Menu
Geri İrəli

Qəbiristanlıqda yaşayan ailənin yeni evindən REPORTAJ: “Elə bilirəm yuxudayam”

Müəllif: Sumqayitxeber.com • Tarix: 21 Avqust 2015 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

fc12481bede5ac328827a1c1f5c56b40Lent.az-ın yazısının qəhrəmanları üçün yeni həyat başladı

Fatimə, Zəhra və Zeynəb. Bu adlar yəqin sizə tanışdır. Ötən ay Lent.az-da qəbiristanlıqda yaşayan bu balaca qəhrəmanlar haqqında yazı getmişdi (http://news.lent.az/news/207841). Yazı yayımlanan gündən cəmiyyətdə ajiotaj yaratdı. Redaksiyamıza sonsuz sayda zənglər gəldi, yardımlar edildi. Əsas yardım isə “Uşaqların xoşbəxt gələcəyi” təşkilatından gəldi.

 

 

Budur, yazının yayımlanmasının 48-ci günündə onların yeni evi hazırdır! Qoçiyevlər ailəsi artıq yeni evlərinə də köçüblər. 2007-ci ildən Yasamal qəbiristanlığında yaşayan bu ailəni ilk tapan da Lent.az oldu, onların Hökməlidə yerləşən yeni evinin ilk qonağı da!

 

***

 

…Hökməlinin daşlı-kəsəkli yollarıyla Afətgilə çatırıq. Qapını üzümüzə elə Afət özü açır. Eyni ötən dəfəki kimi boynuma sarılıb, ağlayır. Bu dəfə isə sevinc göz yaşlarıyla. Ardınca uşaqlar qaçır evdən. Afət sözünü deməmiş, hərəsi bir qolumdan tutub dartırlar içəri. Artıq onların ayrıca otaqları belə var. Çəhrayı yataqları, mebel dəstiylə birgə. İki bacı bir-bir ağzına qədər dolu olan şkafın içindəki pal-paltarı, oyuncaqları göstərirlər. Elə sevinirlər ki…

 

 

Afət  zarafatla uşaqlara deyir, daha bəsdi, qayıdaq öz evimizə (qəbiristanlığı nəzərdə tutur)? Uşaqlar dəhşət işində “yooox!” deyirlər. Zarafat bir yana, o “ev”ə qayıtmaq elə Afətin də qorxulu röyasıdır. Deyir, gecə hərdən elə bilirəm, yuxudayam. Ayılacam ki, yenə o evdəyik. İki əlini sinəsində yumrulayıb, sidq ürəklə “iraq candan!”, deyir.

 

***

 

Otaqları gəzirik. Əlbəttə ki, qızların müşayiəti ilə. Hər dəfə bizdən qabaq qaçıb hər otağın təqdimatını edirlər:

 

- Bu da mamamın otağı!

 

- Yox, qızım, bura qonaq otağımızdır!

 

Sonra Afət güzgülü kamodun qapısını açır. Bura da ağzına kimi qab-qacaqla doludur.

 

Zəhra şkafdan saxsı çaydanı götürüb təəccüblə mənə göstərir:

 

- Baaaax!

 

Afət övladlarının sevincinə baxıb gözləri dolur. Gələndən bəri neçənci dəfədir artıq.

 

- İnana bilmirəm ki, bura bizimdir! Hərdən elə bilirəm ki, qonağam burda. Axşam olacaq və biz yenə ora gedəcəyik. Allah yardım edən hər kəsdən razı olsun!

 

Və başlayır ağız dolusu dua etməyə. Duasını bitirib:

 

- Mənə deyəndə ki, sizə ev tikiləcək, beləsini heç təsəvvür də etmirdim. Deyirdim, yəqin divarı suvaq olacaq, bizim üçün da yatmağa bir dəst yataq. Ancaq beləsini heç gözləmirdim. Axşam evə gələndə gözlərimə inana bilmədim. Yeni əşyalar, yataq dəsti, uşaq yatağı, qızların ayrıca otağı, mebelləri, mətbəx mebeli. Möcüzədir. Bu möcüzəni bizəLent.az yaşatdı. Sizə, Nərgiz xanıma minnətdaram!

 

Yenə başlayır alqış etməyə.

 

Eyvazı evdə görmədim. Zəhmətkeş, övladlarına bir qarın çörək qazanmaq üçün gecəsini-gündüzə qatıb işləyir Eyvaz. Bu gün də işdəydi. Elə Afət özü də gələn aydan işə başlayacaq; köhnə işində. Deyir, onlar da az yardım etməyib. Afətin vəziyyətindən agah olandan mütəmadi dəstək olublar.

 

İlk görüşümüzdən qısa müddət keçsə də, Fatiməyə yenə eyni sualı verirəm:

 

- Ən sevdiyin yemək hansıdı?

 

Bu dəfə düşünmədən “kabab!” deyir. Sən demə, kababın dadını 6 yaşında bilən Fatimə atasına tez-tez kabab çəkdirirmiş. Hə, bir də plovu. Afət deyir, tez-tez plov dəmləyirəm: “Şirniyyat da ki, daim əllərinin altındadı. “Ozmo”ların birini yeyib qurtarmamış, o birinə keçirlər. Dəymirəm, qoy yesinlər”.

 

Yeri gəlmişkən, Fatimənin sağlığı da yerindədi. Növbəti mantu yanvar ayında qoyulacaq. Hər ehtimala qarşı. Axırıncı müayinədə də nəticəsi yaxşı çıxıb. Həkim dərman belə yazmağı vacib bilməyib. Fatimənin çəkisi də iki kilo artıb. Uşağın sağlamlığı üçün sadəcə yaxşı qida lazımmış. O da artıq var. Zəhranın da çəkisi artıb. İndi o, 19 kilodur.

 

Daha bir xoş xəbər də verim. Fatimə bu ildən məktəbə gedəcək. Artıq Hökməli qəsəbəsindəki məktəbə adını yazdırıblar. Məktəblə ev arasında məsafə uzaq olduğundan, Afətlə Eyvazın da işdə olduğunu, yaşlı nənəsinin də Zeynəbə baxacağını nəzərə alıb Nərgiz xanım Fatimə üçün maşın da danışıb. Sürücü hər gün onu məktəbə aparıb gətirəcək.

 

Fatimə, Zəhra və Zeynəb üçün bizim edəcəklərimiz bu qədər. Bundan sonrası qalıb onların və Allahın ixtiyarına. Gərək onlar üçün yaradılmış bu şəraiti qiymətləndirib dərslərini yaxşı oxusunlar. Oxusunlar ki, sabah ata və analarını çəkdiyi zülmü-əziyyəti çəkməsinlər. Qəbiristanlıqdan başlayan həyatları aydınlatsınlar ki, gələcək Fatimələr, Zəhralar və Zeynəblər daha qəbiristanlıqda doğulub, qəbirlər arasında böyüməsinlər!

 

P.SLent.az-ın xüsusi təşəkkürü var! Başda Nərgiz Kərimova olmaqla, bu işdə bizə dəstək olan, yardım səsimizi eşidən hər kəsə təşəkkür edirik!

Uşaq yaddaşı zəif olur. Zamanla bu körpələr qəbiristanlıqdakı yaşamlarını unudacaqlar. Unudulmayan tək şey isə sizin yardımlarınız olacaq! Dünyada unudulmayan tək şey yaxşılıqdır!

P.P.S. Xatırladaq ki, ümumilikdə evin tikintisinə 31800 manat xərc çəkilib. Xərcin 90 faizi yazıdan sonra xeyirxah insanlar tərəfindən edilən nağd pul yardımları hesabına ödənilib, 10 faizini isə ayrı-ayrı insanlar tərəfindən hədiyyə edilən ləvazimatlar təşkil edib. Evin sahəsi 110 kv. metrdir. 40 günə hazır olan evin ayrıca kombi sitemi, zirzəmisi də var. Həyətində sürüşmə olduğundan evin bünövrəsi keyfiyyətli betonlanıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın