Menu
Geri İrəli

Ötən ay bahalıq olub

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2012 • Baxış sayı: 314 dəfə • Şərh yoxdur
Share Button
İqtisadi Tədqiqatlar Mərkəzi: «Noyabrda bütün mal və xidmət qrupları üzrə artım baş verib»

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) noyabr ayı üzrə inflyasiya səviyyəsini açıqlayıb. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, noyabr ayında Azərbaycanda 1,86 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 2,70 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 1,16 faiz, xidmət tarifləri isə 0,51 faiz bahalaşıb.

Oktyabr ayına nisbətdə noyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,43 faiz , regionlarda isə 1,30 faiz bahalaşıb. Ay ərzində ən çox xiyar, toyuq yumurtası, uşaqların tərbiyəsi və təhsili ilə məşğul olan muzdla tutulmuş şəxslərin xidməti(repetitor xidmətləri), təmizlənmiş düyü bahalaşıb. Göyərti, xurma, kondisioner isə ucuzlaşıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin on bir ayında ölkədə 8,05 faiz, o cümlədən Bakıda 12,25 faiz, regionlarda isə 3,92 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 11,73 faiz, xidmətlər 5,18 faiz, qeyri-ərzaq məhsulları isə 2,86 faiz bahalaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,88 faiz bahalaşma qeydə alınıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(12,94 faiz) olub. Qeyri-ərzaq məhsullarında 2,56 faiz, xidmətlərdə isə 6,56 faiz artım baş verib.

İTM ekspertləri eyni zamanda noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,95 manat, pensiyaçılar üçün 151,96 manat, 0-14 yaşlı uşaqlar üçünsə 207,30 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,90 manat, pensiyaçılar 92,67 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 113,89 manat xərcləməli olub.

Xatırladaq ki, «2012-ci il üçün yaşayış minimumu haqqında» Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.

Bizim yol, Vüsalə RÜSTƏMOVA

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın