Menu
Geri İrəli

Ölüm xəbəri sevgilisindən gələn əsgər

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Aprel 2010 • Baxış sayı: 545 dəfə • 5 şərh

Oğlu qəzada ölən əsgər atası: “Dünən xəbəri alandan evə girməmişəm, gecəni küçədə keçirmişəm, nə deyəcəm anasına?…”

Aprelin 3-də Sərhəd Qoşunlarının hərbi qulluqçularını aparan avtomobilin Lerik rayonunda qəzaya uğraması nəticəsində həlak olanlardan biri – Fərəcov Elnur Qaçay oğlu aprelin 4-də Sumqayıt şəhərində dəfn olundu. Lent.az-ın əməkdaşı mərhumun ailəsinin yaşadığı 10-cu mikrorayonda təşkil edilən hüzn mərasimindən reportaj hazırlayıb.

Yasa dönən bayram

Yas yerini Sumqayıt şəhər hərbi komissarlığından öyrənməli idim. Bu məqsədlə şəhərdaxili avtobusla komissarlığa doğru gedirdim. Dayanacaqdan bir qədər aralanmışdım ki, sürücünün yanında bir neçə nəfərin faciə barədə danışdıqlarının şahidi oldum. Onlara yaxınlaşaraq, mərhumun yaşadığı ünvanı öyrəndim. Daha komissarlığa getməyə lüzum qalmadı. 10-cu mikrorayonda soraqlaya-soraqlaya yas məkanını tapdım.

Doqquzmərtəbəli binanın qarşısında 10-15 nəfər dayanmışdı. Təqribən yarım saat öncə əsgəri dəfn etməyə aparmışdılar. Elə yas evinə yığışanlardan öyrəndim ki, Fərəcovlar ailəsi əslən Ermənistanın Sisyan rayonundandırlar. Ermənistandakı doğma yurd-yuvalarından zorla çıxarıldıqdan sonra bir müddət Naxçıvanda yaşayıblar. Təqribən 5 il öncə Sumqayıta köçüblər. Ailə başçısı Qaçay Fərəcov əvvəllər Müdafiə Nazirliyi sistemində hərbçi kimi çalışıb. Hazırda isə ehtiyatdadır. Elnur onun və həyat yoldaşı Xanım Fərəcovanın yeganə oğlu imiş. Mərhumun 2 bacısı da var. Biri nişanlı, digəri isə məktəbli yaşlarındadır.

Nişanlı qızın gələcək qaynı olduğunu deyən şəxs hadisə haqda televiziya vasitəsilə xəbər tutduğunu bildirdi. Bu vaxt valideynləri Elnurun qəzaya düşməsindən xəbərsiz olublar. Evdə sevinclə “gözaydınlığı” hazırlığı görülürmüş. Çünki Elnur səhər saatlarında evə zəng edərək, tərxis olunmaq üçün yola çıxmağa hazırlaşdığını bildirib. Ailə üzvləri onun ən geci ertəsi gün səhər saatlarında öz evində olacağını nəzərə alaraq, axşamdan biş-düş etməyə başlayıblar. Başları qarışıq olduğundan, televiziyaya belə baxmayıblar.

“Sevgilimdən xəbər var…”

Faciə xəbərini isə Elnurun ailəsinə sevdiyi qız çatdırıb… Axşam xəbərlərə baxıb və hövlnak Elnurun bacısına zəng edib. Sonra yavaş-yavaş qonşular, məhəllə adamı, qohum-əqrəba yığışıb bu bəd xəbərin sorağına… Ailənin Bakıda olan başçısını da çağırıblar. Və o gecəni sabah qədər Elnurun yolunu gözləyiblər… Həyəcanla, səbirsizliklə, hələ də “bəlkə bir yalan xəbərdi, özü gələcək” ümidiylə. Amma özü gəlməyib, gətiriblər onu, üçrəngli Azərbaycan bayrağına bükülü tabutda, əsgər yoldaşlarının çiynində…

Artıq Elnuru son mənzilə yola salanlar qayıtmışdılar. Bir gecədə qəddi əyilmiş atanı tanımaq elə də çətin olmadı. Beli bükülən və gözləri dolan Qaçay Fərəcova başsağlığı verənlər arasında Sumqayıt şəhər icra hakimiyyətinin məsul şəxsləri, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri ilə yanaşı, Sumqayıtın hərbi komissarı, polkovnik Samir Məmmədov da vardı.

Qaçay Fərəcovla söhbət eləmək mənə çətin idi. Ocağında çıraq yandıracaq varisini itirmişdi. Amma danışdı, hamıya qəzəbli idi, bu yel kimi gələn faciədə səbəbkar axtarırdı: “Maşını bərk sürüblər, sürücü səriştəsiz olub. Gəlməyinə 3-4 gün qalmış zəng elədi. Vəziyyətini soruşdum: “Onsuz da az qaldı, tezliklə sağ-salamat qayıdacağam” dedi. Mənə söz verdi, amma belə gəldi”.

“Oğlumu tabutda gətirdilər. Üzünü açmağa qoymadılar”. Yanırdı, danışdıqca bir az da hövsələsi daralırdı. “Hər şeydən danışacağam, bir oğlum vardı, o da getdi əlimdən…”

Həyat yoldaşı ilə söhbətləşməyi bizə məsləhət görmədi. Özünün belə 2 gündür ki, evə girməyə cəsarət eləmədiyini dedi: “Dünən xəbəri alandan evə girməmişəm. Gecəni küçədə keçirmişəm. İndi anasının vəziyyətini təsəvvür eləyə bilmirəm. Oğlunu istəyəcək məndən, nə deyəcəm ona?”

Əsgər atası Dövlət Sərhəd Xidməti, Sumqayıt şəhər İcra Hakimiyyəti və Hərbi Komissarlığının onlara dəstək olduqlarını da bildirib.

Sumqayıtın hərbi komissarı Samir Məmmədovdan da hadisə ilə bağlı fikirlərini öyrəndim. O, hazırda istintaqın getdiyini və nəticəsi barədə məlumat veriləcəyini söylədi.

Nümunəvi əsgər

Uşaqlıqdan karate ilə məşğul olan Elnur Fərəcov regional yarışlarda uğurlu çıxışı ilə əlaqədar medal və diplomlarla mükafatlandırılıb. Orta məktəbi bitirdikdən sonra Maliyyə İqtisad Kollecinə daxil olub. Ardından ilyarımlıq hərbi xidmətə yollanıb. Qaçay Fərəcov oğlunun xidmət müddətində fərqləndiyi üçün 2 dəfə 10 günlük məzuniyyətə buraxıldığını dedi. Elnur Fərəcov qaçaqmalçıların qarşısının alınmasında fəallıq göstərdiyinə görə, hərbi hissə komandiri tərəfindən fəxri fərmanla da təltif olunub.

P.S. Bu hekayə yarımçıq oldu. Mən Elnurdan nişan üzüyü gözləyən, amma əvəzində onun ölüm xəbərini ailəsinə çatdıran o qızı danışdırmalı idim. Amma tapmaq istəmədim onu. Nə soruşacaqdım ki?…

Elşən Məmmədov

LENT.AZ

Facebook Şərhləndirmə:

“Ölüm xəbəri sevgilisindən gələn əsgər” yazısına 5 cavab

  1. Bahar deyir:

    O AILELERIN NELER KECIRDIYINI DUSUNMEK BELE DEHSETE GETIRIR ADAMI.OGLUVUN EVE GLMEYINI GOZLE,EVEZINDE TABUTU GELSIN.
    ALLAH SEBR VERSIN,EVDE OLAN BALALARINI GOZLERINE CIRAQ ELESIN INSALLAH.HEYATDIDA,ONLARIN DA QISMETI BELE YAZILIB.NAHAQ YERDEN DEMIRLER KI,FANI DUNYA….

  2. Nurane deyir:

    Elnuru qiyabi olaraq men de taniyirdim.Allah onun ansina ve yaxinlarina sebr versin.Onun gelisi ucun nece hazirlasdiqlarini tesevvure getirende…

  3. Gunel deyir:

    ALLah rehmet elesin :( ((

  4. AYKA deyir:

    MEN TANIYIRDIM ONU..GUNLERI SAYIRDIM GELIB MENI GORECEK DEYE..VE BU SEVGININ QARWILIQLI OLDUGUNU DEYECEYDIM..MENE SOZ VERMIWDI AMA QISMET OLMADI…4OX 4ETINDI OLUMUNU QEBUL ETMEK!!ALLAH ONA REHMET ELESIN!VE VALIDEYNLERINE PEYGEMBER SEBRI VERSIN!!

  5. Nadile deyir:

    Allah rehmet elesin! Sebr versin!

Şərhinizi yazın