Menu
Geri İrəli

İpoteka düyünü niyə çözülmür? – EKSPERT RƏYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2012 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

Daşınmaz əmlakı alacaq qədər imkanı olmayan insanlara yardım etmək üçün nəzərdə tutulan ipoteka bu gün dünyanın bir sıra ölkələrində geniş tətbiq edilir. Həmin ölkələrdə sadələşdirilmiş şərtlərlə, asan yolla ipoteka kreditləri əldə edən əhalinin əksəriyyəti mənzil almağa nail olurlar. Bu gün ölkəmizdə ipoteka kreditləri tətbiq olunsa da bundan əhalinin çox cüzi bir hissəsi yararlana bilir. Səbəbi isə əlbəttə ki, bu sahədə mövcud şərlərlə bağlıdır.

“FAİZLƏR ENDİRİLMƏLİDİR”

Qeyd edək ki, bugünlərdə Milli Məclisdə ipoteka krediti ilə bağlı məsələnin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov sosial ipoteka üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılmasının mümkün olmadığını bildirib. Nazir deyib ki, sosial ipoteka üçün ayrılan vəsaitin artırılması, gənc ailələrin mənzil alması üçün güzəştlər edilməsi təklifləri ilə razıdır: “Ancaq burada maliyyə yükündən söhbət gedir. Deputatlar hər il 25 min ailəyə sosial ipoteka verilməli olduğunu deyir. Bunun üçün ildə 1 miyard manata yaxın pul tələb olunur. Bunun isə dövlət büdcəsindən ayrılması mümkün deyil”. Beləliklə, nazir maliyyə baxımından bunun mümkünsüzlüyünü deyir.

MM-in İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Əli Məsimli ANN.Az-a bildirdi ki, ipoteka ilə bağlı hökumətə təkliflər hazırlanır: “Həmin təkliflər ötən ilin sonunda hazırlanıb, amma hələlik bu sahədə vəziyyətin nə yerdə olması barədə konkret məlumat yoxdur”.

Millət vəkilinin sözlərinə görə, Rusiyada hökumət ipoteka kreditlərinə görə faiz dərəcəsini 5-6 faizə endirmək qərarına gəlib: “Azərbaycanda da bu istiqamətdə təkliflər olsa da, onların qəbulu yubadılır. Fikrimizcə, bu sahədəki işlər sürətləndirilməli və adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 1-2 faizə endirilməlidir. Bununla yanaşı ipoteka krediti ilə verilən vəsait heç olmasa, ailəyə iki otaqlı mənzil almağa yetərli səviyyəyə qaldırılmalıdır. İlkin ödənişin aradan qaldırılması və ya daha əlçatan variantla əvəz edilməsi də zəruridir. Elə mexanizm hazırlanıb tətbiq olunmalıdır ki, rayonlarda yaşayanlar da ipoteka kreditindən faydalana bilsin. Budcədən ipoteka kreditləri verməkdən ötrü 20 mln. manat vəsait ayrılır ki, bu da real tələbat fonunda çox kiçik məbləğdır. Ona görə də ipotekaya 40 milyon manat ayrılmasını müsbət qarşılayırıq, eyni zamanda həm də, yaxın illərdə həmin vəsaitin 100 mln. manata çardırılması məqsədəuyğun olardı”.

Ə.Məsimli onu da bildirdi ki, orta əmək haqqı səviyyəsində aylıq gəliri olan Azərbaycan vətəndaşı ipoteka vasitəsilə 17 min manatlıq ev ala bilər ki, reallıqda bu qiymətə mənzil yoxdur: “İkili mühasibatın geniş yayıldığı yerlərdə işçi ayda 800-1000 manat maaş alsa da,  sənədlərdə onun maaşı 200 manat ətrafında göstərilir, buna görə də yetərli məbləğdə ipoteka krediti götürə bilmir. Bu problemin də həlli sürətləndirilməlidir”.

Millət vəkilinin fikrincə, gənc ailələrin və güzəştli kateqoriyaya aid edilən digər qruplar üçün xüsusi ipoteka rejiminin tətbiqinə ehtiyac var: “İpoteka krediti vasitəsilə gənc mütəxəssislərin rayonlara, kəndlərə işə getməsini stimullaşdıran layıhələr həyata keçirilməlidir, gənc kəndə işləməklə yanaşı, həm də ev-eşik, torpaq sahibi olsun, vaxtında ailə qura bilsin, kəndin inkişafına öz intellektual töhfəsini verə bilsin. Hökumət ipoteka sahəsində dəyişikliklər edərkən bu sadalanan və digər məlum məqamları da nəzərə almalıdır”.

“HEÇ BİR ÖLKƏDƏ 18 SƏNƏD TƏLƏB OLUNMUR”

İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirdi ki, 2013-cü ildə ipoteka ödənişləri ilə bağlı ayrılan vəsaitin həcmində artımlar var, sosial ipotekanın məbləği iki dəfə artıb: “Lakin bu da yetərli deyil. Çünki sosial ipotekaya tələbat heç də 40 milyon manatla məhdudlaşmır. Bu baxımdan ilk növbədə vəsaitlərin artırılması vacibdir. Eyni zamanda hökumət çalışmalıdır ki, sosial ipoteka verilməsində dövlətin rolunu azalda bilsin. Daha çox digər maliyyə mənbələri hesabına ipoteka ödənişlərini həyata keçirmək mümkün olsun”.

Ekspertin fikrincə, bununla yanaşı, ipoteka kreditləşməsində şərtlərin təkmilləşməsinə ehtiyac var. Sosial ipoteka üzrə mövcud şərtlər, vətəndaşların həmin kreditlərdən səmərəli istifadəsinə imkan yaratmır. V.Bayramov deyir ki, ipoteka proqramının təkmilləşməsi üçün ilk olaraq faiz dərəcələrinin yenidən baxılmasına, bu dərəcələrin azaldılmasına ehtiyac var: “İkincisi isə sosial ipoteka kreditləşməsində ilkin ödəniş mexanizminə yenidən baxılmalıdır. Nəzərə alsaq ki, əhalinin 20 faizi ilkin ödənişi edə bilmir, bunun İpoteka Zəmanət Fondu tərəfindən həyata keçirilməsi düzgün olardı. Digər məqam sosial ipoteka kreditlərindən yalnız ailəli deyil, subay gənclərin də yararlanmasına imkan yaradılmasıdır. Bu gün gənclərin ailə qurmamasının əsas səbəblərindın biri onların evinin olmamasıdır. Bu baxımdan məhz subay gənclər də ipoteka kreditləşməsindən istifadə etməlidir”.

Ekspertin fikrincə, sosial ipotekadan istifadənin genişləndirməsinə ehtiyac var: “Bu gün Azərbaycanda ipoteka almaq üçün tələb olunan sənədlərin sayı 18-dir ki, bunun azaldılmasına ehtiyac var. Dünyanın heç bir yerində ipoteka krediti almaq üçün 18 sənəd tələb olunmur. Ümumiyyətlə, bu proqram faiz dərəcələrinin azaldılması, ilkin ödənişlə bağlı yeni mexanizmin tətbiq edilməsi, sənədlərin sayının azaldılmasını əhatə etməlidir ki, bundan sonra vətəndaşlar üçün əlçatan ola bilər”.

DÖVLƏT RƏSMİSİNDƏN NİKBİN AÇIQLAMA

Onu da qeyd edək ki, bugünlərdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər və İdman Nazirliyi tərəfindən sosial ipoteka ilə bağlı təkliflər paketinin hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, müəyyən razılaşmalar, əlavə və düzəlişlər edildikdən sonra gənclərə sosial ipotekaların verilməsi bu və ya digər şəkildə tətbiq olunacaq. Yeni təkliflərdə sosial ipoteka kreditlərinin verilməsi şərtlərinin dəyişdirilməsi və faiz dərəcələrinin aşağı salınması öz əksini tapıb.

İ. Babayev gənclərin gələn ildən sadələşdirilmiş ipoteka kreditlərini ala biləcəklərinə ümidvar olduğunu deyib. Qeyd edib ki, əsas təkliflərdə veriləcək kreditlərin məbləğinin bugünkü 35 min manatdan daha yüksək məbləğə qaldırılması, ipoteka kreditlərinin təkcə gənc ailələrə deyil, subay gənclərə də verilməsi nəzərdə tutulub: “Eyni zamanda, təkliflərdə kateqoriyaların sayı da genişləndirilib. Artıq ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər daha geniş gənclər kütləsini əhatə edəcək. Əvvəlki təkliflərdə sosial ipotekanın dövlət qulluqçuları, hərbçilər, elmi dərəcəsi və ya adı olan insanlara verilməsi nəzərdə tutulurdusa, yeni təkliflərdə dərəcəsi olmayan, lakin elmi fəaliyyətlə məşğul olan gənclərə də ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur. Çünki ola bilər ki, gəncin elmi dərəcəsi olmasın, lakin bu və ya digər elmi tədqiqat işləri ilə məşğul olsun. Bu da onun fəaliyyətini stimullaşdırmaq üçün əlavə imkan verəcək. Eyni zamanda, fəxri adlara layiq görülən gənclərə də ipotekaların verilməsi, mənzillərin verilmə qaydalarının yüngülləşdirilməsi təklif olunub. Bütün bu təklilər qəbul olunarsa, ipoteka alacaq gənclərin dairəsi kifayət qədər genişləndiriləcək”.

Beləliklə, gənclərə yalnız bu təkliflərin qəbul edilməsini, ümumilikdə isə əhaliyə hələ ki, ipoteka kreditlərinin şərtlərinin asanlaşmasını gözləmək qalır.

Nigar
ANN.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın