Menu
Geri İrəli

Ermənistana sərt xəbərdarlıq: “İstənilən hərbi obyekt məhv ediləcək” (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur
 
Ermənistana sərt xəbərdarlıq: “İstənilən hərbi obyekt məhv ediləcək” (FOTO)ATƏT-in Minsk qrupu həmsədrlərinin ürəyi İrəvan üçün döyünür.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləriDağlıq Qarabağ münaqişəsi zonasında zorakılığa son qoymağa çağırırlar.

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceymas Uorlik Twitter səhifəsində yazıb. O, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə toxunub: “ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri zorakılığa son qoymağa çağıraraq, Ermənistanın və Azərbaycanın rəsmi şəxsləri ilə əlaqələri davam etdirirlər.”

Bu açıqlama ötən gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozan Ermənistan tərəfinin itkilərə məruz qalaraq geri çəkilməsindən sonra verilib.


Ceyms Uorlik – ABŞ-ın Minsk qrupundakı həmsədri

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayaraq bildirib ki, guya Azərbaycan tərəfi sentyabrın 24-də minaatanlardan və müxtəlif kalibrli atıcı silahlardan istifadə edərək Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-şərq hissəsində Tavuş rayonu ərazisində atəşkəs rejimini pozub. Sərhəd zonada yerləşən məntəqələr atəşə tutulub və buna görə sərhəd zonada yaşayan dinc əhali arasında ölənlər var.

Bəyanatda deyilir: “Azərbaycan tərəfi daim Qarabağ münaqişəsinin nizama salmasına yönəldilmiş danışıqlar və görüşlər ərəfəsində fitnəkar hərəkətlərə yol verir və qəsdən sərhəd zonasında gərginlik yaradır. Bütün bunlar növbəti dəfə onu göstərir ki, qonşu dövlətin hərbi-siyasi rəhbərliyi Qarabağ probleminin nizamlanması üzrə təşəbbüslərə məhəl qoymur və vaxtaşırı süni şəkildə təmas xəttində sabitliyi pozur. Yaranmış vəziyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin xain taktikasının nəticəsidir və ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin nizama salması üzrə danışıqların məntiqinə, həmçinin beynəlxalq humanitar hüquq prinsiplərinə ziddir.


Ermənistan Müdafiə Nazirliyinin binası

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycan tərəfini gərginliyin gərginləşməsinə tuşlanmış addımlardan çəkinməyə və vəziyyətin sabitləşməsi üzrə təsirli ölçüləri təşəbbüs etməyə çağırır. Biz Ermənistan Respublikası ilə sərhəddə yaşayan Azərbaycan əhalisinin silahlı qüvvələr üçün qalxan olmağa çəkinməyə çağırırıq. Ermənistanın Silahlı Qüvvələri sərhəddə vəziyyətin sabitləşməsi və Azərbaycanın həmlələrininqarşısının alınması məqsədi ilə uyğun hərəkətlərə keçəcək.
Bu hərəkətlərdən doğan nəticələr üçün bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.”

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın yalan və iftiralarla dolu bəyanatına dərhal cavab verib, dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıdığını bildirib.


Azərbaycanın Müdafiə Nazirliyinin binası

Nazirliyin yaydığı məlumatda deyilir: “Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar, ilk növbədə, cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcəkdir. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür.”



Erməni analarının etirazı

Ermənilərin cəbhədə verdikləri itkiləri yerli mətbuat da təsdiqləyir. Belə ki, İrəvanda KİV-lər Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbər əsasında yazır: “Əslində, cəbhədə baş verən həqiqətlər bizim ölkədə gizlədilir. İtki verən tərəf biz olduğumuz halda Müdafiə Nazirliyimiz Azərbaycan tərəfinin itki verdiyini deyir. Amma cəbhədə ölən əsgərlərimizin sayı hər gün artır. Belə olmasaydı, yəqin ki, erməni əsgərlərinin anaları küçələrə çıxıb etiraz etməzdilər.”

Bir sözlə, yalan üzərində qurulan Ermənistan tərəfinin açıqlaması əslində, qorxunun yaratdığı narahatlıqdır. Reallıq isə odur ki, siyasi, iqtisadi böhran içində boğulan Ermənistan güclənən Azərbaycan qarşısında tab gətirə bilmir, çığır-bağır salaraq ürəyi İrəvan üçün döyünən ATƏT-in Minsk qrupu həmsədrlərini köməyə çağırır.


Dağlıq Qarabağ 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın