Menu
Geri İrəli

Prezident İlham Əliyev Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2009 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

6779Bu gün Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimi keçirilib. APA-nın “Azərtac”a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Sumqayıt Texnoparkının ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. Burada böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi Azərbaycanda elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açacaq.
Sumqayıt texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar, sexlər və istehsal xətləri yaradılacaq. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcək.

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin “Sumqayıt-3” 110/35/6 kilovoltluq qapalı tipli yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, “Sumqayıt-3” qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Yarımstansiya az yer tutduğundan şəhər tipli yarımstansiyaların tikintisində istifadə oluna bilər. Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılıb və daxili mikro nəzarət sisteminə malikdir.
Təmirə ehtiyacı olmayan bu qurğunun birbaşa mərkəzi dispetçer məntəqəsindən idarə edilməsi mümkündür. Yarımstansiyanın gücü 200 meqavoltamperdir. Yarımstansiya respublika enerji sisteminə qoşulub və buradan Sumqayıtın əsas sənaye obyektlərinə enerji ötürüləcək.

Prezident İlham Əliyevə məlumat verilib ki, bu zavodda 800 millimetrə qədər diametrli plastik borular istehsal olunacaq. On altı atmosfer təzyiqə davam gətirəcək belə boruların MDB məkanında ilk dəfə istehsalına başlanır və bunlardan kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə ediləcək. Bu müəssisənin illik istehsal gücü 20 min tondur. Gələn il istehsal korpusunun 2 dəfə genişləndirilməsi və məhsulun çeşidinin də 2 dəfə artırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev sonra mis və alüminium elektrotexniki çubuqların istehsalı zavodu ilə tanış olub. Zavodun sahəsi 3 min kvadrametrdir. Burada ən müasir avadanlıq quraşdırılıb.
Prezident 110 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavodda da istehsal prosesi ilə izləyib.
Dövlət başçısına məlumat verilib ki, həmin zavod MDB məkanında ən qabaqcıl texnologiyalara əsaslanan yeganə müəssisədir. Burada ən son elmi-texniki yeniliklərə uyğun avadanlıq quraşdırılıb.

Müəssisədə müxtəlif en kəsikli 1, 6, 10, 35 və 110 kilovolt gərginlik kabelləri, 800 kvadratmillimetr en kəsiyində alüminium və mis məftillər, dənizdə istifadəsi nəzərdə tutulan qurğuşun örtüklü nəzarət kabelləri istehsal ediləcək.

Bu zavodda ildə 30 min ton alüminium və bir o qədər mis kabel istehsalı mümkündür. Bildirildi ki, istehsal edilən kabellər alüminium, polad və qurğuşun zirehlidir. Bundan başqa, burada beynəlxalq bazara ixrac edilmək üçün məhsullar da hazırlanacaq. 132 və 154 kilovolt gərginliyə davamlı həmin kabellərin ixracı ilə bağlı artıq müəssisəyə xarici ölkələrdən sifarişlər daxil olub.
Ölkə başçısı 500 kilovolta qədər gərginlik kabelləri istehsal edəcək zavodun təməlinin qoyulmasında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, bu zavodun MDB məkanında analoqu olmayacaq. Hazırda dünyada cəmi 7 belə müəssisə fəaliyyət göstərir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın