Menu
Geri İrəli

Millini necə milliləşdirək?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2012 • Baxış sayı: 310 dəfə • Şərh yoxdur

Bəlkə də yazının başlığını oxuyan oxucuların əksəriyyəti bu dəfə də əcnəbi futbolçuların yerli statusu alaraq milli komandamızda oynama ehtimalından danışacağımızı zənn etdi. Amma biz millini milliləşdirmək deyəndə yığma komandamızı azərbaycanlılaşdırmaqdan söz açmaq niyyətindəyik.

Yadınızdadırsa, bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovun rəhbərliyi ilə müxtəlif yaş qruplarından ibarət milli komandaların məşqçilərinin iştirakı ilə görüş keçirildi və ilin yekunları müzakirə olundu. Görüşdə müzakirə olunan ən önəmli məsələlərdən biri isə Azərbaycan futbolunda xarici ölkələrin yox, özümüzün futbol sistemimizin yaradılması məsələsi idi. Qeyd edək ki, görüş zamanı bu məsələyə də münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov futbolumuzda Azərbaycan sistemini tədbiq etmək üçün güclü futbolçuların və mütəxəssislərin yetişməli olduğunu qeyd etməklə yanaşı, bu halda yaxın 5-10 ildə əcnəbi çalışdırıcılardan da imtina edə biləcəklərini vurğulamışdı. Amma məlum müzakirələrdən çox keçməmiş daha bir legioner futbolçu – “Sumqayıt”ın üzvü Pərdis Fərcad Azad yığmanın seleksiya xarakterli toplanışına dəvət olundu. Bu, isə bir daha yaxın gələcəkdə də millinin heyətində əcnəbi futbolçuları görəcəyimizə işarədir. Hər halda, AZAL klubunun əcnəbiləri Zohair Benouahi və Franko Nildonun milliləşdiriləcəyi barədə söz-söhbətlərin dolaşması da belə deməyə əsas verir. Bəs görəsən, indiki halda milli komandamızdakı legionerlərdən imtina etmək və milli komandaya yalnız yerli oyunçular cəlb  etmək olmazmı? Düzdür, əsas yığmamızda bəzi mövqelərdə səviyyəli futbolçu çatışmazlığı olduğundan legionerlərin milli komandamıza dəvət olunmasını normal qarşılamaq olar. Amma  millidə yığma komandamızı gücləndirə biləcək əcnəbilərə forma geydirməyin tərəfdarıyıq  Gəl ki, əcnəbilərdən  seçməmizə nəzərəçarpan fayda verməsi ilə seçiləni yoxdur. Deməli, milli komandamızda forma geyən əcnəbilərdən imtina etməyə dəyər.İndiki halda bunun nə dəərəcədə mümkün olduğunu mövqeylər üzrə təhlil etməklə aydınlaşdırmağa çalışacağıq.

 

Qapı

Hazırda milli komandamızın əsas qapıçısı Kamran Ağayev sayılsa da, əsas yığmamıza Andrey Papoviçin timsalında leginer qapıçı da dəvət olunur. Amma Ağayevin cəzalı olduğu Şimali İrlandiya qarşılaşmasından öncə yaşanan qolkiper problemi bir daha Ukrayna əsilli “çərçivə qoruyucusu”nun yığmaya layiq olmadığını göstərdi. Üstəlik, qolkiperin Premyer-Liqada sərgilədiyi oyun da onun sıradan qapıçı olduğunu göstərir. Təsadüfi deyil ki, artıq adıçəkilən qapıçı artıq “Turan”a da lazım deyil.  Əgər Popoviç əlahiddə bacarığa malik qolkiper olsaydı, ukraynalılar heç bir vəclə parlak gələcək vəd edən Popoviçdən əl çəkməzdi. Heç “çərçivə qoruyucusu”nun özü də Azərbaycanda çıxış etməyi Ukraynada zirvələri fəth etmək perspektivindən üstün tutmazdı. Amma Popoviç də səviyyəsinə bələddi və bu üzdən ölkəmizə üz tutub. Legioner qapıçı onu da bilir ki, Azərbaycandan fərqli olaraq Ukraynada millinin düşərgəsində içki məclisi qurduqdan sonra yığmanın qapıları onun üzünə bağlanacaq. Deməli, yığmada Kamran Ağayevin əvəzləyicisi Papoviç yox, Kamranın “Sumqayıt”lı həmsoyadı Səlahət, eləcə də “Qarabağ”dan Fərhad Vəliyev və s. olmalıdır.

 

Müdafiə

Müdafiə xəttinin sağ cinahında adətən Mahir Şükürov və Maksim Medvedev yer aldığından bu mövqe barədə çox danışmağa dəyməz.

 

Müdafiənin mərkəzində isə Rəşad Sadıqov, Ruslan Abışov, Rasim Ramaldanov və Elhad Nəziri kimi yerli və Vlodimir Levin, Bədavi Hüseynov və Usim Nduka kimi əcnəbi futbolçular yer alır. Amma millidə yerlilərin oynamsını istəyiriksə, həm ukraynalı Levinlə, həm də Bədavi Hüseynovla vidalaşmalıyıq.  Düzdür, mərkəz müdafiəçisi kimi oynayacaq yerlilər çox deyil. Üstəlik, bunu yığma səviyyəsində bacaracaq adlar daha da azdır. Belə vəziyyətdə əcnəbi müdafiəçinin yığmaya dəvət almasını anlayışla qarşılayanlar da yetərincədir. Amma ləngliyi və kobudluğa meyilli olması ilə diqqət çəkən Vlodimir Levinin, eləcə də yığmaya faydası sezilməyən Bədavi Hüseynov və Usim Ndukanın bizimkilərdən üstün olduğunu söyləmək olmaz. Belədisə, ona millidə şans verməyin nə mənası var? Adııçəkilən oyunçuların əvəzinə isə ehtiyat qüvvə kimi “Neftçi”dəki oyunu ilə rəğbət qazanan Elvin Yunuszadə və “Qəbələ”nin kapitanı Vurğun Hüseynova güvənmək olar.

 

Sol cinah oyunçusu qismində milli komandaya dəvət alan futbolçulara gəlincə, bu mövqeydə yerlilərdən Elnur Allahverdiyev, legionerlərdən isə Ufuk Budak və Əli Gökdəmir forma geyir. Amma nə “Əskişehirspor”da oynayan Ufuk Budak, nə də “Hannover”li Əli Gökdəmir əsas yığmamızın sol cinahındakı boşluğu doldurmaq iqtidarında deyil. Düzü, müdafiə xəttinin sol cinahında milli komanda səviyyəsində oynayacaq futbolçu olmasa da, bu boşluğu milliyə yaramayan türkiyəlilərlə qapamaqdansa, Elnur Allahverdiyevə “şans tanımaq” daha yaxşı olardı. Bundan başqa, millinin qapılarını “Neftçi”nin gənc oyunçusu Tərlan Quliyevin də üzünə açmaq olar. Digər tərəfdən, oyun praktikasının olduğu dövrlərdə “İnter”in üzvü Ruslan Əmircanova da bel bağlamaq olar. Sol cinah üçün daha bir alternativ varuant isə sözügedən mövqeydə oynamağı bacaran Ruslan Abışov və Maksim Medvedev güvənməkdir.

 

Yarımmüdafiə

Başlayaq yarımmüdafiənin sağ cinahından. Bu mövqe üçün yığma komandaya əsasən yerli futbolçular dəvət olunur. Yalnız millinin son matçına dəvət olunan Uğur Pamukun legioner statusunun daşıyıcısı olduğunu qeyd edə bilərik. Milli komandaya sağ cinah yarımmüdafiəçisi kimi Əfarn İsmayılov, Cavid Hüseynov kimi futbolçulardan əlavə Rəşad Abdullayevi də dəvət etmək olar.

 

Dayaq yarımmüdafiəçisi kimi isə millimizə Aleksandr Çertaqanov, Abdulla Abatsıyev və Hacı Əhmədov kimi əcnəbilər dəvət olunur. Amma həm ukraynalı Çertaqanovun, həm də rusyalılar- Əhmədovla Abatsıyevin yığma karyerasına son qoymağa dəyər. Siz deyin, axı onlar hansı böyük uğurun iştirakçısı olmağı bacarıb? Onların əvəzləyicisi kimi isə Rahid Əmirquliyev, Rəşad Sadiqov, Ruslan Abışov və Aqil Nəbiyev kimi yerli oyunçuları göstərmək olar. Bundan başqa, futbol funksionerlərimizin Ukraynanın “Krımteplitsa” klubunun yarımmüdafiəçisi Ruslan Zeynalovu diqqətdən kənarda qoyması başadüşülən deyil. Həmin Zeynalov ki, açıqlamalarının birində Azərbaycan millisinin şərəfini qoruya bilmək üçün Ukrayna vətəndaçlığından imtina etməsinin mümkünlüyünü də vurğulamışdı. Baxmayaraq ki, o, məhz sözügedən ölkədə doğulub və Luqansk futbol məktəbinin yetirməsidir. Ukraynada top qovan həmyerlimizdən danışarkən, onun Ukrayna birinci dəstəsində mübarizə aparan öncəki klubu “Aleksandriya”nın ən məhsuldar oyunçusu olmasını və klubun yüksək dəstəyə çıxmasında böyük rol oynadığını da qeyd etməliyik. Xatırladaq ki, həm dağıdıcı, həm də yaradıcı oyun üslubu ilə seçilən  30 yaşlı oyunçu təxminən, 4 il əvvəl Azərbaycan yığmasının məşq toplanışına dəvət olunsa da, sonradan aldığı ciddi zədə ucbatından diqqətdən kənarda qalmışdı

 

Yığmamız üçün ən problemli zonalardan sayılan pleymeyker mövqeyi üçün isə əsasən yerli oyunçulara güvənən məşqçilər korpusu Fabio Luis Ramimin xidmətindən uzun müddət öncədən imtina edib. Yerlilərdən isə əsasən  Elvin Məmmədova bel bağlayan Berti Foqts sözügedən mövqe üçün “Bakı”nın oyunçusu ilə yanaşı, “Neftçi”nin üzvü Cavid İmamverdiyevə və yuxarıda oyun qurucusu kimi oynamağı bacardığını vurğuladığımız Ruslan Zeynalova da forma verə bilər.

 

Orta sahənin sol cinahında isə adətən Vaqif Cavadov və Vüqar Nadirov forma geyir. Zaman-zaman yarımmüdafiənin solunda yer alan Ufuk Budak və Əli Gökdəmirin millidəki perspektivini yuxarıda təhlil etdiyimizdən yenidən bu haqda danışmağa dəyməz.

 

Hücum

Milli seçmə komandanın səviyyəli hücumçu sarıdan əziyyət çəkməsi heç kimə sirr deyil. Bu problemi aradan qldırmaq üçün kimləri milliləşdirmədik ki? İbrahim Həsənbəyov, Badri Kvaratsxelya, Leandro Qomeş, Daniel Axtyamov, Murad Hüseynov, Ruslan Qurbanov, Branimir Subaşiç, Cihan Özkara… Sonuncu üç forvard hazırda da mütamadi milli formanı geyir. Milliləşən oyunçular arasında yaxşı mənada  az-çox, Branimir Subaşiçi fərqləndirmək olar. “Xəzər-Lənkəran”ın hücumçusunun formada olduğu vaxtlarda milliyə faydalı olduğu danılmazdır, ancaq o da oyunu öz üzərinə götürərək onun gedişini dəyişmək iqtidarında deyil. Deməli, sözügedən legioner hücumçularla da vidalaşmağın vaxtıdır. Son dövrlər milli komandanın əsas qol silahına çevirilən “Qarabağ”ın santraforu Rauf Əliyev özünü yaxşı tərəfdən göstərsə də, yığmanın daha bir neçə forvarda ehtiyacı olduğu danılmazdır. Düzdür, rəqibin oyun üslubundan asılı olaraq Raufun komanda yoldaşı Vaqif Cavadova da hücumun sivri ucunda şans vermək olar. Amma bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi milli komandaya daha bir neçə hücumçu lazımdır. Bəs görəsən, bu mənada milli komandanı kim gücləndirə bilər?

Hücumçu sarıdan problemlə üz-üzə olan milli komanda da əsas söz sahiblərinin “Metallurq”unun forvardı Vüqar Əsgərova və milli komandamızın seleksiya xarakterli sonuncu toplanışına dəvət olunan “Kayzersulatern”li Rüfət Dadaşova da güvənməsi mümkündür. Düzdür, hücum xəttində müəyyən çatışmazlıqlar gözə dəysə də. söhbət milli komandada ancaq yerli futbolçulara güvənməkdən gedirsə, indiki halda sözügedən forvardlara şans vermək ən doğrusudur. Təbii ki, bununla paralel olaraq xarici ölkələrdə top qovan həmvətənlərimizin millidəki potensialını və perspektivini də nəzarətdə saxlamağa dəyər.

 

Son da isə milli komandamızın yalnız yerli oyunçulardan təşkil olunan heyətini təqdim edirik.

Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Sumqayıt”)

Müdafiəşilər: Mahir Şükürov (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”) “Elvin Yunuszadə (“Neftçi”), Ruslan Abışov (“Xəzər-Lənkəran”), Rəşad Sadıqov (“Qarabağ”), Rasim Ramaldanov (“Simurq”), Elhad Nəziri (“Milsami”, Moldova), Elnur Allahverdiyev (“Xəzər-Lənkəran”), Tərlan Quliyev (“Neftçi”), Vurğun Hüseynov (“Qəbələ”), Ruslan Əmircanov (“İnter”)

Yarımmüdafiə: Əfran İsmayılov (“Qarabağ”), Cavid Hüseynov (“Adana Dəmirspor”, Türkiyə), Rəşad Abdullayev (“Qəbələ”), Rəşad Sadiqov (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Aqil Nəbiyev (AZAL), Ruslan Zeynalov (“Krımteplitsa”, Ukrayna) Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Qarabağ”), Elvin Məmmədov (“Bakı”), Cavid İmamverdiyev (“Neftçi”)

Hücumçular: Rauf Əliyev (“Qarabağ”), Vüqar Əsgərov (“Metallurq”,Latviya), Rüfət Dadaşov (“Kayzersulatern”, Almaniya),

 

P.S. Millini milliləşdirmək təklifimiz reallaşsaydı, o zaman ilk olaraq yığma komandamızın almaniyalı çalışdırıcısı Berti Foqtsla vidalaşmaq lazım olardı. Axı hər şeyə başdan başlamaq zəruridir. Millinin başında isə Foqts dayanır. Həm də atalarımız boşuna balıq başdan iylənər deməyib.

 

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın