Menu
Geri İrəli

Partiyaların Sumqayıtdakı namizədləri kimlərdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2010 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

 

Ölkəmizdə növbəti parlament seçkilərinə 3 aydan da az vaxt qalır. Seçkilərlə bağlı aparılacaq təbliğat-təşviqat prosesinin isə lap bir addımlığındayıq. Cəmi 23 gün sonra bu marafona start veriləcək. Odur ki, siyasi partiyalar, ictimai təşkilatlar və digər birliklər artıq öz namizədlərini müəyyənləşdirməyə başlayıblar. Doğrudur, namizədlərin adı rəsmi olaraq açıqlanmasa da, adlar üzərində kabinetlərdə aparılan müzakirələr son mərhələsinə yaxınlaşır.

2005-ci il parlament seçkilərinin Sumqayıt üçün hansı gərginliklə keçdiyi nəinki siyasi düşərgələrdə, elə ictimaiyyət arasında da yaxşı xatırlanır. Bəs bu il necə olacaq? Bir neçə həftə öncə hazırladığımız materialda seçkilərə fərdi şəkildə qatıla biləcək namizədlər barədə danışmışdıq. Eləcə də, siyasi partiya təmsilçilərinin ehtimal olunan namizədləri üzərində dayanmışdıq. İndi isə siyasi partiyaların yerli təşkilatlarından hələ açıqlanmayan namizədlərinin siyahısını «qopartmağa» çalışmışıq.

Bütün digər partiyaların yerli təşkilatları ilkin namizəd siyahılarını müəyyənləşdirsə də, hakim partiyada hələ belə bir siyahı yoxdur. Ya da partiyanın yerli təşkilatı bu barədə informasiyanın mediaya vaxtından əvvəl sızmasında maraqlı deyil. Hər halda, YAP Sumqayıt şəhər təşkilatından qəzetimizə bildirilib ki, namizədlərin adları partiyanın mərkəzi apparatı tərəfindən müəyyənləşdiriləcək və hələlik bu istiqamətdə son qərar verilməyib.

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı isə artıq öz namizədlərini tanıyır. Yerli təşkilatın sədri Fəxrəddin Abbasın «168 saat»a verdiyi məlumata görə, 41 və 42-ci dairələr üzrə namizədlərin adı dəqiqdir. Belə ki, birincidə partiyanı son seçkilərdə uğur qazanmış İkram İsrafil, ikincidə isə Mirmahmud Mirəlioğlu təmsil edəcək. F.Abbas bildirib ki, yerli təşkilat 43-cü dairə üzrə Sülhəddin Əkbərin, 44-cü dairə üzrə isə Rəis Rəsulzadənin namizədliyini təklif edir. Xatırladaq ki, bu namizədlər içərisində yalnız yerli təşkilatın keçmiş sədri İ.İsrafilin parlament təcrübəsi var. Baxmayaraq ki, M.Mirəlioğlu 2000-ci ildə keçirilən parlament seçkilərində «əsas heyət»ə düşə bilib, ancaq seçki prosesinin şəffaflığından narazılığın ifadəsi olaraq mandatdan imtina edib. 2006-cı ildə (təkrar seçkilərdə) isə yenə Sumqayıtda gücünü sınayan M.Mirəlioğlu «Azərikimya»nın keçmiş prezidenti Məcid Kərimovun qalib olduğu 42-ci dairədə məğlubiyyət acısı dadıb.

43-cü dairədən namizədliyi təklif edilən Müsavat partiyasının Məclis sədri S.Əkbər də 2005-ci il parlament seçkilərinin müvəffəqiyyət qazanmayan iştirakçısıdır.

44-cü dairədə gücünü sınayacaq Rəis Rəsulzadə isə bu marafona ilk dəfə qatılır. Xatırladaq ki, «debutant» Məmməd Əmin Rəsulzadənin nəvəsidir.

AXCP Sumqayıt şəhər şöbəsi də partiyanın mərkəzi aparatına təkliflərini – namizədlərinin adlarını göndərib. Partiyanın Sumqayıt şəhər şöbəsinin sədri Mahir Ağayevin «168 saat»a verdiyi məlumata görə 41-ci dairədə AXCP adından o özü mübarizə aparacaq.

42-ci dairədən partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, 43-cü dairədən partiyanın Sumqayıt şəhər şöbəsi məclisinin sədri Adışirin Mirzəyev, 44-cü dairədən isə mərkəzi aparatın şöbə müdiri Semur Həziyev elektoratlarından səs istəyəcək.

Qeyd edək ki, yerli təşkilatın sədri olaraq Tofiq Əliyevi yenicə əvəz etmiş Mahir Ağayev də daxil olmaqla AXCP Sumqayıt şəhər şöbəsinin bütün potensial namizədləri parlament seçkilərinə ilk dəfə qatılacaq.

Demokratik İslahatlar partiyasının Sumqayıt şəhər şöbəsinin potensial namizədləri də məlumdur. Təşkilat sədri Arzu Musayevin verdiyi məlumata görə partiya hər 4 dairə üzrə mübarizə aparmaq fikrindədir.

41-ci dairə üzrə partiyanı Arzu Musayev təmsil edəcək.

Yerli təşkilatın 42-ci dairə üzrə namizədi isə Tofiq Yadigarovdur.

43-cü seçki dairəsində isə DİP-in namizədi Yaşar Əsgərov olacaq.

Nəhayət, sonuncu – 44-cü dairədən Asif Əhmədov rəqiblərini üstələməyə çalışacaq.

Qeyd edək ki, bu namizədlərdən ikisi kifayət qədər seçki təcrübəsinə malikdir. Belə ki, DİP-in yerli təşkilatının sədri Arzu Musayev 1990-cı ildən bu vaxtadək keçirilən bütün parlament seçkilərinin iştirakçısıdır. Üstəgəl sədr 1990-cı ildə keçirilən seçkilərdə «Zəfər çələngi»nə sahib ola bilib. 42-ci dairə üzrə partiyanı təmsil edəcək T.Yadigarov 2006-cı ilin təkrar parlament seçkilərinin iştirakçısıdır. Digər iki namizəd isə parlamentə düşmək uğurunda ilk dəfə mübarizə aparacaq.  

Bu günlərdə keçirdiyi qurultayla AMİP-in Sumqayıt şəhər təşkilatı da namizədlərini müəyyənləşdirib. Hazırda mərkəzi aparatda Sumqayıtın 41-ci seçki dairəsi üzrə Dünyamin Əhmədlinin namizədliyi müzakirə olunur.

42-ci dairə üzrə Raqif İbrahimovun, 43-cü dairə üzrə Məzahir Qasımovun, 44-cü dairə üzrə isə İsa Qurbanovun namizədliyi gözlənilir.  

Namizədlərin seçki təcrübəsinə gəlincə isə D.Əhmədli 1995-ci ildən bu vaxtadək keçirilən bütün parlament seçkilərinin iştirakçısıdır. R.İbrahimov isə 2005-ci il seçkilərində AMİP-in namizədi kimi çıxış edib. 3-cü seçki dairəsində AMİP-i təmsil edəcək M.Qasımovun da seçki təcrübəsi az deyil. Belə ki, o, 1995 və 2000-ci illərin «parlament heyəti» uğrunda mübarizə aparıb.

Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin adı isə hələ ki, tam olaraq mütləqlik qazanmayıb. Partiyanın Sumqayıt şəhər təşkilatının sədri Yusif Salmansoy «168 saat»ın əməkdaşına açıqlamasında vəziyyəti bu sözlərlə şərh edib: «Seçkilərə hələ var, indidən fikir yürütmək bir az tez olardı. Namizədlərə qaldıqda isə, mən namizədliyimi verəcəm, digərləri kim olacaq – bu, hələ dəqiq deyil».

Bax belə. Partiyaları qarşıda gərgin bir marafon və sınaq gözləyir. Şübhəsiz, seçki siyasi partiyaların gücünü dəyərləndirmək üçün ən yaxşı fürsətdir.

 Vüsal Mətləboğlu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın