Menu
Geri İrəli

Corat qəsəbəsi haqqında bilmədiklərimiz- FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2012 • Baxış sayı: 790 dəfə • 1 şərh

 

Bu dəfə Sumqayıtın Corat qəsəbəsindən söhbət açırıq. Tarixi mənbələr bu qəsəbənin qədim yaşayış məskənlərindən olduğunu göstərir. Səsi eramızın IV-VII əsrlərindən gələn Corat qocaman Xəzərin sahilində narın qızılqumları, böyük karvansaraları, barlı bağları, igid oğulları ilə tanınan bir ünvan olub. Abşeron yarımadasını şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün XII əsrdə ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Cürət qalasının da adı çəkilir. Başqa bir mənbədə Corat kəndinin monqolların coratlar tayfasının adı ilə eyni kökdən olduğu ehtimal edilir.

 XIII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin “Camiyyyəti Təvarix” əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur. Həmkarım Qalib Qadir yenicə çapdan çıxmış “Corat: qloballaşan dünyanın daş yaddaşı” kitabında bu barədə çox maraqlı məlumatlar toplayıb. Yeri gəlmişkən, Xanım Əlabbas qızı da Sumqayıtın 60 illiyi ərəfəsində “Corat-tarixin bir parçası” adlı gözəl kitab çap etdirib.

Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş.

Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. “Əkinçi” qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.

Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, həmçinin heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat mətbəxində dadlı dəvə qutabının öz yeri var.

Coratın köhnə bağ yerləri — “Çalour”, “Dəhnə”, “Hacıdərəsi”, “Astanbəy”, “Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib.

Sovet hakimiyyəti qurulandan sonra Coratda “Oktyabr” kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib. Deyilənə görə, Eşmədə Coratın balıqçılıq kolxozu da olub.

Coratda çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları… Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında, “Qurd dərəsi”, “Dovşan yatağı” adlanan yerlərdə, indiki 17-18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri, üzüm və meyvə bağları olub.

Vaxtilə “Möməli yeri” adlanan ərazidə salınmış 6-cı mikrorayondakı dənizə baxan binamızın arxa eyvanından qonşuluqda qərar tutan Coratı seyr edirəm. Burada dənizdən gələn rütubəti azaltmaq, havanı bir növ qurutmaq məqsədilə minlərlə iydə ağacı əkilmişdi (təəssüf ki, həmin ağaclar kəsilərək yerində göydələnlər ucaldılmışdır). Yaxınlıqdakı şəhər Cümə məscidindən azan səsləri gəlir. Xəzərin şıltaq ləpələri sahilə çırpılaraq keçmiş vətəgə yerlərinə sığal çəkir. İndi buralarda çoxsaylı özəl çimərliklər yaradılıb. Adda-budda qayıqlar gözə dəyir. Okean səviyyəsindən 28 metr aşağıda yerləşən Coratın evləri bir vaxtlar dəfələrlə dəniz sularının altında qalıb. Yalnız Kaynazoy erasının IV dövründə dəniz sularından azad olub. Coratda ən qiymətli nemət balıq olub, siyənək balıqları əsas dolanacan mənbəyi sayılıb. Aclıq dövrlərində balıqçılıq tələbatı qismən ödəyib. Müharibə illərində ucqar kəndlərdən olan, döyüşdə iştirak edə bilməyən kişilər, eləcə də qadınlar buradakı vətəgələrdə işləyib, balığın təmizlənməsi, duzlanması və çəlləklərə yığılmasında yerlilərə kömək ediblər. Bir mülahizəyə görə “Corat” sözünün yaranmasında balıqçılığın müəyyən təsiri olub: guya “tor at” ifadəsi sonralar “Corat” kimi formalaşıb. Dənizdəki gəmilər Cürət qalası üzərində yanan məşəldən mayak kimi istifadə edərək sahilə yan alırmış.

Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş “qardaş”larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir.

Axşamlar uzaqdan baxanda Coratın sayrışan işıqları göz oxşayır. Coratlılar Xəzərin sahilində mirvaritək bərq vuran bu qədim qəsəbənin turizm marşurutuna daxil edilməsini arzulayır, onun abadlaşdırılaraq daha da gözəl görünməsinə çalışırlar. Corat sanki Sumqayıtın İçərişəhəridir.

Corat iki dəfə — 60-cı və 80-ci illərdə sökülmək və ləğv olunmaq təhlükəsi ilə üzləşib. Qədim qəsəbəni şəhərə qatmaq istəyən “novator” məmurlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Vətənpərvər ziyalılar hər dəfəsində etiraz səslərini ucaldaraq qətiyyət göstərib, buna yol verməyiblər. O vaxtlar Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Kamran Hüseynov, şəhər icraiyyə komitəsinin sədri olmuş Kamal Axundov bu qədim dənizkənarı qəsəbənin xəritədən silinməsinin qarşısını ala biliblər. Səksəninci illərdə isə qəsəbə sovetinin sədri İsgəndər Qasımovun müqaviməti sayəsində memarların bağışlanmaz səhvi reallaşmayıb…

O vaxt Yeni Corat tikilərək böyüyürdü. 1984-85-ci illərdə bu məsələ ilə əlaqədar köhnə üslubu saxlamaqla qəsəbənin yenidən qurulması üçün ümumittifaq müsabiqəsi elan edilmiş və estonların “Qızıla məhəbbət” layihəsi bəyənilmişdi. Lakin sonrakı hadisələr səbəbindən layihə həyata keçirilməmişdir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevin dediyinə görə, bu yaşayış məntəqəsi illərcə diqqətdən kənarda qalıb. Yalnız indiki şəhər rəhbərliyinin, icra hakimiyyətinin başçısı Vaqif Əliyevin qayğısı sayəsində qəsəbədə geniş abadlıq-quruculuq işləri həyata keçirilməyə başlayıb. Son illərdə qəsəbənin X.Məhərrəmoğlu, M.Hüseynzadə, S.Əliyev, H.Salayev küçələri, 1-ci və 2-ci məhəllə, 2, 12, 16 və 18-ci keçid, 90-91-ci məhəllələrinə 30500 kvadratmetr asfalt örtük döşənib. Qəsəbə daxilində və yeni məhəllələrdə 88 min manatlıq kanalizasiya xətti çəkilib. Son iki ildə 7 saylı məktəbə, 2 saylı uşaq bağçasına, mədəniyyət evinə, kitabxanaya, idarə aparatına, mərkəzləşmiş mühasibatlığa 40 min manatlıq bərk inventar verilib, 12 min manatlıq əsas vəsait xərclənib. Məktəbin həyətində otüstü xokkey meydançası tikilərək istifadəyə verilib.

Yeri gəlmişkən, Corat məktəbinin hazırda 111 yaşı var. Məktəb kəndin nüfuzlu ziyalılarından olan Hacı Abdulxalıq tərəfindən yaradılıb. Bu təhsil ocağı indi müasir binada yerləşir. Məktəbin məzunları arasında tanınmış elm, təhsil, incəsənət və istehsalat adamları az olmayıb. Sosialist Əməyi Qəhrəmanları, Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova və Məşədi Əliyev, pedaqoji sahədə çalışan Hafiz Mahmudov, alimlər Səttar Əliyev, Polad Seyidəmirov, Əlinəzər Əliyev, Nazim Yarəliyev, Şamil Həşimov, Tahir Həşimov, Aşura Həşimova, Dilbər Əliyeva, Rəfi Əliyev, Bikəs Ağayeva, hüquqşünaslar Tacəddin Gülmalı oğlu, Mürvət Vəliyev, hərbi həkim Əlislam Əliyev, təyyarəçi Rafiq Hüseynov və başqaları doğma qəsəbənin şan-şöhrət “tac”ına çevriliblər.

Qəsəbənin su, qaz, işıq təchizatı problemsizdir. Bu il də abadlıq işləri davam etdirilib. Hava xətləri dəyişdirilib, yeni dirəklər basdırılıb, köhnə su xətləri əvəz edilib, 350 metrdən çox kanalizasiya xətti təmizlənib. Evlərdə 3 minədək elektrik sayğacı quraşdırılıb, 2 transformator təmir edilib, yeni kabelləşdirmə işi başa çatdırılıb. Küçə işıqları sahəsində X.Məhərrəmoğlu küçəsi üzrə 31 plafon bağlanıb və 1200 metr yeni naqil çəkilib. Üç yeni qaztənzimləyici şkaf qoyulub, evlərdə yüzlərcə metr qaz xətti dəyişdirilib. Hazırda qəsəbədə 1822 ədəd yeni kart sistemli qaz sayğacı istismardadır. Qəsəbə bələdiyyəsi ilə birlikdə icra nümayəndəliyi vaxtaşırı iməciliklər təşkil edir, təmizlik işləri həyata keçirilir. İcra nümayəndəliyinin inzibati binasında və xiyabanda 50 min manatlıq əsaslı təmir işi yerinə yetirilib. Bayram günlərində ahıl, əlil və kimsəsizlərə, həmçinin veteranlara yardımlar göstərilir. Gənclərin iştirakı ilə keçirilən idman yarışları, mədəni-kütləvi tədbirlər daim icra nümayəndəliyinin diqqət mərkəzində olur.

Əli NƏCƏFXANLI

Facebook Şərhləndirmə:

“Corat qəsəbəsi haqqında bilmədiklərimiz- FOTOLAR” yazısına bir cavab

  1. Agaseid deyir:

    corat kentim menim

Şərhinizi yazın