Menu
Geri İrəli

İdxal broyler – genimizə doldurulan fəlakət (ARAŞDIRMA)

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2013 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur
Rəsmi statistikaya görə, Azərbaycan əhalisi normadan 2,2 dəfə az ət yeyir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, adambaşına ət istehlakı ildə 70,7 kiloqram olmalıdır, amma Azərbaycanın Dövlət Statistika Komitəsi göstərir ki, ölkə üzrə adambaşına ildə 32,4 kiloqram ət və ət məhsulları yeyilir. Ətin belə az istehlakı qıtlıqla bağlıdır və bunu Azərbaycanda ətin orta qiymətinin MDB üzrə ən yüksək (kilaqramı 11 dollar) olması da sübut edir. MDB statistika komitəsinin məlumatına görə, Azərbaycanla bu məsələdə yalnız Rusiya və Belarus eyni sırada gedir, Ukraynada ətin kiloqramının orta qiyməti 7 dollar, Qırğızıstanda isə 6,5 dollardır.ANS PRESS-in araşdırmasına görə, Azərbaycanda ət qıtlığı əsasən bu ölkədə broyler istehlakının lazımi səviyyədə olmaması ilə izah edilir. Rəsmi statistikaya görə, ölkədə hər il 80 min tona yaxın toyuq əti istehsal edilir ki, bunun yalnız 16 min tonu broyler təsərrüfatlarının payına düşür. Qalan məhsul isə əsasən kənd yerlərində fərdi təsərrüfatlarda əldə edilir ki, həmin məhsulun böyük bölümü kəndli ailələrin şəxsi istifadəsinə yönəldilir. Çox az qismi bazarlar vasitəsi ilə şəhərlərə yönəldilir. 4,8 milyona yaxın olan şəhər əhalisi isə əsasən broylerlə qidalanır ki, mövcud istehsal və idxal bu tələbatı qarşılamaq imkanında deyil. Rəsmi məlumatlara görə, Azərbaycanın yerli istehsalı toyuq ətinə olan tələbatı yalnız 75 faizədək ödəyir və 25 faizədək toyuq əti isə ölkəyə xaricdən gətirilir. Bu, hər il təxminən 20-25 min ton toyuq əti idxalı deməkdir ki, bununla Azərbaycan şəhərlərinin broylerlə təminatı 35-40 min tona çatır.Lakin bu da mövcud tələbatın tam ödənilməsi demək deyil. ANS PRESS-in araşdırmasına görə, Azərbaycanın şəhər ailələrində adambaşına normal broyler istehlakı il ərzinlə 15 kiloqrama yaxındır, yəni ailələrdə digər ət məhsulları ilə yanaşı ayda orta hesabla adambaşına çəkisi təxminən 1,2 kiloqram olan toyuq əti alınır. 4,8 milyon əhali üçün bu təxminən 72 min ton toyuq əti deməkdir. Yəni Azərbaycanda əhalinin bu dietik və yüngül həzm olunan ət növü ilə qidalanması üçün broyler istehsalını daha 30-35 min ton artırmağa ehtiyac duyulur. Toyuq ətinin digər ət məhsullarına nisbətən 2,5-3 dəfə ucuz (kiloqramı 2,9-3,5 manat) olması da əhalinin aztəminatlı hissələrinin normal qidalanması baxımından çox əlverişlidir. Yəni bu şəbəkəyə iri kənd təsərrüfatı müəssisələri tərəfindən sərmayə yatırımları üçün geniş imkanlar var, bu həm də əyalət bölgələrində yeni-yeni iş yerləri deməkdir.

Lakin son illərin praktikası göstərir ki, Azərbaycanın iri broyler müəssisələri istehsalı artırmaqda maraqlı deyil. Bunu statistika da sübut edir: əgər 2007-ci ildə Azərbaycanda broyler müəsissələrinin istehsalı 30 min tona yaxın olubsa, 2011-ci ildə bu, 26,4 min ton təşkil edib. Göründüyü kimi, yerli broyler müəssisələri ildən ilə istehsalı azaldıb. Buna paralel şəkildə, broyler qiymətləri də aşağı düşüb, əgər əvvəllər toyuq ətinin kiloqramının orta qiyməti 4,5 manat idisə, hazırda bu, 3,5 manata düşüb. Bazar analitiklərinin fikrincə, bu, ucuz xarici məhsulların təzyiqi altında baş verib. Hazırda Azərbaycana toyuq əti İran, Türkiyə və Braziliyadan gətirilir və bu məhsullar arasında İran və Braziliya toyuqları daha ucuz satılır. Hazırda Bakıda Braziliya toyuqları yerli məhsuldan 10 faiz ucuz satılır, amma buna baxmayaraq bu məhsulu uzaq okeanlardan keçirərək Azərbaycana gətirmək daha rentabelli sayılır. İş dairələrinə yaxın mənbənin verdiyi məlumata görə, İrandan məhsul isə qat-qat ucuz başa gəlir. Mənbə Azərbaycanda yerli broyler istehsalını öldürən əsas səbəbin də İrandan gətirilən məhsulun həddindən ucuzluğu ilə bağlı olduğunu da deyir. Məsələ bundadır ki, iqtisadi embarqo üzündən Körfəz və Yaxın Şərq ölkələrinə məhsul ixrac edə bilməyən İran şirkətləri alternativ bazarlardan biri kimi Azərbaycanı seçiblər. Bu versiyaya görə, İrandan idxal edilən bu məhsulların kiloqramı yol xərci qarışıq 1 manatı keçmir. Həmin məhsullar Azərbaycanda ya az-çox tanınan firmaların brendi altında qablaşdırılır, ya da təzə toyuq kimi bazarlara çıxarılır. Mənbənin dedikləri gerçəkdirsə, yəqin ki, yuxarıda sadalanan 30 min tonluq bazar kəsiri məhz bu yolla qapadılır.

Açığı bu məhsulların Azərbaycana rəsmi yolla girməsinə inanmaq olmur. Çünki Bakıda rəsmi satışda İran brendlərinin məhsullarına heç rast gəlinmir. Həm də bu, istənilən halda Azərbaycanın öz broyler sənayesini məhv edir. ANS PRESS-in araşdırmasına görə, Bakıda və Abşeron yarımadasında toyuq ətinin bir kiloqramı bütün xərclər qarışıq iş adamlarına 2 manatdan baha başa gəlir, kiçik müəssisələrdə hətta 2,5 manatı keçir. Qiymətin İran və Braziliya məhsulları ilə müqayisədə bahalı olmasının əsas səbəbi yemlə bağlıdır, çünki broyler ətinin qiymətinin 70%-ni məhz yem təşkil edir ki, Azərbaycanda yem İran və Braziliya ilə müqayisədə çox bahadır. Həmçinin bizdə əmək haqları da İrana baxanda yüksəkdir.

Nəticə odur ki, pressinqə dözməyən bu cür sexlər işini dayandırır və yüzlərlə insan iş yerini itirir. Məsələnin ən xoşagəlməz tərəfi isə həmin məhsulların istehsalı üzərində Azərbaycanın nəzarətinin olmamasıdır. Məsələ bundadır ki, Azərbaycan əhalisinin əksəriyyəti halal üsulla kəsilmiş, həmçinin yem bazası ekoloji və dini baxımdan yol verilən rasionda təşkil edilmiş broyler məhsullarına üstünlük verirlər. Yerli şirkətlər də öz məhsullarının bu tələblərə cavab verdiyinə alıcıları inandıra biliblər, yəni kəsim sexlərinə videomüşahidə qoşublar, beynəlxalq islami təşkilatlardan sertifikat alıblar və s. Bu baxımdan kimlərinsə əhalini ona aydın olmayan yollarla gətirilmiş, tərkibinə genofondumuz üçün təhlükəli maddələrin doldurulmadığına heç kimin zəmanət vermədiyi on min tonlarla mənşəyi bilinməyən toyuq ətini yemləməsi çox təhlükəli nəticələr verə bilər. Bu, millət olaraq gələcəyimizi gec açılan bomba kimi fəlakətə doğru apara bilər. Hər halda, rəsmilər bu məqamın üzərində düşünməli və bu sahəyə nəzarəti gücləndirməlidir. /anspress.com/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın