Menu
Geri İrəli

Prezidentin Səudiyyə Ərəbistanına səfərinin Sumqayıtla nə əlaqəsi var? -ŞƏRH

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2015 • Baxış sayı: 992 dəfə • Şərh yoxdur

14282553252098850017_750x500

Sumqayıtda azad iqtisadi zona yaradılacaqmı?

Ərəstun Oruclu: “Körfəz ölkələri Azərbaycan üçün ideal partnyorlar deyil; onlarla əməkdaşlığın həmişə kifayət qədər yüksək riskləri var”; Elxan Şahinoğlu: “Azərbaycanın Səudiyyə Ərəbistanı ilə yaxınlaşması ABŞ və Türkiyənin də maraqlarına cavab verir” Qabil Hüseynli: “Müsəlman dünyasınıdünyanıniqtisadi və siyasi, həm də hərbigüc mərkəzinə çevirmək istəyirlər”

Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri ölkə gündəminin əsas məsələlərindən biridir. Siyasi analitiklərin bu səfərlə bağlı bir-birindən xeyli fərqlənən mülahizələri var. Bəzi ek7spertlər Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığının ölkəmizin iqtisadi inkişafında önəmli rol oynayacağını desələr də, əks mövqedən çıxış edib bunu təhlükəli perspektivə yol açan hal kimi dəyərləndirənlər də var.
“Asiya Dialoqu” Mərkəzinin rəhbəri Sevil Nuriyevanın facebook-dakı qeydləri də diqqət çəkir. “Nə yaxınlaşma? Adamlar Ümrəyə gedib. Allah hamıya nəsib etsin… Ayrıca Səudiyyə ingilislərin ortağı. Demək, dəyişiklik yoxdur. Azərbaycan Səudiyyə kimi ingilislərin ortağı deyilmi? İrana görə tədbir alması isə təbii deyilmi? Azərbaycanda bütün ingilis sirkətlərindəki müsəlman eksene baxın. Hamısı vəhhabi kökənli. İngilislər İrana qarşılıq vəhhabi cərəyanının kök atmasında baş aktyor”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərh edərkən yuxarıdakı facebook qeydləri barədə danışmaq istəmədi: “O bir nəfərin fikridir. Məsələ burasındadır ki, Azərbaycan Qərb-İran anlaşmasından sonra faktiki olaraq yeni yaranmış geosiyasi durumda seytnot vəziyyətə düşüb. Ona görə ki, Azərbaycan hakimiyyəti qeyri-müəyyən xarici siyasət kursu yürüdüb. Bunun məqsədi o idi ki, Azərbaycan təcrid olunmuş vəziyyətdə olsa, kənar müdaxilələr, beynəlxalq öhdəliklər və s. minimum olsun. Elə vəziyyət yarandı ki, Qərb-İran anlaşması alındı və bu anlaşma faktiki olaraq Azərbaycanı müdafiəsiz qoydu. Yəni Qərbin Azərbaycana əvvəlki qədər marağı yoxdur və olmayacaq, bu, aksiomdur. Belə olan halda Azərbaycan çox ciddi seçim qarşısında qalıb. Bu seçimdə birinci Rusiyadır. Rusiyanın təklifləri də bəllidir, Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzv olmaq. Bu, Azərbaycan hakimiyyətini və dövlətini qane etmir. Digər tərəfdə isə Türkiyədir, onun da xarici siyasət kursu qeyri-müəyyəndir. Düzdür, daha çox Türkiyə Ərəbistan yarımadası ölkələri ilə əlaqəlidir, iqtisadi, siyasi əlaqələri daha çox bu dövlətlərlədir. Mən bunu da istisna etmirəm ki, Azərbaycanın Ərəbistana yönəlməsində vasitəçilik rolunu oynayanlardan biri də Türkiyə olub”.
İstənilən halda Ə.Oruclu hesab edir ki, yaranmış bu situasiya bizim seçimimiz deyildi: “Ona görə ki, vaxtında Avropa Birliyi ilə tərəfdaşlıq, assosiativ müqaviləni imzalamaq lazım idi. Azərbaycan hökuməti bundan da qaçdı, bunu da etmədi. Hesab edirəm ki, Körfəz ölkələri Azərbaycan üçün ideal partnyorlar deyil. Onlarla əməkdaşlığın həmişə kifayət qədər yüksək riskləri var. Biz 90-cı illərdə bunu gördük. Vaxtilə Heydər Əliyev həmin ölkələri Azərbaycanda işləməyə dəvət etdi, onlar humanitar təşkilatlar, biznes qurumları olaraq bura gəldilər və Azərbaycan üçün ənənəvi olmayan təriqətlərin yayılması başlandı. Bu, faktiki olaraq cəmiyyətdə məzhəb əlaməti üzrə parçalanma yaratdı. Bu, çox təhlükəli tendensiyadır və artıq bunun fəsadlarını görürük, şübhə etmirəm ki, görəcəyik də. Məsələ burasındadır ki, həmin dövlətlər, ilk növbədə də Səudiyyə Ərəbistanı əməkdaşlıq etdiyi ölkələrlə məhz özünün qəbullandığı dəyərləri bölüşməyə çalışır və bunu şərt olaraq qəbul etdirir. Bu baxımdan onlar bizim üçün tərəfdaş deyil. Çünki bu, təhlükəli inkişafa yol açır. Amma Azərbaycan Yəmənin, Suriyanın vəziyyətinə düşə bilər. Məncə, Azərbaycanı bu istiqamətə çəkmək siyasi və tarixi məsuliyyətsizlikdir”. Politoloq deyir ki, qəti şəkildə buna yol vermək olmaz və burda cəmiyyət, siyasi partiyalar, ölkə vətəndaşları öz sözünü deməlidir: “Ona görə ki, bu, hamımızın taleyidir. Bu, dövlətin taleyidir, hansısa bir hakimiyyətin taleyi deyil ki, onlar ölkə ilə istədikləri kimi davranırlar. Bu, son dərəcə ciddi məsələdir. Bu gün Azərbaycanın xarici siyasət seçimi İsrail, Avropa ölkələri ola bilər, yəni biri o birinə mane olmur. Amma istənilən halda bu, Qətər, Səudiyyə Ərəbistanı olmamalıdır, bu, ciddi təhlükədir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, Azərbaycan prezidentinin bölgədə yaranan indiki gərgin vəziyyətdə Səudiyyə Ərəbistanına qəfil səfəri xeyli düşündürücüdür: “Görünür, səfərin məhz indiki məqamda gerçəkləşməsində həm Bakı, həm də Ər-Riyad maraqlı olub. Aydındır ki, Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsi fonunda İlham Əliyevin bu ölkəyə səfəri İranı qıcıqlandırmamış olmaz. Ancaq bu bizi çox da narahat etməməlidir. Birincisi, Səudiyyə Ərəbistanı İrandan fərqli olaraq Dağlıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Bu bizim üçün daha önəmlidir. İkincisi, görünür, Səudiyyə Ərəbistanı İrana qarşı sanksiyaların yumşalması fonunda Bakı-Tehran münasibətlərinin istiləşəcəyindən ehtiyat edir. Mümkündür ki, Səudiyyə Ərəbistanı bu istiləşmənin qarşısını almaq üçün Azərbaycana müvafiq şərtlər daxilində kreditlər təklif etsin. Üçüncüsü, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə yaxınlaşması, məncə, ABŞ və Türkiyənin də maraqlarına cavab verir. Bu da rəsmi Bakı üçün az əhəmiyyətli deyil”.
E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini bəyan etsə, bəzən seçim qarşında qalır və hansı istiqamət təhlükəsizlik və əlavə gəlir baxımından xeyirlidisə ona üstünük verilir: “Fikir versək görərik ki, son zamanlar bütün suallara baxmayaraq Bakı ilə Vaşinqton arasında təhlükəsizlik və enerji əməkdaşlığı mövzuları aktuallaşıb. Eləcə də neftin bahalaşdığı və büdcədə kəsir əmələ gəldiyi məqamda Azərbaycanın münasib şərtlər daxilində kreditlərə də ehtiyac var və əgər həmin kreditləri Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanı verməyə hazırdırsa, bundan niyə imtina etməliyik?” Politoloq qeyd etdi ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə sıx münasibətlər qurmasını tənqid edənlər də var: “Əsas arqument bundan ibarətdir ki, Səudiyyə Ərəbistanı ilə yaxınlaşma və bu ölkədən alınan və alınacaq kreditlər Ər-Riyadın Azərbaycandakı radikal sələfilərə dəstəyini artırmasına münbit şərait yaradır və yaradacaq. Əlbəttə, ”belə bir təhlükə yoxdur” demirəm. Ancaq “bütün sələfi terrorçu təşkilatları Səudiyyə Ərəbistanı maliyyələşdirir” fikri ilə də razı deyiləm. Məgər həmin radikallar Səudiyyə Ərəbistanının ərazisində az terror əməli törədiblər və ya kral ailəsini Amerikanın köləsi adlandırmayıblarmı? O ki qaldı Səudiyyə Ərəbistanı ilə dostluğun Azərbaycanda radikal sələfiliyin yol açacağı fikirlərinə, Almaniya Ər-Riyadın dostu deyil, bu ölkədən kredit də almır, ancaq Almaniyada radikal sələfilər Azərbaycandakından az deyil. Suriyaya gedən Almaniya vətəndaşlarının sayı da Azərbaycanla müqayisədə xeyli çoxdur. Bir də ki, rəsmi Bakı Səudiyyə Ərəbistanının reaksiyasından çəkinsəydi, sələfilərin Bakıdakı əsas məscidini qapatmazdı”.
Azərbaycanın Sumqayıt bölgəsində azad iqtisadi zona yaratmaq ideyası var
1994-cü ildə mərhum prezident Heydər Əliyevi dövlət müşaviri kimi Ümrə ziyarətində müşayiət etmiş politoloq Qabil Hüseynli prezident İlham Əliyevin üçüncü dəfədir kiçik həcc ziyarətində olduğunu vurğuladı. Prezidentin bu səfərini isə yüksək dəyərləndirdi. Səudiyyə Ərəbistanının illər öncə İslam Konfransı Təşkilatının Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən sənədin qəbulunda önəmli mövqe sərgilədiyini xatırlatdı: “Heydər Əliyevin dövründə İslam Əməkdaşlıq Təşkilatının bilavasitə nəzarətində olan İslam Bankı Azərbaycana suvarma sistemlərinin yenidən qurulması üçün 10 milyon dollar kredit vermişdi. Bu bank krediti faizsiz, özü də uzun müddətə verir. Yəni Azərbaycan hələ neft pullarının gəlmədiyi bir dövrdə İslam əməkdaşlığının bəhrələrini, xüsusən İslam Bankının Azərbaycana dəstəyini hiss etmişdi. İndi Azərbaycan bu əməkdaşlığı geniş inkişaf etdirmək niyyətindədir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin baş nazir və şahzadəsinin ölkəmizə səfərindən göründü ki, xüsusilə Ərəb Əmirliyinin Küveyt bölgəsi Azərbaycanla ciddi ticari və iqtisadi münasibətlərə girişmək niyyətindədir. Azərbaycan tərəfi də Küveytin azad iqtisadi zona təcrübəsindən istifadə etmək niyyətindədir. Azərbaycanın Sumqayıt bölgəsində azad iqtisadi zona yaratmaq ideyası var. Amma hələ ki bu ideyanı gerçəkləşdirmək mümkün olmur. İndi neftlə bağlı yaranan böhran sübut etdi ki, təcili surətdə iqtisadiyyatı real sektora, ağır sənaye sektoruna keçirmək lazımdır. Üstəlik də, ölkədə xarici sərmayənin gəlişini təmin edəcək azad iqtisadi zonaların yaradılması xəttinə də başlanılmalıdır. Zənnimcə, bu gün Azərbaycanın ərəb ölkələrinin aparıcı dövlətləri ilə – buraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər daxildir – əlaqələrini inkişaf etdirməsində əsas məqsədi, onlardan maliyyə donoru kimi istifadə etmək, ikincisi isə onların təcrübəsindən yararlanaraq ağır sənayenin bir çox sahələrinin yaradılmasına nail olmaqdır. Üçüncüsü, azad iqtisadi zonalar vasitəsilə dünya ticarəti sisteminə daha çevik şəkildə, həm də əlavə gömrük və vergi baryerləri olmadan qoşulmaqdır. Ən başlıcası isə bu dövlətlərin həm də siyasi gücündən, siyasi ağırlığından həm Dağlıq Qarabağ probleminin həllinə, həm də beynəlxalq münasibətlərdə daha aktiv rol oynamaq üçün istifadə etməkdir”. Q.Hüseyni deyir ki, digər ərəb ölkələri də müsəlman ölkəsi olan Azərbaycanın həm neft ölkəsi kimi əhəmiyyətini başa düşürlər, həm geosiyasi əhəmiyyətini anlayırlar, eyni zamanda Azərbaycan vasitəsilə regional dövlətlərə təsir imkanlarını da yaddan çıxartmırlar: “Belə bir şəraitdə Səudiyyə Ərəbistanı ərəb dünyasına açar dövlət kimi bu münasibətlərdə böyük rol oynaya bilər. Xüsusilə Səudiyyə Ərəbistanının yeni kralı  və müdafiə naziri, həm də vəliəhd olan oğlu kifayət qədər çevik siyasət yürütməyə başlayıb. Məsələn, regionda İranın təsirini zəiflətməyə çalışırlar, regionda müsəlman dövlətlərinin səmimi əməkdaşlığına – hər halda, belə söyləyirlər – nail olmaq istəyirlər. Bunun nümunəsi kimi birləşmiş ərəb ordusunun yaradılması və gələcəkdə Birləşmiş Müsəlman Ordusunun yaradılması ideyası da gündəmdə olan məsələlərdəndir. Bir sözlə, müsəlman dünyasını dünyanın iqtisadi və siyasi, həm də hərbi güc mərkəzinə çevirmək istəyirlər. Azərbaycan əlbəttə ki, bu məsələdə xeyli qabağa düşə bilər”.
Politoloq bu barədə danışarkən Türkiyə nümunəsindən bəhs etdi: “Türkiyə vaxtilə ərəb ölkələri ilə münasibətlərini inkişaf etdirməsi xəttini tutdu. Hətta iş o yerə çatdı ki, Fələstin, Qəzza bölgəsi məsələsində etdiyi populist çıxışlara görə Ərdoğanı ”Yaxın Şərqin sultanı” deyə çağırmağa başladılar. Bu fonda da Türkiyənin iş adamları, Türkiyənin iqtisadi əlaqələri sürətlə inkişaf etdi. İndi Türkiyənin xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu bu ölkələrlə əlaqələrdə əldə edilir. Azərbaycan isə həmin ölkələrlə iqtisadi, siyasi və ticari əlaqələrdə hələ ki diqqətçəkən göstəriciyə nail olmayıb. Zənnimcə, bu səfər xarici siyasətdə həm yeni bir siyasi magistralın açılmasına gətirib çıxara bilər, iqtisadiyyatda isə əlaqələri
 intensivləşdirməklə Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verilə bilər”.
E.PAŞASOY, musavat.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın