Menu
Geri İrəli

“Qatil” və “Misyo Jordan və Dərviş Məstəli şah” Bakıda – SUMQAYITLILARIN TƏQDİMATINDA

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2012 • Baxış sayı: 576 dəfə • Şərh yoxdur

Teatrın qısaca tarixi
H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər teatrı kimi 1968-ci ildə fəaliyyətə başlayan teatr pərdələrini ilk dəfə 1969-cu ilin mart ayının 14-də M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açıb. Sonrakı illərdə teatrın repertuarında inglis dramaturqu Con Patrikin “Qəribə missis Cavik” tragikomediyası, Sabit Rəhmanın “Toy”, N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin”, M.Lermantovun “Maskarad”, C.Cabbarlının “Solğun çiçəklər”, Molyerin “Skapenin kələkləri” və s. pyeslər teatrda tamaşaya qoyulub.

Teatr 1974-cü ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrı adlanır. Teatrın səhnəsində görkəmli aktyorlar Xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov çıxış ediblər.

Teatrın Bakı səfəri
Qısa tarixçəsini anlatdığım teatr bu həftə Bakının – Akademik Milli Dram Teatrının səhnəsinin qonağı oldu. Teatrın təqdimatında iki tamaşanı izlədik. Elçinin “Qatil” və M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları teatrın heyəti ilə tanışlığımızı daha da yaxınlaşdırdı.

Teatrın təqdimatında “Qatil”
Sumqayıt Teatrının təqdim etdiyi tamaşalardan biri və birincisi “Qatil” idi. Qeyd edim ki, “Qatil” müxtəlif teatrların və truppaların ifasında bizə təqdim olunan son zamanların ən aktual tamaşalarından biridir. Çoxsaylı rejissorların quruluşunda, çoxsaylı aktyorların ifasında baxdığımız tamaşalar seçimimizi artırır, bununla da ən yüksək peşəkar zövqümüzü (məhz “Qatil” tamaşası nəzərdə tutulur) dəqiqləşdirir. Qısa yolla fikrimi ifadə etsəm, tamaşanın müxtəlif yanaşmadan çoxsaylı təqdimatı bizə seçimlər verir. Bu da onlardan biri: Sumqayıt musiqili-dram teatrı “Qatil”…

Bu “Qatil” həftəbecər idi, ideyaların, müxtəlif rejissor traktovkalarının calağı idi. Hər halda mən belə duydum, belə oxudum. Fikrimi əsaslandıra da bilərəm. Tamaşada Rus Dram Teatrının “Ulduz, sevgi və şampan” tamaşasından ulduzların sonda təsviri və çətirlərin oyunu, Akademik Milli Dram Teatrının “Qatil” tamaşasından musiqiyə uyğun aktyorların hərəkətləri və ümumiyyətlə, bu tamaşanın fraqmentar olaraq duyulan təsiri yəqin ki, danılmazdır. Hətta mən səhnə tərtibatında vaxtilə qastrol səfəri ilə Bakıda çıxış edən rejissor Məlahət Abbasovanın quruluşundakı “Ulduzlar altında cinayət” tamaşasının demək olar ki, əksini gördüm. Lakin hətta “çox görüb, çox götürmək” günah olmasa da, gərək ki, yüksək səviyyəli nəticə olsun.

Nəticə – hazır məhsul-görülən işin tamamı…
Yəqin, elə tamaşalar var ki, hətta onu təhlil etməyə ehtiyac olmur. “Qatil” tamaşanın rejissoru, əməkdar artist Firudin Məhərrəmovun həlli müstəvisində o dərəcə açıq və sadəlövh mizan-quruluşa malik idi ki, burada heç bir təhlilə ehtiyac qalmır.
Tamaşada Qadını aktrisa Xatirə Süleymanova, Kişini aktyor Oqtay Mehdiyev ifa edir. Burada bir anlıq dayanıb, klaviauturanın düymələrini yenidən Oqtay Mehdiyevin üzərinə qayıtmağa məcbur edərək, aktyorun ifası haqda “kaç kəlmə” söyləmək istəyirəm. Son zamanların fəal aktyorlarından olan Oqtayı biz Akademik Milli Dram Teatrının Napaleonu kimi, Yuğ teatrının yeni taması olan “Qəbiri qazma üsulu”nun Kişi aktyoru kimi, bu gün isə Sumqayıt Musiqili-Dram Teatrının Kişi qəhrəmanı kimi görürük. Özünə məxsus səhnədə yumoru ilə, qaçışı ilə, bir xətdə inkişaf edən əclaf obrazının ifası ilə Oqtay bir addım daha paytaxt teatrında irəlilədi.
Tamaşada qonşunu əməkdar artist Növrəstə Həşimovanın və polisi İlqar İbrahimovun ifası dörd nəfərlik heyəti tamamlayırdı.

“Müsyo-Jordan və dərviş Məstəli şah”
Bu da ikinci tamaşa günü və ya teatrın ikinci tamaşası. M.F.Axundzadənin “Müsyo-Jordan və dərviş Məstəli şah” komediyasının təqdimatı. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru əməkdar artist İzaməddin Bağırov idi. Rejissor heyəti əsas mizan kimi tamaşada əcinələrin ifasını görükdürürlər ki, bu da hadisələrin şər qüvvələrin istəyi və təkidi ilə baş verdiyinə bir işarədir. Heç də yenilik olmayan bu mizan səhnədə çox qarışıq bir vəziyyət yaratsa da, “oyun” əhval-ruhiyyəsinin səviyyəsini aşağı endirmir. Lakin tamaşada elə bir Hatəmxan ağa (Mövsüm Hüseynov) var ki, inanın mən hələ belə bir Hatəmxan ağa görməmişdim. Burada ağır “xan” və “ağa” cizgilərini özündə əks etdirməyən, bununla belə yüngüllüyü “təlxək” qədər ifrat olan bir obraz belə sual doğurur ki, – Qarabağın xanı Hatəmxan ağa beləmi olub?

Hər halda, Sumqayıt Musiqili Dram Teatrının kollektivinə Bakı səfərinə görə təşəkkür edir, yaradıcılıq axtarışlarına uğurlar arzulayırıq.
Aygün Süleymanova
teatrşünas (
“Kaspi” qəzeti)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın