Menu
Geri İrəli

“Mənim Azərbaycan yığmasında yer almağa haqqım çatır”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2012 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” məşqlərini “Bayıl Arena”da davam etdirir. Komandanın hücumçusu Pərdis Fərcad-Azad hazırlıq mərhələsi və qarşıdakı oyunlarla bağlı klubun rəsmi saytına müsahibə verib.
- Komandanın hazırlıq mərhələsi barəsində nə deyə bilərsən?
- Hər gün “Bayıl Arena”da hazırlığımızı davam etdiririk. Ən böyük çətinliyimiz heyətlə bağlıdır. İlk onbirliklə meydana çıxa bilmirik. Lakin son görüşlərlə müqayisədə əsas heyət üzvlərindən bəziləri sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə olduqca yüksəkdir. Hamılıqla növbəti iki oyunumuz “Rəvan” və “Kəpəz”lə qarşılaşmaları düşünürük.
- “Sumqayıt” “Rəvan”la qarşılaşmadan hansı nəticə ilə ayrılacaq?
- İli uğurlu nəticələrlə başa vurmaq istəyirik. Bunun üçün qarşıdakı “Rəvan” və “Kəpəz”lə oyunu fikirləşirik. Əvvəlcə həftəsonu “Rəvan”la üz-üzə gələcəyik. Bu qarşılaşmada məğlub olmaq istəmirik. Əsas hədəfimiz isə iki oyundan maksimum nəticə qazanmaqdı. İki matçdan 4 xal qazansaq da, bunu pis nəticə saymaq olmaz.
- Oyun zamanı meydanda ən çox kiminlə yaxşı anlaşırsan?
- Ümumilikdə götürsək, klubda yer alan hər kəslə xoş münasibətim var. Uşaqları biri-birindən fərqləndirmək istəmirəm. Həqiqətən hamının öz yeri var. Qaldı ki, meydanda çıxışıma daha çox Uğur Pamuk, Ruslan Qurbanov və Orxan Əliyevin adını çəkə bilərəm.
- Bir müddət əvvəl Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etdin. Millidə olmaq səndə hansı təəssüratları yaratdı?
- Dəfələrlə demişəm ki, mən azərbaycanlıyam. Bu ölkənin millisində olmağa haqqım çatır. Ən böyük arzularımdan biri çin oldu desəm yalan olmaz. Seleksiya xarakterli təlim-məşq toplanışı zamanı özümü yaxşı tərəfdən göstərdiyimə inanıram. Oradakı əhval-ruhiyyə məni razı saldı. Məşqlərdən sonra A millimizin baş məşqçisi Berti Foqts mənə bəzi tapşırıqlar verirdi. Məşqçilərdən öyrənəcəyim çox şeylər var. İnşallah millinin növbəti toplanışlarına da dəvət alaram.
- Premyer Liqada 16 tur arxada qalıb. Bütün klublara qarşı da çıxış etmisən. Səncə “Sumqayıt” FK mövsümü hansı pillədə tamamlayacaq?
- Əvvəldə də qeyd etdim ki, tam heyətlə hazırlaşa bilmirik. Əgər 2012-ci ildə baş tutacaq iki oyundan 6 xal qazansaq ilk altılıq uğrunda mübarizə apara bilərik. Lakin bu olduqca çətin olacaq. Bunu bacarmasaq, mövsümün sonunda turnir cədvəlini 8-ci pillədə başa vura bilərik.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın