Menu
Geri İrəli

“Karvan”ın yanması qiymət artımına səbəb olubmu?

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2013 • Baxış sayı: 502 dəfə • 1 şərh

944630_534074580003528_881612910_nQiymətlər son gündə dəyişibmi? Dəyişibsə, hansı amillərə görə?

 Bildiyimiz kimi, bu günlərdə “Karvan” ticarət mərkəzində dəhşətli yanğın oldu. Bu yanğın sumqayıtlılara böyük maddi, mənəvi, psixoloji zərbə vurdu. Ümumilikdə təqribən iki minə yaxın insan böyük maddi zərər çəkdi, biznesini itirmək təhlükəsi ilə üz-üzə qaldı, həmçinin daimi iş yerlərini itirdilər. Təbii ki, yanğın fəlakətinin fəsadları bununla bitmədi. İlk öncə, gözə görünən bu, oldu ki, böyük işsizlər ordusu yarandı, şəhərin mərkəzində gözəl arxitekturaya malik bir tikili sıradan çıxdı, eyni zamanda bəzi işbazlar və biznes rəqiblər bundan şadlanaraq mövcud durumdan sui istifadə etməyə çalışdılar. Bizə gəlib çatan məlumatlara görə hətta bəzi ticarət mərkəzləri və obyektlərdə süni qiymət artımları müşahidə olundu. Bütün bunlardan çıxış edərək alternativ ticarət mərkəzlərinə baş çəkdik, vəziyyətlə yerində tanış olmağa çalışdıq. İlk olaraq Cavid ticarət mərkəzinə baş çəkdik. Satıcılara bu suallarla müraciət etdik.

 -          Qiymətlər son gündə dəyişibmi?

 -          Dəyişibsə, hansı amillərə görə?

 İlk olaraq Elnurə Rəhimova adlı satıcıya yaxınlaşdıq. O, suallarımızı bu cür cavablandırdı:  - Son günlər qiymətlərdə heç bir dəyişiklik yoxdur. Bu yanğından sonra biz satıcılar yeni geyimlər gətirməyə belə qorxuruq. Düzdür, yanğından sonra bizim ticarət mərkəzinə üz tutanların sayında artım hiss olunur. Amma hələ ki, yeni geyimləri mövsümlə əlaqədar olaraq noyabr ayından gətirəcəyik.

 Kəmalə Həsənova (satıcı): – Qiymətlərdə heç bir artım yoxdur. Əgər bir ticarət mərkəzi yanırsa, digər ticarət mərkəzində qiymətlər artmalıdır! Məhsullar – geyimlər həmin ticarət mərkəzində istehsal olunmur ki, qiymətlər də artsın.

 Çingiz Məmmədov (satıcı): – Qiymətlərdə heç bir artım yoxdur və yaxın günlərdə də artacağı gözlənilmir. Buna əmin ola bilərsiniz.

 Firəngiz Seyidova (satıcı): – Hələ ki, heç bir artım yoxdur. Amma mövsümlə əlaqədar təzə paltarlar gəlməyib. Onlarda qiymət artımının olub-olmayacağı haqda məlumatım yoxdur. Bunu, inşallah, noyabrda biləcəyik.

 Bəs, görəsən, “Şərq bazarı”nda vəziyyət necədir? Qiymət artımı müşahidə olunmurmu orada? “Şərq bazarı”nda isə qarşımıza çıxan ilk satıcı suallarımızı bu cür cavablandırdı.

 Nailə İsmayılova: – Qiymətlər son günlərdə dəyişib, amma bu “Karvan”dakı yanğından əvvəl olub. Cüzi qiymət artımı daha çox Türkiyədə istehsal olunmuş geyimlərdə hiss olunur. Elə geyimlər var ki, endirimdədir. Bunlar daha çox yaz-yay mövsümü geyimləridir. Elə gənclər var ki, bu endirimdən istifadə edərək geyimlərini indidən alırlar.

 İlkin Vəliyev (satıcı): – Qiymətlərdə son günlər dəyişiklik, artım hiss olunmur. Amma alıcı çoxluğu gözəçarpacaq dərəcədədir. Biz də istəyirik ki, fürsətdən istifadə edərək yeni alıcılar qazanaq.

 Ramin Əliyev (satıcı): – Son günlər geyimlərdə qiymət artımı hiss olunmur. Məncə, buna əsas da yoxdur.

 Zamiq Abdullayev (satıcı): – Qiymət artımı, əsasən, payız-qış mövsümünə aid olan geyimlərdə hiss olunur. Bu qiymət artımını “Karvan” Ticarət Mərkəzindəki yanğınla əlaqələndirmək olmaz. Hər il oktyabr-noyabr aylarında qalın geyimlərdə bahalaşma hiss olunur. Bu da daha çox brend mallarda hiss olunur.

 Bəs görəsən, qiymət artımı ilə bağlı şəhər sakinləri nə düşünür. Ümumiyyətlə, alış-verişdə qiymət artımı hiss edirlərmi? Bununla bağlı şəhər sakinləri arasında qısa bir sorğu etdik. Onlara bu sualla müraciət etdik:

 -          “Karvan”dakı yanğından sonra paltarların qiymətində dəyişiklik hiss olunurmu?

 Cavid Hacıyev (37 yaş, stomotoloq-həkim) – “Karvan”dakı yanğından sonra qiymətlərdə az da olsa, artım hiss olunur. Çünki bizdə satıcılara elə fürsət lazımdır ki, nəsə bir hadisə – bəhanə olsun ki, süni qiymət artımı yaratsınlar. Azərbaycanda süni qiymət artımı, görəsən, nə vaxtsa bir dəfəlik yox olacaq?

 İlahə İbrahimova (21 yaş, tələbə) – Şəhərimizdəki “Karvan” ticarət mərkəzindəki yanğından sonra digər böyük və kiçik ticarət mərkəzlərində qiymət artımı müşahidə olunmur. Lakin çeşid, müasir – dəbli geyimlərdə qıtlıq hiss olunur. Həm əvvəllər zövqümə uyğun geyimləri “Karvan” ticarət mərkəzindən rahat tapa bilirdim. İndi isə bəzən günlərlə gəzirəm, amma ürəyimcə bir geyim seçə bilmirəm. İstərdim tezliklə “Karvan” ticarət mərkəzi bərpa edilsin və yenidən fəaliyyətə başlasın.

 Raziyyə Əliyeva (49 yaş, evdar xanım) – “Karvan”dakı yanğından sonra paltarlarda qiymət artımı cüzi də olsa, hiss olunur. Bu da daha çox payız-qış mövsümünə aid olan geyimlərdə.

 Zaur Atakişiyev (58 yaş, təqaüdçü) – Fikrimcə, “Karvan” ticarət mərkəzində baş verən yanğının səbəbləri başqadır… Zamanı gələndə öyrənərsiniz. Qaldı ki, qiymət artımına, bu hiss olunmur. Bu yanğın bəzi ticarət mərkəzlərinə yeni alıcı toplamaq üçün əla şansdır. Ümid edirəm ki, bu şansdan layiqincə istifadə edəcəklər.

 Elmir Ağayev, 168saat.com

 P.S. Paltar mağazalarından birində isə adının hallanmasını istəməyən satıcı bunları dedi:

 - “Karvan” yanan günün sabahı müdir gəldi bizə dedi ki, qiymətləri qaldırmaq lazımdır, bütün malların üzərindəki qiymətləri qoparın…

Facebook Şərhləndirmə:

““Karvan”ın yanması qiymət artımına səbəb olubmu?” yazısına bir cavab

  1. gunel deyir:

    Zerercekmislere kim komek duracaq….ermenifen iran dan turandan vermeyin ey sumqayitdaki zerercekmislerin beli qirildi.özumuzden bixeberik? Ypxsa milletimize laqüyidik?

Şərhinizi yazın