Menu
Geri İrəli

Ermənistan bütün cəbhə boyu hücumda

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Yanvar 2014 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur

Qarabağda müharibə vəziyyəti; Rusiyanın nəzarətində olan Ermənistanın ordu rəhbərliyi Soçi Olimpiadası ərəfəsi niyə vəziyyəti gərginləşdirir; Amerikalı həmsədr narahatlığını ifadə etdi; Prezident ötən həftə Kremlin təzyiqlərinə işarə etmişdi…

 1328436342_qarabag-doyush28.12.2010

Son günlər cəbhə xəttində vəziyyət kəskin pisləşib. Yanvarın 20-də Ermənistan mətbuatı  Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə məlumat yayıb. Bu məlumatın ardınca Ermənistan Müdafiə Nazirliyi Azərbaycana yönəlik hədə-qorxu dolu bəyanatı ilə çıxış edib.
Azərbaycan Müdafiə Nazirliyi diversiya ilə bağlı yayılan məlumatı təkzib edərək, bunu rəsmi İrəvanın dezinformasiyası və təxribatı kimi dəyərləndirib.
Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, Ermənistanda hakimiyyətə qarşı kütləvi narazılıqlar baş qaldırdıqda öz xalqının diqqətini yayındırmaq məqsədilə cəbhədə guya Azərbaycan tərəfinin aktiv döyüş əməliyyatlarına başlaması fikrini ortaya atır. “Elə bu dəfə də yanvarın 18-də pensiya islahatına qarşı erməni müxalifətinin birləşmiş mitinqə on minlərlə narazı kütləni İrəvan küçələrinə çıxarması Ermənistan hərbi-siyasi rejimini təşvişə salıb və ictimaiyyətin diqqətini bu aksiyalardan yayındırmaq məqsədilə Ermənistan hakimiyyəti növbəti dəfə öz xalqına qarşı psixoloji təsir üsulundan istifadə edir”  deyə, bəyanatda bildirilir. Müdafiə Nazirliyi onu da vurğulayıb ki, Ermənistan ordusunda özbaşınalıq hökm sürür və rəsmi İrəvan ordudakı itkiləri Azərbaycan tərəfinin hücumu ilə ört-basdır etmək istəyir.
Yanvarın 21-də Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində vəziyyətin gərginləşməsi barədə  məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 20-si və 21-i gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex, Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Cəbhə xəttində vəziyyətin gərginləşməsinə  ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik dərhal reaksiya verib. “Trend”in məlumatına görə, amerikalı həmsədr öz şəxsi Twitter səhifəsində bildirib ki, təmas xəttində zorakılıq və gərginlik münaqişənin danışıqlar yolu ilə nizamlanması üzrə səylərə mənfi təsir edir.
Cəbhə xəttində gərginliyin artmasının Ermənistandakı daxili gərginliklə izah edilməsi, rəsmi İrəvanın Qarabağ kartında növbəti dəfə ermənilərə qarşı şantaj kimi istifadə olunması barədə iddialarda həqiqət yükü var. Ermənistan rəhbərliyi ölkədə sosial gərginlik artan kimi diqqəti cəbhə xəttindəki vəziyyətə yönəltməyə çalışır. Amma heç kimə sirr deyil ki, Ermənistan cəbhə xəttində də Rusiyanın barmağının işarəsi ilə hərəkət edir və Moskvanın sanksiyası olmadan İrəvanın ordu rəhbərliyi bir güllə belə havayı atmır.
Ötən il xüsusilə amerikalı həmsədr Ceyms Urolikin fəallığı sayəsində iki illik fasilədən sonra prezidentlər səviyyəsində görüş baş tutdu və təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə edildi. Ermənistanın gözlənilmədən cəbhə xəttində gərginlik yaratması bu baxımdan suallar doğurur. Aydındır ki, Ermənistan  Azərbaycanı hərbi sahədə üstələyəcək gücdə olmadığını bilir. Bu səbəbdən də artıq hava sərhədlərini belə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında Rusiyanın nəzarətinə verib. Rusiya da Gümrüdə qoşunlarının sayını daha da artırıb. Ermənistan Gömrük İttifaqına üzvlüyə razılıq verdikdən sonra isə Rusiyadan asılılığı daha da güclənib və ermənilər özləri də etiraf edirlər ki, artıq müstəqil dövlət atributlarını itiriblər. Bu səbəbdən də Ermənistanın ordu rəhbərliyinin qəfil cəsarətə gəlməsi, Azərbaycanla hədə ilə danışması və bütün cəbhəboyu vəziyyəti gərginləşdirməsi diqqəti Rusiyaya yönəldir. Məlumdur ki, Rusiya iki ildən çoxdur ki,  Azərbaycanı Vladimir Putinin “SSRİ-ni diriltmək projektinə”- Avrasiya və Gömrük ittifaqlarına üzv olmağa razı salmağa çalışır.  Azərbaycan rəhbərliyi isə bu ittifaqlarda təmsilçiliyə yumşaq desək, isti baxmır. Bu səbəbdən Rusiya 2013 prezident seçkisi ərəfəsi həm ölkə daxilində yaradılan Milli Şura, həm də Moskvada fəaliyyətə başlayan “Milyarderlər İttifaqı” vasitəsilə Azərbaycan hakimiyyətinə ciddi təzyiq edirdi.
Sonradan Putinin Bakıya səfəri zamanı Azərbaycan hakimiyyəti ilə təfərrüatı hələ də tam açıqlanmayan müəyyən razılaşmalar əldə olundu. İddialara görə,  razılaşmalar sırasında Azərbaycanın “Putin ittifaqları”na üzvlüyə razılıq verəcəyi təqdirdə Qarabağ ərtafındakı işğal olunmuş 6 rayonun qaytarılması da vardı. Amma həmin iddialarda o da bildirilirdi ki, Azərbaycan Rusiyaya “yox” deyəcəyi təqdirdə daha ciddi problemlərlə, məsələn, Qarabağda yeni qanlı müharibə ilə üzləşə bilər. Doğrudur, Putin İrəvana son səfərində  Qarabağda müharibənin olmasını arzulamadıqlarını dilə gətirmişdi.  Amma unutmaq olmaz ki, Ukrayna kimi nəhəngi Avropadan qoparan, indi isə ölkəni vətəndaş qarşıdurması həddinə gətirib çıxaran da Rusiyadır və Putinin bu baxımdan “müharibə istəmirik” bəyanatının səmimiyyətinə inanmaq olmur.
Rusiyanın Azərbaycana davamlı təzyiq  etməsi barədə informasiyaları bu günlərdə ANS kollektivi ilə görüşündə prezident İlham Əliyevin səsləndirdiyi mühüm bir bəyanat da təsdiq edir.   “Şahdəniz-2″ layihəsindən danışan prezidentin dediklərinə diqqət yetirək: ”İctimaiyyət əlbəttə ki, bir çox məsələlər haqqında məlumatlı deyildir. Çünki bildiyiniz kimi, bu məsələ kifayət qədər bağlı qapılar arxasında həll edilirdi. Ancaq yalnız bir şeyi deyə bilərəm ki, son həftəyə qədər “Şahdəniz-2″ layihəsinin imzalanması hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdaşları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular.  Ona görə təbiidir ki, bizə qarşı müxtəlif üsullarla təzyiq göstərilir.”
Prezident konkret ad çəkməsə də, aydındır ki, burada söhbət  Avropanı enerji asılılığında saxlamaq istəyən, mühüm bir qaz bazarında Azərbaycanı görməyi arzulamayan Rusiyadan gedir.
Rusiya indi özünün sakit günlərini yaşamır. Ölkə Soçi Olimpiadası ərəfəsi terror aktları ilə sarsılıb. Olimpiadanın təhlükəsizliyi ilə bağlı da ciddi problemlər var. Milli Olimpiya Komitəsi isə  sülh rəmzi olan olimpiadanın keçiriləcəyi günlərdə (yarış fevralın 7-dən 23-dək davam edəcək) münaqişələrin dayandırlmasını istəyib. Məntiqlə Rusiya yaxın aylarda Cənubi Qafqazda vəziyyətin nəzarətdə olmasına çalışmalıdır. Regionda indi alovlanan müharibə Rusiyanın Soçi Olimpiadasında qazanmaq istədiyi para qırağa, dünyadakı nüfuzuna ciddi zərbə olardı. O zaman daha bir maraqlı sual ortaya çıxır: Rusiyanın əl quzusu olan ermənilər niyə bu ərəfədə cəbhə xəttində vəziyyəti gərginləşdirsinlər?
Sonda maraqlı bir faktı xatırladaq. 2008-ci il Pekin Olimpiadasının açılış günü Gürcüstan Cənubi Osetiyaya qoşun yeritmiş və nəticədə bölgədə Rusiyanın qarışdığı geniş miqyaslı müharibə başlamışdı…Bu müharibədə bütün mənalarda udan tərəf Rusiya oldu…
Qarabağda müharibə başlasa necə?… musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın