Menu
Geri İrəli

Rəsmi Bakıdan müharibə anonsu

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2014 • Baxış sayı: 1,111 dəfə • Şərh yoxdur

muharibeCəbhədən qara döyüş xəbərləri: daha bir zabitimiz şəhid oldu; PA rəsmisi Novruz Məmmədov: “Azərbaycan Qarabağda hərbi əməliyyatların başlanmasını istisna etmir”; Azərbaycan müxalifət, cəbhədəki gərginliyi dəyərləndirdi; demokratik düşərgənin ümumi fikrş var: proseslərin arxasında Rusiya dayanıb…

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik bu həftənin ilk günündə də davam edib. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 27 yanvarda leytenant Səbuhi Əzizov döyüş postunda erməni snayperinin atəşi nəticəsində şəhid olub. Bu, son həftədə Azərbaycanın ikinci zabit şəhididir. Yanvarın 23-də Azərbaycanın başqa bir zabiti – 36 yaşlı kapitan Elnur Cəfərov da snayper atəşindən həlak olmuşdu.

Belə bir iddia da var ki, cəbhədə itkilərimiz daha çoxdur, lakin ölkədə panik əhval-ruhiyyənin yaranmaması və hakimiyyətə qarşı etirazların baş qaldırmaması üçün itkilər tək-tək açıqlanır. 
Vəziyyətin kifayət qədər gərgin olduğu bir şəraitdə baş verənlərə münasibət bildirən Azərbaycan XİN son hadisələrə görə Ermənistanı günahlandırıb. Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da mətbuata açıqlamasında Ermənistanın yenə də cəbhə xəttində gərginliyi davam etdirməsindən təəssüfünü ifadə edib və bu vəziyyətin Ermənistanın daxili siyasətinə hesablandığını deyib.
Bu arada Amerika saytlarından biri artilleriya və iriçaplı pulemyotlardan atəşlərin açıldığını əks etdirən video yayaraq bu görüntülərin Ermənistan-Azərbaycan cəbhəsinə aid olduğunu iddia edib. Lakin sonradan məlum olub ki, video-görüntülər saxtadır və Ermənistan – Azərbaycan münaqişəsinə dəxli yoxdur. Yayılan digər məlumatlar bölgədə vəziyyətin olduqca gərgin olduğunu deməyə imkan yaradır. Belə ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının kəşfiyyat bölmələrinin 600-ə yaxın hərbçisi dağlıq ərazidə yerləşən poliqonda hərbi təlimə başlayıb.
Virtualaz.org saytı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hərbi təlim Kamxud poliqonunda keçirilir. Hərbi təlim zamanı Rusiya hərbçiləri xüsusi kəşfiyyat zolağını keçmək, gündüz və gecə vaxtı hədəflərə atəş açmaq, düşmənin diversiya qruplarını zərərsizləşdirmək və əlbəyaxa döyüş məşqləri edəcəklər.
“Azərbaycan Qarabağda hərbi əməliyyatların başlanmasını istisna etmir”. Virtualaz.org saytının xəbərinə görə, bunu son açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, Ermənistanın cəbhə bölgəsində, qoşunların təmas xəttində törətdiyi son hadisələri şərh edərkən bunu təxribat adlandırıb və müharibənin başlaması ehtimalını nəzəri baxımdan istisna etmədiyini deyib.
“Tərəflər arasında iki ildən çox müddətdə heç bir danışıq aparılmadı. Sonra danışıqlar baş tutdu. Ermənilər guya konstruktiv mövqe nümayiş etdirməyə başladılar. Amma üstündən bir müddət keçəndən sonra ermənilər yenidən ucuz tryuk və üsullardan istifadə edərək beynəlxalq ictimai rəyə təsir göstərməyə çalışırlar. Ermənilər diversiya əməlləri fonunda dünya ictimaiyyətində Azərbaycan barədə yanlış təsəvvür yaratmağa çalışırlar.
 Ermənistan dünyada bununla elə rəy yaratmağa çalışır ki, o, guya sülh tərəfdarıdır, Azərbaycan isə buna qarşıdır. Amma Ermənistan rəhbərliyinin bu ənənəvi təxribatçı taktikası öz ölkəsini dalana sürükləyir” – deyə, PA rəsmisi bildirib. N.Məmmədov müharibənin başlaya bilməsi ehtimalını istisna etməyib: “Əlbəttə, biz sülh tərəfdarıyıq, amma erməni tərəfinin təxribatlarını da cavabsız qoymayacağıq. Ola bilər ki, Ermənistan rəhbərliyi belə təxribatçı əməllərlə özünə təsəlli və təskinlik verir, amma onların bu cəhdləri əbəsdir”.
Hakimiyyətin mövqeyi bəlli, bəs Azərbaycan müxalifəti cəbhə xəttində yaşananları necə dəyərləndirir və indiki situasiyada çıxış yolunu nədə görür, iqtidara nə təklif edir?
KXCP sədri Mirmahmud Mirəlioğlu hesab etmir ki, cəbhədəki gərginlik dövlət başçılarının Soçidə planlaşdırılan görüşü ərəfəsində tərəflərin bir-birinə qarşı güc nümayişidir: “Bu amil də var, amma səbəblər içərisində heç də birinci deyil. Burda bir əsəb müharibəsi gedir və təəssüf ki, Azərbaycan hakimiyyəti bunun öhdəsindən gəlmək istəyində və gücündə deyil. Bəlli oldu ki, təkcə nazirlərin dəyişdirilməsi məsələni həll etmir. Bununla bağlı ortaya siyasi iradə qoyulmalıdır”. M.Mirəlioğlunun fikrincə, Azərbaycan işğala məruz qalan tərəf olduğu üçün daha çox hücum mövqeyində olmalıdır: “Təəssüf ki, biz heç müdafiə vəziyyətində də deyilik. Şəhidlərimizin də sayı artmaqdadır. İstənilən halda torpaq işğaldan azad olunmalıdır. Biz bu itkilərimizin qarşılığında heç olmasa torpaq itkilərimizi geri qaytarmağı bacarmalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, indiki halda Azərbaycan olaraq diplomatiyada olduğu kimi, digər sahələrdə də çox uğursuz vəziyyətdəyik”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının fikrincə, cəbhədə baş verənlər Ukraynada yaşananlarla bilavasitə bağlıdır: “Rusiya Ermənistanı qızışdırıb döyüş bölgəsində gərginlik yaratmağa sövq edir ki, Azərbaycan da ona cavab versin. Nəticədə həm Azərbaycan hakimiyyəti, həm də müxalifəti düşünsün ki, əgər Ukraynada baş verən hadisələr Azərbaycanda da təkrarlanarsa, Rusiya yatmayıb, ayıqdır və Dağlıq Qarabağda hər an müharibəni alovlandıra bilər”. Müsavat funksioneri Azərbaycanın müharibə etməkdə qərarlı olmadığını bildirdi: “Ermənistan da özünü qalib hesab edir və döyüşmək arzusu və istəyi yoxdur”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, Ukraynadakı mövqelərini itirməkdə olan Rusiya digər postsovet ölkələrinə təzyiq imkanlarını araşdıracaq: “Azərbaycana təzyiq imkanlarının ən böyüyü də Ermənistan-Azərbaycan cəbhəsidir. Hesab edirəm bu istiqamətdə növbəti mərhələlərdə də fərqli addımlar atılacaq”. Ancaq İ.Ağazadə cəbhədəki gərginliyin müharibə fazasına keçəcəyini güman etmir: “Hər halda bu, bir xəbərdarlıq anonslarıdır”. Rusiyanın başının Ukraynadakı proseslərə qarışdığı bir dönəmdə Azərbaycanın fürsətdən yararlanıb düşməni geri oturtmasının mümkünlüyü ilə bağlı rəylərə gəlincə, İ.Ağazadə bunu yanlış saydı: “Bu, Rusiyanın təxribatıdır, buna getmək olmaz”.
ADP sədri Sərdar Cəlaloğlu deyir ki, cəbhə xəttində baş verənlər Ukraynada baş verən hadisələrlə bilavasitə əlaqədardır: “Rusiya  Ukraynaya nəzarət etmək üçün Qərbə və dünyaya mesajlar verir. Əslinə qalsa, biz bilirik ki, Dağlıq Qarabağ məsələsində istər Azərbaycan, istərsə də Ermənistan tərəfinin o qədər də söz hüququ yoxdur. Yəni bu problemi Rusiya yaradıb və o da iradə edir. Bu baxımdan münaqişədə müəyyən bir aktivliyin əmələ gəlməsi özbaşına baş verən bir hadisə deyil. Azərbaycan və Ermənistanda hansısa hadisələr olanda həmin hadisələrə təsir etmək üçün adətən Qarabağ məsələsindən istifadə edirlər”. ADP sədri bu mərhələlərdə ehtiyatlı olmağı tövsiyə edir: “Başa düşmək lazımdır ki, Qarabağ məsələsi bölgədə Rusiyanın öz təsirini saxlamaq üçün və müəyyən beynəlxalq güclərin dil tapması üçün bir açardır. İndiki hadisələr də Rusiyanın Ukraynadakı hadisələrə cavab reaksiyasıdır. İndiki halda neçə ki, Rusiya baş verənlərə bitərəf qalmayıb və aktiv şəkildə iştirak edir, münaqişənin dinc şəkildə həllinə nail olmaq mümkün deyil. Hətta Ermənistan tərəfindən hər hansı təxribat olsa belə, Azərbaycan tərəf heç bir halda hərbi vasitəyə əl atmamalıdır. Təxribat məqsədilə lap bir-iki kənd boşaldılıb Azərbaycana verilə bilər və hakimiyyət də müəyyən məqsədlər naminə bu faktdan istifadə edə bilər. Ancaq o halda qarşısında çox ciddi təhlükə görə bilər. Ona görə də təxribata qətiyyən getmək olmaz, çox soyuqqanlı olmaq lazımdır. Ukraynadakı hadisələr başa çatmayana qədər Azərbaycan tərəfindən Dağlıq Qarabağla bağlı hər hansı bir addım atılmamalıdır”.
Qeyd edək ki, sərhəd kəndlərindəki qaynaqlarımızdan əldə etdiyimiz məlumatlar bölgə əhalisinin narahat olmasını özündə ehtiva edir.
Azərbaycanın müdafiə naziri isə optimistdir. “Mediaforum” saytı xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 27-də Özbəkistan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-mayor Şavkat Normatovu qəbul edərkən belə deyib: “İşğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi yolunda, xalqımızın dəstəyi və qayğısı ilə qoşunların döyüşə hazırlığı və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən uğrunda düşmənlə döyüşə atılmağa hər an hazırdır”.
Cavid TURAN
Facebook Şərhləndirmə:

Şərhinizi yazın