Menu
Geri İrəli

Qənirə Paşayeva daxili orqanlarını bağışladı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2013 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

Deputatın vəsiyyəti: “Bu, mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı işdir”

Millət vəkili Qənirə Paşayeva bədən orqanlarının bağışlanması ilə bağlı vəsiyyət yazıb. Deputatın yaydığı vəsiyyətinamədə “Qurani-Kərim”in “Maidə” surəsindən (Ayət 32) sitat gətirilərək bildirilir ki, “Bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır”

Daha sonra Q.Paşayeva yazır: “Xeyli vaxtdır beynimdə götür-qoy etdiyim, qəlbimdə yer verdiyim bir məsələ var(dı). O məsələ barədə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar. Nəinki anlayışla qarşıladılar, doğru addım atdığımı qəbul etdilər..! Söhbət orqanlarımın bağışlanması ilə bağlı qərardan gedir…
Bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşama davam etməsinə kömək edə bilərik. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Örnəyi, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin, heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik”…

Millət vəkili bu qərarını hansısa hisslər altında deyil, düşünərək atdığını və həyatının ən doğru qərarlarından biri olduğunu bəyan edir: “Çünki bu qərarımla həm bir insan kimi öz orqanlarımı bağışlamaq, həm də toplumda bu mövzunu müzakirə gündəminə gətirmək istəyirəm. Təkcə Avropada deyil, elə qardaş Türkiyədə orqan köçürülməsi nə qədər insanın həyatını xilas edib (xilas edir). Orqan köçürülməsi üçün Türkiyəyə gedən insanlarımızı düşünün. Ölümdən xilas ola bilənləri gözünüz önünə gətirin. İndi bir anlığa düşünün ki, əgər kimlərsə orqanlarını bağışlamasaydı, o insanları xilas etmək mümkün ola bilərdimi?!. – Xeyr!”.

O, ümid edir ki, qısa zamanda bu məsələ ölkəmizdə də ciddi şəkildə müzakirə olunacaq, bu istiqamətdə bir neçə il əvvəl qəbul olunmuş qanunun həyata keçirilməsi istiqamətində müvafiq icra orqanları hüquqi mexanizmlər hazırlayıb qəbul edəcək, lazım olarsa, qanunvericilik səviyyəsində əlavə və düşəlişlər həyata keçiriləcək, maarifləndirmə işləri surətlənəcək. Orqan bağışlama ölkəmizdə öz həllini tapmazsa, orqan köçürülməsi kimi önəmli bir sahənin ölkəmizdə inkişaf edə bilməyəcəyini deyən deputat əlaqədar qurumları bu mövzuya daha böyük diqqət ayırmağa çağırır.

Vəsiyyətin yekununda deyilir: “Bəli, əziz oxucum, mən artıq orqanlarımı bağışladım! Bu proseduru həyata keçirəcək qurumu da müəyyənləşdirdim. Ölümümdən sonra bəzi orqanlarımın başqa bir insanın yaşaması üçün istifadə edilməsinin savab bir iş olduğunu düşünürəm. Öldükdən sonra mən həyata yenidən gəlməyəcəm, amma ölüm ayağında olan bir neçə insanın, ağır durumda olan bir neçə insanın yaşamasına orqanlarımla yardım edə bilərəm. Onların üzünün yenidən gülməsinə, xoşbəxt olmalarına yardım edə bilərəm. Bundan gözəl nə ola bilər?! Bəli, bununla bağlı vəsiyyətnaməmi artıq yazdım. Çünki həyat elə qəribədir ki, indi varsan, cəmi 5 dəqiqə sonra artıq həyatda olmaya bilərsən…

Sağlam atamı əlimlə yola salmışdım, bir gün sonra cənazəsini qarşıladım… O zamandan həyatın bir an olduğunu daha yaxından hiss etməyə başladım…

Əslində “vəsiyyətnamə” yazmaqdan qorxmamalıylq. Ölümün ətrafımızda dolaşdığını və hər saniyə həyatla vidalaşa biləcəyimizi dərk edərsək yaşamaq daha asan olar insana. Nəfsimizlə mübarizəmiz, həyatı insan kimi yaşamağımız üçün…

Beləliklə, əziz dost, bu gün “vəsiyyətnamə” yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara… Əgər bir gün hər hansı bir qəza keçirərsəm və ölüm ayağında olarsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam, heç bir tərəddüt etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər və bu mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq… Son…

Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım. Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı… Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər. O zaman bu faydalı əməldən niyə qorxmalıyıq ki…

Deyirəm, əgər kimsə yaşayacaqsa bədənimin hər hansı bir hissəsi ilə, həmən versinlər..! Təki kimsə yaşasın. Təki kiminsə həyatını qurtarsın mənim canımın bir hissəsi…”./bizimyol.info/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın