Menu
Geri İrəli

“Narkomafiyanın istifadə etdiyi əksər marşrutlar Azərbaycandan keçir” – Şok məlumatlar

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2014 • Baxış sayı: 382 dəfə • Şərh yoxdur

Arzu Nağıyev: “Azərbaycanda ən böyük heroin partiyası 2008-ci ildə tutulub”

 arzu-naqiyev

İyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) beynəlxalq narkotrafikin qarşısının alınması haqda rəsmi məlumat yayıb. Bəlli olub ki, Azərbaycandan Gürcüstan ərazisinə daxil olan yük maşınında 2 ton 790 kiloqram “maye heroin” tutulub. Gürcüstan güc strukturlarının əməkdaşları avtomaşının yük yerində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkar ediblər. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Bu günə qədər həmin narko – yükün ölkəmiz ərazisindən hansı marşrut üzrə keçməsi, sərhədlərimizi necə adlaması məlum deyil.
Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün siyasi ekspert, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyevə müraciət etdik.
A.Nağıyev deyir ki, Gürcüstan DİN-in yaydığı məlumatdan bəlli olur ki, həmin daşıma tranzitlə ölkəmizin ərazisindən keçib: “Tranzit malı beynəlxalq qanunlara görə, açmaq qadağandır. Bu spesifik mal deyil. Narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplaşmalar narkotikin daşınması üçün ən müxtəlif variantlara əl atırlar. Bir ölkədən o biri ölkəyə cərrahi əməliyyata öz adamlarını göndərirlər, əməliyyat edib həmin adamın mədəsinə, bağırsaqlarına narkotik doldurub geri qaytarırlar. Təyinat ölkəsində də həmin şəxs yenidən əməliyyat olunur, qarnından narkotik çıxarılır. Yəni ən ağlasığmaz üsullara əl atılır. Həmin maye heroin də daşınmanın təmin olunmasına görə düşünülüb. Distilə edilmiş su ilə heroin tozunu qatırlar. Bu inyeksiya üçün hazır məhsuldur. Narkomanlar narkotiki qaşığa töküb distilə edilmiş su ilə qatıb qaynadır və damara yeridirlər.
Yəni həmin heroin istifadəyə hazır olur və daşınması da digər heroin formalarından bir qədər rahatdır. Digər tərəfdən də həmin maye heroini sonradan kristala çevirmək olur.
- Tranzitlə ölkə ərazisindən keçən malları yoxlama səlahiyyəti hansı quruma verilib? 
- Gömrükçülər tranzitlə ölkə ərazisindən daşınan mala maşının möhürünü açıb baxa bilirlər. Bu hadisədə sırf gömrüyü günahlandırmaq düzgün deyil. Çünki həmin maye heroin qeyri-spesifik maldır.
- Belə başa düşmək olar ki, qeyri-spesifik mal adı ilə Azərbaycan üzərindən narkotranzit həyata keçirilməsi mümkündür? 
- Qeyri-spesifik mal daşıyan maşınlar şübhə doğurduqda xüsusi qurğularla onları yoxlamaq olur.
- Belə qeyri-spesifik malların ölkə ərazisindən keçirilməsi bu qədər çətindir? 
- Tədbirlər görülür. Həmin o qurğudan yük maşınları keçiriləndə təkcə narkotik deyil, digər qaçaqmalları da aşkarlamaq mümkündür. Tranzit malların açılması üçün mütləq gömrüyün icazəsi olub.
- Azərbaycan ərazisindən tranzitlə keçən heroin və digər narkovasitələrin müəyyən edilməsi halları tez-tez olur? 
- Bəli. Ən böyük heroin partiyası 2008-ci ildə tutulub. Həmin vaxt Əfqanıstandan Hollandiyaya göndərilən 142 kiloqram ağır narkotik hesab olunan heroin tutulmuşdu. Həmin narkotik Əfqanıstandan İrana, oradan Azərbaycan və Gürcüstandan Ukraynaya keçib Avropaya getməli, Hollandiyaya çatdırılmalı idi. Lakin Azərbaycanda həmin narkotik saxlanıldı. Həmin narkotikin 36 milyon avro qiyməti var idi. Yəni Azərbaycanda belə halların qarşısının alınması üçün mübarizə aparılır.
- Gürcüstan Daxili İşlər Nazirliyi saxladıqları narkotikin Azərbaycan sərhədlərini rəsmi şəkildə keçməklə Gürcüstana daxil olduğunu açıqlayıb. Əgər mübarizə aparılırsa, 2 ton 790 kiloqram narkotik ölkə ərazisindən, həm də rəsmi sərhədləri aşmaqla necə keçib? 
- Narkotiklərin daşınmasında şimal və cənub marşrutu var. Ölkəmiz elə bir məkanda yerləşir ki, narkoqaçaqçılar əfqan mənşəli narkotikləri Avropaya daşımaq üçün istifadə etdikləri marşrutların demək olar ki, hamısı Azərbaycan üzərindən keçir. Həmin marşrutlar bunlardır: Əfqanıstan-İran-Azərbaycan -Gürcüstan-Avropa. Əfqanıstan-Orta Asiya-Azərbaycan-Gürcüstan-Avropa. Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa. Əfqanıstan-İran-Dağlıq Qarabağ-Ermənistan.
- Gürcü tərəfi saxlanılan heroinin Azərbaycanın sərhədlərini keçdiyini deyir. Yəni işğal olunmuş ərazilərimiz üzərindən narkotrafikin həyata keçirilməsindən söhbət getmir. Bu halda Azərbaycan tərəfi baş vermiş narkotranzitlə bağlı hansı addımlar atmalıdır? Yəni cavabdehlik daşıyan şəxslər müəyyən olunub cəzalandırılmalıdır?  
- Gürcüstan tərəfi həmin yükü harada tutulmasını açıqlamır. Niyə? Həmin yük Azərbaycan ərazisindən daşınanda bir adda, Gürcüstanda tutulanda isə başqa adda olub. Həmin yükün adını, daşındığı qablar üzərindəki etiketləri kim dəyişib? Ola bilsin ki, Gürcüstanın ərazisində “perevaloçnı punkt”(qanunsuz yük stansiyası-E.M) var! Yəni Azərbaycandan başqa mal aparılıb və həmin yükün “perevaloçnı punkt”da tərkibi dəyişdirilib, üzərinə başqa malın etiketləri vurulub. Gürcüstan polisi həmin malı Türkiyə ilə sərhəddə tutub. Yəni Azərbaycan sərhədini keçən kimi tutmayıblar. Həmin maşın Gürcüstan ərazisi ilə on kilometrlərlə yol gedib. Həmin marşrut üzərində “perevaloçnı punkt”un olmasını istisna etmirəm. Azərbaycan sərhədində heç kim o boyda partiya heroini buraxmaz.
- “Turan” belə məlumat yaymışdı ki, həmin yük maşını Azərbaycandan tranzitlə üzərində “FAB” boya şirkətinə aid reklamla keçib. Yəni belə görüntü olub ki, daşınan yük boyadır. Sizin malik olduğunuz məlumatla bu məlumat haradasa üst-üstə düşür.
- Aydınlaşdırılmalıdır ki, həmin yük Azərbaycandan Gürcüstana hansı adla daxil olub? “FAB” boyası, yoxsa başqa bir adla. Digər tərəfdən də əgər mal Gürcüstanla Türkiyə sərhədində tutulubsa, belə qənaətə gəlmək olar ki, həmin mal Türkiyəyə aparılırmış.
- Azərbaycan dövləti narkotiklərin qanunsuz  dövriyyəsinin qarşısını almaq üçün hər il nə qədər pul ayırır? 
- Bu haqda dəqiq məlumata malik deyiləm. Amma müvafiq qurumlara kifayət qədər vəsait ayrılır.
- Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyası nə işlə məşğuldur?
- Həmin komissiya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan qurumların işinin koordinasiyası ilə məşğuldur. Komissiyanın sədri baş nazirin müavinidir, bir neçə nazir həmin komissiyanın üzvüdür. Həmin komissiya il ərzində bir neçə dəfə toplaşıb narkotiklərlə bağlı situasiyanı müzakirə edir, görüləcək tədbirləri müəyyən edirlər.
- Hazırkı durumda ölkə ərazisindən bu qədər narkotikin – 167 milyon dollar qiyməti olan 2 ton 790 kiloqram maye heroinin daşınmasına görə hansı qurum cavabdehlik daşıyır?
- Sübut olunsa ki, həmin heroin Azərbaycan üzərindən keçib, bu halda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmalı olan hər bir qurum məsuliyyət daşıyır.
- Məsələn, MTN əməkdaşları Azərbaycan sərhədini aşan və tranzit yük daşıyan maşında narkotik daşınması haqda məlumat alıblar. Bu halda MTN əməkdaşları əməliyyat keçirib həmin maşını saxlaya, tranzitlə daşınan yükə baxış keçirə bilərlər?
- Xeyr. Bu səlahiyyətə yalnız gömrük əməkdaşları malikdirlər. Əgər belə bir şübhə varsa, məsələ mütləq Gömrük Komitəsi ilə razılaşdırılmalı və gömrükçülərin iştirakı ilə əməliyyat keçirilməlidir.
- Bu əməliyyatın gürcü tərəfinin Azərbaycanla razılaşdıraraq həyata keçirmələri haqda məlumat var. Bu ssenari mümkündürmü?
- Bu, bir qədər qeyri-professional olardı. Yəni belə “nəzarət altında” daşıma mümkündür. Gürcüstan daxili işlər nazirinin bu əməliyyatdan əvvəl Azərbaycana səfər etməsi, hələ onun burada bu məsələni razılaşdırması demək deyil. Yəni belə məlumat olsaydı, həmin yükü Azərbaycan tərəfi saxlayardı.
- Deputat Zahid Oruc İran dövlətini bu daşımanın həyata keçirilməsinin arxasında dayanmaqda ittiham edib. Siz necə hesab edirsiz?
- 2 ton 790 kiloqram heroinin əfqan mənşəli olması haqda məlumat var. Deməli, həmin yük Əfqanıstandan İrana keçməklə Avropaya daşınıb. 2 vur 2-dir ki, İranın marağı olmasa həmin mallar ərazisindən daşına bilməz. İranın siyasi istiqamətidir ki, belə mallar tranzitlə ölkələri keçib Avropaya daşınsın.
- Belə daşımaların Azərbaycan üzərindən həyata keçirilməsinin qarşısının alınması üçün Gömrük Komitəsi ilə yanaşı digər qurumlara da şübhələndikləri tranzit yüklərin yoxlanılmasına icazə verilməsi məqsədəmüvafiq olmazdımı? 
- Şübhə doğuran yük varsa, həmin yük gömrüklə razılaşdırılıb açıla bilər.
- Bu olaydan sonra Dövlət Komissiyası işini necə qurmalıdır ki, daha effektiv mübarizə ortaya qoyulsun? 
- Narkotiklər bəşəri bəladır. Dövlət Komissiyası da əlindən gələni edir ki, mübarizə uyğun olsun. Digər ölkələrlə müqayisədə bu sahədə Azərbaycanda xeyli irəliləyiş var. Amma nəzarət bir qədər də gücləndirilməlidir.
- Ölkə ərazisində narkotik satışı şəbəkəsi haqda zaman-zaman mətbuatda məlumatlar dərc olunur. Bir neçə gün əvvəl narkotik istifadə etdiyinə görə tutulan tanınan meyxanaçı Bayram Kürdəxanlı açıq dedi ki, 30 ildir narkotikdən istifadə edir. Sual yaranır ki, mübarizə varsa, 30 il ərzində meyxanaçı narkotikdən istifadəyə görə niyə saxlanmayıb?
- 4 cür narkotik istifadəçisi var – nadir hallarda istifadə edənlər, ara-sıra istifadə edənlər (əsasən cavanlar),  daimi aludəçilər və xəstələr. Ən ağır kontingent 3-dür. Həmin meyxanaçı nəşədən istifadə edib. Yəni yüngül narkotikdən. Kimsə evində dibçəkdə narkotik becərib çəkirsə, onu müəyyən etmək elə də asan deyil.  Yəni bu Azərbaycanda narkotiklərin qanunsuz dövriyəsi ilə mübarizə aparılmaması anlamına gəlmir.
Gürcüstanda tutulan heroinin əfqan mənşəli olduğu deyilir və İran ərazisindən Azərbaycana daxil olması bildirilərək Gürcüstandan Türkiyəyə daşınması iddia olunur.
- Məgər həmin narkotiki Əfqanıstandan sərhədi adlamaqla İrana, oradan da Türkiyəyə daşıya bilməzdilər? 
- Yuxarıda narkomarşurutları sadaladım. Narkomafiyalar marşurutları xüsusi diqqətlə seçirlər və görünür, İrandan birbaşa Türkiyəyə keçid hansasa məsələyə görə onları qane etmir.
- Azərbaycanın hüquq-mühafizə orqanlarında narkomafiya ilə əlaqəsi olan kəslərin varlığı mümkündür? 
- Qeyri-mümkündür. Çalışdığım dövrdə belə halla qarşılaşmamışam.
- Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov bir qədər əvvəl narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni sıfırlayan bir sensasion faktı açıqladı – dedi ki, Azəbaycanda dövriyyədən çıxarılan narkotikləri yandırmaq əvəzinə “paraşok” yandırıblar. Sizcə bu fakt qeyri-mümkün olan məsələlərin mümkünlüyünə dəlalət etmir? 
- Demişdim, təkrarlayıram. Bu, işə vicdansızcasına yanaşmanın nəticəsidir. Kimsə 2 tabletkanın arxasına keçə bilər. Amma bir neçə yüz qramdan, kilodan söhbət gedə bilməz.
 
E.MƏMMƏDƏLİYEV, musavat.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın