Menu
Geri İrəli

Keçici hökumət müzakirələri Türkiyə siyasətini böldü

Müəllif: Sumqayitxeber.com • Tarix: 27 Avqust 2015 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

img1885691Milliyyətçilərin liderinin oğlu AKP-nin təklifini qəbul etdi, AKP hökumətə dəstək verməyən MHP və CHP-ni ittiham edir

Türkiyədə keçici hökumətin qurulması üçün başladılan proses ölkə siyasətində bomba effekti verib. Ölkə qanunlarına əsasən erkən seçkiləri keçirmək üçün qurulacaq 3 aylıq keçici hökumətin qurulması prosesi bir neçə gün əvvəl başlayıb. Ölkə prezidentinin hökumət qurmaq səlahiyyəti verdiyi baş nazir Əhməd Davudoğlunun parlamentdəki müxalifət partiyalarına hökumətdə iştirak təklifi göndərməsi əsl qalmaqala səbəb olub.
Qeyd edək ki, mövcud qanunlara və parlamentdə mandat bölgüsünə əsasən baş nazirdən başqa 11 nazir postu AKP-yə, 5 post CHP-yə, MHP və HDP-nin hər birinə isə 3 post təklif olunmalıdır. 3 nazir postu (ədliyyə, daxili işlər və rabitə) isə müstəqil şəxslərə veriləcək. Ancaq baş nazirin kabinetdə iştirak təklifi göndərdiyi partiyalarda sözün əsl mənasında qalmaqal qopub. İlk olaraq MHP-nin İzmirdən deputat seçilmiş partiya sədrinin müavini Kenan Tanrıkulu baş nazirin hökumətdə iştirak təklifindən imtina etməklə yanaşı, üstəlik partiyadakı sədr müavini postundan da istefa verib. O, bu addımını hakimiyyətin MHP-nin sədr müavininə vəzifə təklif etməsinə etiraz kimi əsaslandırıb.
Ə.Davudoğlunun vəzifə təklif etdiyi digər MHP üzvü, deputat Meral Akşener də təklifdən imtina edib. Ancaq nazir postu təklif edilən 3-cü şəxs, MHP-nin keçmiş sədri, Türkiyə milliyyətçilərinin əfsanəvi lideri Alparslan Türkeşin oğlu Yıldırım Toğrul Türkeş Ə.Davudoğlunun hökumətdə iştirak təklifini qəbul edib.
T.Türkeşin bu qərarı MHP-də şok effekti doğurub. AKP ilə koalisiya danışıqlarından imtina edən, sərt müxalifət mövqeyi nümayiş etdirən MHP-dən hökumətə əməkdaşlıq əli uzadılması partiya rəhbərliyinin sərt reaksiyasına səbəb olub. MHP sədrinin müavini postunu tutan Toğrul Türkeşin vəzifəsindən və partiyadan çıxarılması ilə bağlı qərar verilib.
Qeyd edək ki, Toğrul Türkeş 1997-ci ildə A.Türkeşin ölümündən sonra keçirilən seçkilərdə MHP sədri olmaq istəsə də, hazırkı MHP sədrinə uduzmuşdu. D.Bahçeli həmin vaxtdan bu günə qədər MHP sədri olmaqda davam edir. Toğrul Türkeş MHP-dən ayrılaraq, Aydınlıq Partiyasını qursa da, seçkilərdə uğur qazana bilməyib, 5 ildən sonra yenidən MHP-yə geri qayıdıb. Ancaq ötən müddətdə Toğrul Türkeşin partiyanın sədri Devlet Bahçeli ilə münasibətləri yaxşı olmayıb. Onun partiya qərarına zidd olaraq, AKP-nin qurduğu keçici hökumətə qatılmağa razılıq verməsi ilk dəfə olaraq, MHP-dən üzvlərin partiya qərarına ən yüksək səviyyədə zidd getməsi kimi tarixə düşür.
Toğrul Türkeşin bu addımı partiyanın sədri Devlet Bahçelinin sərt etirazına səbəb olub. Malazgird müharibəsinin ildönümü ilə bağlı sosial şəbəkədən yaydığı mesajlarda D.Bahçeli üstüörtülü şəkildə Toğrul Türkeşi tənqid edib və onu bu addımla dəyərlərə xəyanətdə ittiham edib.
Qeyd edək ki, hazırda CHP-nin də ümumi olaraq, keçici hökumətə qatılmaq təklifindən imtina etdiyi məlumdur. Partiyanın nazir vəzifəsi təklif edilmiş bir sıra deputatları artıq mövqelərini nümayiş etdiriblər.
Ötən gün baş nazir Ə.Davudoğlu Toğrul Türkeşə hökumətdə iştirak təklifinə müsbət cavab verdiyi üçün təşəkkür edib. Eyni zamanda Ə.Davudoğlu MHP və CHP liderlərini tənqid edib, onları hökumətin qurulmasına dəstək verməməkdə günahlandırıb.
Onu da qeyd edək ki, əgər CHP və MHP imtina edərlərsə, hökuməti AKP və HDP, o cümlədən də müstəqil namizədlər formalaşdıracaq. Keçici hökumət ən çoxu 3 ay hakimiyyətdə olacaq və seçkilərdən sonra istefaya gedəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın