçik bankların korporativ-idarəetmə sistemi və s. beynəlxalq normalara cavab vermədiyinə görə, onlar ucuz vəsait cəlb edə bilmirlər, ən yaxşı halda bunu beynəlxalq qurumların vasitəsi ilə edirlər”,- deyə iqtisadçı ekspert vurğulayır.

Kiçik bankların əmanət dərəcələrini qaldırması ölkə üzrə kredit dərəcələrini də artırır ki, bu da son nəticədə istehlak bazarında qiymətlərin yüksəlməsinə və iqtisadi aktivliyin əngəlləşməsinə səbəb olur. Əslində əmanət dərəcələrinin kredit dərəcələri ilə birbaşa bağlı olması AMB-nin məlumatlarında da əks olunur. Bu məlumatlara görə, bankların kredit portfelinin təxminən 50 faizini əmanətlər təşkil edir. Lakin bu, orta göstəricidir – Azərbaycanda elə banklar var ki, onların kreditlərinin 70 faizi əmanətlərin hesabına verilir.

AMB-nin saytında verilən məlumata görə, ölkə üzrə ümumi kredit dərəcəsi 15,4 faizdir. Yəni bu, yetərincə normal göstərici kimi görünür, amma Samir Əliyevin sözlərinə görə, reallıqda isə geniş əhali kütləsinin ala biləcəyi kreditlər daha bahalıdır: “Bu göstəricinin aşağı olması hüquqi şəxslərə verilən kreditlərin dərəcəsinin 13 faiz olması bağlıdır. Fiziki şəxslərə verilən kreditlərin dərəcəsi isə 18 faizdir. Amma bu da orta göstəricidir. Güzəştli kreditlər, məsələn 4%-lə və 8%-lə verilən ipoteka kreditləri, sahibkarlığa yardım üçün 6%-lə verilən kreditlər bura daxildir. Bu gün 20 faizdən ucuz kredit heç yerdən tapmaq mümkün deyil. İstehlak bazarı üzrə isə 25%-dən yuxarıdır, hələ mikromaliyyələşdirməyə getsək, dərəcələr 36-40%-ə qalxar. Regionlara getdikcə kreditlərin faiz dərəcəsi daha da yüksəlir”,- deyə iqtisadçı ekspert vurğulayır.

Faiz dərəcələrinin yüksək olması isə ölkə üzrə kreditləşmə səviyyəsini, həmçinin iqtisadi aktivliyi aşağı salır. AMB-nin məlumatına görə, ölkə üzrə kreditləşmə səviyyəsi 12 milyard 42 milyon 375 min manatdır ki, bu, 54 milyard manat təşkil edən ümumi daxili məhsul (ÜDM) göstəricisinin təxminən 22 faizini təşkil edir. Bu, Azərbaycan kimi keçid iqtisadiyyatına malik ölkələrin kreditləşmə səviyyəsi ilə müqayisədə çox aşağı göstəricidir. Məsələn Mərkəzi və Şərqi Avropa ölkələrində bu göstərici ən azı 70 faizə bərabərdir.

“Bu, tələb olunan səviyyədən ən azı iki dəfə aşağıdır. İpotekanın özünü götürək, bazarın həcmi ildə 600-700 milyon manat təşkil edir. Bununla heç bir inkişaf ola bilməz, burada dövriyyə ən azı 10 dəfə yüksək olmalıdır”,- deyə Samir Əliyev vurğulayır. Onun fikrincə kreditləşmənin aşağı səviyyədə olması ilk növbədə iqtisadiyyatın neftdən kənar bölmələrində sahibkarlığın inkişafına, iqtisadi fəallığa mane olur.

Lakin bu məsələnin də həlli var – bu, Azərbaycan Mərkəzi Bankının çox ucuz – illik 5% dərəcəsi ilə verdiyi kreditlərdir. Yəni banklar bu kreditləri alaraq təkrar kreditə yönəltməklə öz dolanışıqlarını qurarlar və əhalidən kredit fəaliyyəti üçün dərəcəsi 10-15%-ə qədər çatan bahalı əmanətlər cəlb etməyə məcbur olmazlar. Lakin göründüyü kimi, Azərbaycan bankları, xüsusilə də kiçik banklar belə ucuz vəsaitləri almaq əvəzinə bahalı əmanətlərə meylli olurlar ki, burada da müəyyən anlaşılmaz məqamlar var. Hazırda AMB-nin verdiyi mərkəzləşmiş kreditlər ümumi kredit dövriyyəsinin cəmi 15%-ni təşkil edir.

“Bu kreditləri araşdıranda görünür ki, bu vəsaitlərdən də ən çox iri banklar yararlanır, kiçik banklar bu kreditləri almaq imkanına malik olsalar da, nədənsə bundan imtina edərək, yenə də fəaliyyət üçün daha bahalı olan əmanətlərə və öz kapitallarına üz tuturlar. Görünür, Mərkəzi Bankın bu kreditlər üçün qoyduğu şərtlər, əsasən texniki şərtlər onlar üçün əlverişli deyil ki, bu da nəticədə ölkə üzrə kreditləşmə səviyyəsini aşağı salır”, – deyə Samir Əliyev vurğulayır.

Əslində isə AMB rəhbərliyi həm mərkəzləşmiş kreditləşmə üzrə vəsaitləri artırmalı, həm də kiçik bankların bu kreditlər üçün qoyulan şərtlərə uyğun səviyyəyə qədər inkişaf etməsinə çalışmalıdır. Yəni özəl bankların yalnız dar çevrəsinin bu kreditlərdən yararlandığı bu vəziyyət mütləq dəyişdirilməlidir. Əks halda neft hasilatı gündən-günə azalan Azərbaycanın neftdən kənar bölmədə böyük canlanma və sahibkarlıq aktivliyinə bəslədiyi ümidlər özünü doğrultmayacaq. /anspress.com/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın