Menu
Geri İrəli

Moskva Bakıya nağıl danışır?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2011 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur

Vasitəçilərin cəhdləri nəticə vermir, regionda müharibə təhlükəsi artır

Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 17 il ötür. Bu müddət Dağlıq Qarabağ (DQ) probleminin nizamlanması istiqamətində atılan addımlar, keçirilən görüşlər hələ ki, uğursuzluqla sonuclanır. Torpaqlarını azad etməkdə israrlı olan Azərbaycan işğalçı dövlətin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi səbəbindən hələ də hüquqları pozulmuş tərəf olaraq qalır.

Rəsmi Bakının dünyaya DQ münaqişəsinin birbaşa beynəlxalq hüquq normalarına zidd olduğunu əyani olaraq göstərməsi, regionda mövqeyinin güclənməsi, iqtisadi prosesi və digər amillər beynəlmiləl qurumlara dolayısı ilə göstərilən təzyiq hesab olunur. Politoloqların fikrincə, Azərbaycanın qəti möqeyi və danışıqların dalana dirənməsi ATƏT-i çətin duruma salıb. Avropa DQ probleminin nizamlanmasında ATƏT-in Minsk qrupunun (MQ) səmərəsiz fəaliyyətindən dolayı narahatdır. Qurumun baş katibi Lamberta Zanyer müsahibələrinin birində Cənubi Qafqazdakı sabitliyin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək qeyd edib ki, bu, ATƏT-in əhatə dairəsi üçün mühüm amildir: “Sabitlik və inkişaf bizim regionlarda yürütdüyümüz əsas strategiyadır”, – deyə Zanyer bildirib.

Lakin DQ münaqişəsinin nizamlanması ATƏT-in imkanları çərçivəsində olmadığı özünü biruzə verməkdədir. Minsk qrupunun həmsədrlərinin tərəfləri razılığa gətirə biləcək sənədi hazırlaya bilməməsi, daha doğrusu, mövcud sənəddəki ziddiyyətli məqamların olması sülh danışıqlarının müsbət sonluqla başa çatmasına ən böyük maneə hesab olunur. Hətta qurumun rəhbəri L.Zanyer də bu fikirdədir. Doğrudur, o, MQ-nin işini dəstəkləyir, bu, belə də olmalıdır. Ancaq baş katib də ümumi razılığa gəlinəcək sənədin hazırlanmasının zəruriliyini xüsusilə önə çəkir lakin o, burada əsasən münaqişə tərəflərini suçlayır. Məsələnin mahiyyətinə baxsaq, görərik ki, haqsız tərəfə hər hansı təzyiq göstərilmir. Halbuki, MQ-nin həmsədrləri Ermənistana təzyiq edə biləcək 3 böyük dövləti təmsil edir. Ekspertlər hesab edir ki, həmsədrlər vətəndaşı olduqları dövlətlərin də sülh prosesində aktiv iştirakını təmin etməlidirlər. Fransa və ABŞ bu məsələdə nədənsə seyrçi mövqedədir. Yalnız Rusiya aktivlik göstərir ki, bu da beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Öz forpostunu ciddi-cəhdlə müdafiə edən rəsmi Moskva Azərbaycana sadəcə nağıl danışır.

Məlumdur ki, Cənubi Qafqazın hər 3 dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan regiondakı münaqişələrin iştirakçılarıdır. DQ və Cənubi Osetiya-Abxaziya problemləri bölgədə sülhü təhlükə altına alır. ATƏT-in PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suares hər üç dövlətin danışıqlar prosesində nəhayət ki, qəti addım atacağına ümid edir. O, DQ məsələsində tərəfləri addım atmağa səsləyir. Lakin yenə də unudulur ki, Azərbaycan zərərçəkən tərəfdir və onun hüquqları bərpa olunmalıdır. Yəni güzəştə gedən tərəf Azərbaycan deyil, Ermənistan olmalıdır. Suaresin fikrincə isə tərəflər öz tələblərində kompromisə getməlidir. Problemin hərbi yolla həllini isə beynəlxalq qurumlar ümumiyyətlə yaxın məsafəyə buraxmırlar.

Belə olduqda ortaya sual çıxır: Avropa qurumları regionda hansı aktiv və adekvat diplomatiya nümayiş etdirəcək?

Ekspertlər hesab edirlər ki, ilk növbədə beynəlxalq qurumlar, hansılar ki, regiona nümayəndələrini göndərirlər, onlar Ermənistana siyasi təzyiq göstərməlidirlər. Təəssüflər olsun ki, buna heç bir cəhd edilmir. Göründüyü kimi, DQ probleminin nizamlanmasında strategiyanın dəyişilməsinə ehtiyac var. Hal-hazırda götürülən xətt etibarlığını itirib.

Təqdim etdi: Elvin, “168saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın