Menu
Geri İrəli

Rus politoloqdan Qarabağla bağlı şok açıqlama – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2014 • Baxış sayı: 1,538 dəfə • 1 şərh

“Azərbaycan Qarabağda uğur qazanmayacaq”

 qriqoriSon günlər Qafqazda vəziyyət yenidən gərginləşib. Cəbhənin təmas xəttində ermənilərin aktivləşməsi yeni müharibə təhlükəsi ilə bağlı açıqlamaların yayılmasına səbəb olurdu. Üstəlik, Ukraynada vəziyyətin gərginləşməsi və hər iki narahatlığın arxasında Rusiya amilinin dayanması ehtimalı rusiyalı politoloq Qriqori Trofimçuka müraciət etməyimizə səbəb oldu.

 Beləliklə, rus politoloq Qriqori Trofimçuk “Axar.az”ın suallarını cavablandırır.

 Radikal şəkildə nifrət

  - Son günlər Ermənistanla Azərbaycan arasında vəziyyət gərginləşib. Bu situasiyanın müharibəyə qədər gəlib çatdığı güman edilir. Sizcə, hazırkı şəraitdə müharibənin başlaması nə qədər real görünür?

 - Azərbaycanla Ermənistan arasında konflikt uzun illər əvvəl dondurulub, yəni həll olunmayıb. Elə buna görə də tərəflər arasında savaş istənilən zaman başlaya bilər. Bu boksdakı kimidir: referi bokçuları ayırır, onlar rinqin bir tərəfinə çəkilir, qollarını boşaldır və istənilən vədə bir-birinə hücum etməyə hazır olurlar. Bir tərəfdən də Bakı heç vaxt Qarabağ probleminin güc yolu ilə həllini istisna etməyib. Ermənilər və azərbaycanlılar kütləvi informasiya vasitələrində açıq savaş aparırlar və bu müharibə bir dəqiqə belə dayanmır. Bu elə xalqlar cütlüyüdür ki, bir-birinə radikal şəkildə nifrət edirlər. Dünyada başqa bu qədər nifrətin olduğu ikinci bir yeri görə bilməzsiniz. Hətta ermənilər və türklər, şimali və cənubi kiprlilər arasında bu qədər nifrət müşahidə etmək olmaz. Bunların hamısı kifayətdir ki, növbəti proqnozu verə bilərsən.

 Müharibənin başlanması kimin və nə vaxt sərhədi keçməsindən asılıdır. Böyük ehtimalla bu nə Bakı, nə İrəvan, nə də Moskva üçün sərfəlidir. Mənə elə gəlir ki, müharibə kiçik insidentlə başlayacaq. Hansı ki, burada Qərbin heç bir günahı olmayacaq. Amma Qərb alovlanmış situasiyaya mütləq müdaxilə edəcək və özü də bunu idarə etməyə başlayacaq. Liviyada belə olub, Ukraynada belədir, Qarabağda da belə olacaq. Qlobal gərginlik və qeyri-stabillik getdikcə Qarabağa daha çox yaxınlaşır. Təkcə bu fakt artıq xoş olmayan proqnozların verilməsinə şərait yaradır.

 Azərbaycanın ordusu yaxşıdır, sadəcə…

 - Müsahibələrinizin birində Qarabağın Azərbaycanın tərkibinə qaytarılmayacağını bildirmişdiniz. Ümumiyyətlə, Azərbaycan konfliktdən uğur gözləyə bilərmi?

 - Azərbaycana Qarabağ konfliktində uğur yoxdur. Ona görə yox ki, onun pis ordusu var. Əksinə, Azərbaycanın ordusu yaxşıdır və müasir tələblərlə qurulur. Sadəcə olaraq insanlıq tarixində hələ heç vaxt böyük dövlətdən ayrılmış və ona məxsus olan parçanın geri qaytarılması müşahidə olunmayıb. Bir tərəfdən də Sovet İttifaqı əslində tam məhv olmayıb və bu gün Ukraynadakı hadisələr bizə bunu sübut edir. Hazırkı məqamda postsovet ölkələri qarşısında duran əsas məsələ əllərində olanı qorumaqdır. Güclü ordu Azərbaycana məhz belə işlərə görə gərəkli olacaq. Mən artıq demirəm ki, ABŞ və NATO-ya sovetlərin bir parçasını gücləndirmək və daha sonra axmaqcasına həmin dövlətlə problemi həll etmək sərfəli deyil. Qərb Rusiyaya qarşı olan bütün torpaqları birləşdirmək görüntüsü yaradır, amma siz başa düşməlisiniz ki, bu addım nə üçün atılır. Qərb təkcə özlərinin tarixi partnyorları ilə reinteqrasiyaya gedir. Məsələn, Almaniya kimi ölkələrlə. Amma artıq Çexslovakiya iki yerə parçalanıb. Keçmiş sovet respublikalarından bu mənada danışmaq ümumiyyətlə gülməlidir. Onların hər birində nə qədər çox ayrı, separat bölgələr olsa, bir o qədər də dünya güc mərkəzləri üçün də sərfəli olacaq. Azərbaycan SSRİ-nin tərkibində olan zaman böyük və bölünməz idi. Azərbaycan onu parçalayıb, zəiflətməkdən ötrü müharibəyə itələyəni diqqətlə izləməlidir. Amma talışları və öz saatını gözləyən digər prosesləri də yadınızdan çıxarmayın.

 Özünüzü məhv edənə qədər

 - Qafqazdan olan politoloqlar Qarabağ konfliktində daha çox Rusiyanı günahkar sayırlar. Ermənistan və Azərbaycan bu konflikti Rusiyanın ucbatındanmı həll edə bilmir?

- Gəlin təsəvvür edək ki, Rusiya bu regiondan gedib. Azərbaycan və Ermənistan bu gedişdən dərhal sonra bir-birini məhv edərlər. Axı Ermənistan ordusunu Rusiyanın köməyi olmadan belə, yox saymaq üçün heç bir əsas yoxdur. Və məsələ yalnız hərbi texnikanın keyfiyyət səviyyəsində deyil. Məsələ ondadır ki, azərbaycanlılar və ermənilər praktiki olaraq eyni əhval ruhiyyə ilə müharibəyə kökləniblər. İstənilən müharibədə isə əsgərin psixoloji hazırlığı əsas faktora çevrilir. Buna görə də siz qarşılıqlı olaraq özünüzü məhv edənə qədər bir-birinizi parçalara böləcəksiniz. Və bunu sübut etməkdən ötrü heç bir eksperiment keçirmək lazım deyil. Əgər erməniləri heç nə maraqlandırmasaydı, əgər onlar Azərbaycan mətbuatına barmaqarası yanaşsaydı, onda siz torpaqlarınızı geri qaytarmaqdan ötrü bütün şansalara sahib olardınız. Amma ermənilər yatmırlar.

 Türkiyə Azərbaycanın özünə qarşı dayanmasından qorxur

 - Bəs Türkiyə necə? Onun hadisələrin gedişinə müdaxilə etmək şansı hələ də qalırmı?

 - Türkiyə çoxdan kömək edə bilərdi, amma Avropa İttifaqı və ABŞ-la problemləri buna imkan vermir. Türkiyə başa düşür ki, onun qərb dünyasında mövqeyi çox zəifdir və məhz buna görə də onu “avropalı xalqlar ailəsinə” götürmürlər. Amma Türkiyə qərb dünyasının bir hissəsi olsaydı, artıq çoxdan Azərbaycan adlı qardaşına kömək etmişdi.

Ankaraya bu dəqiqə heç kim zəmanət vermir ki, İran və Suriyadan sonra ABŞ kürd məsələsi və digər problemlərlə Türkiyəyə tələ hazırlamayacaq. Buna görə də Türkiyə Azərbaycanın güclənməsinə kömək etmək məsələsində qərara gələ bilmir. Qorxur ki, Qərb özünə sərf edəcəyi halda tez və ya gec güclənmiş ölkəni Türkiyəyə qarşı çevirə bilər. Türkiyə heç də Azərbaycanın mövqeyini Qarabağ məsələsində birmənalı dəstəkləmir. Sadəcə sözlərdə, ondan o yanası isə yoxdur.

 Ukrayna parçalanacaq

 - Rusiya Ukraynadakı hadisələrdə də günahkar bilinir. Maraqlıdır, Ukrayna ilə bağlı hansı proqnozu verə bilərsiniz?

 - ABŞ və Avropa İttifaqı Ukrayna hakimiyyətinin qeyri-professionallığından istifadə edərək yalanları ilə ölkə daxilində alovu sürətləndirdi. Əgər hadisələr belə cərəyan edərsə, Ukrayna iki hissəyə qərb və şərq bölgələrinə bölünəcək. Ukrayna yenə eyni tarixlə qarşı-qarşıya qala bilər. Bu torpaqların tarixi onsuz da belə olub – hər kəs bir-biri ilə savaşıb. Ukrayna bu parçalanmaya doğru çox iti addımlarla irəliləyir.

 Rusiyanın miqrantlarsız yaşayışı mümkün deyil

 - Bəs Rusiyadakı miqrantların taleyi necə olacaq?

 - Miqrantlarla bağlı problem Rusiyaya onların axınının dayandığı vaxt bitəcək. Rusiya o zaman anlayacaq ki, bu onun üçün necə nəticələnə bilər. Daha sonra o işçi qüvvəsini xaricdən pulla almaq, ya da müxtəlif reklamlar vasitəsilə xarici işçiləri cəlb etmək məcburiyyətində qalacaq.

 Başqa bir problem isə rusların özlərinin artıq prestiji olmayan yerlərdə çalışmaq istəməməsidir. Prinsipcə işləmək istəmirlər. Fəhlə, əmək adamı peşələri çox təəssüf ki, ictimaiyyətin diqqətində olmayan şeylərdir. Bununla bərabər Rusiyada doğum göstəriciləri çox aşağıdır.

 Bütün bunlar göstərir ki, Rusiyanın miqrantlarsız yaşayışı mümkün deyil. Miqrantın maaşı yaxşı olsa o, Arktikada da işləyər. Amma indiki zamanda onlardan yalnız cərimə edib pul qoparmağa öyrəşiblər. Ona görə də hamı Moskvaya gəlir. Bu da problem yaradır.

Facebook Şərhləndirmə:

“Rus politoloqdan Qarabağla bağlı şok açıqlama – MÜSAHİBƏ” yazısına bir cavab

  1. Yusif deyir:

    Bu alcaq Rusun danishmagina baxe. Uzr isteyirem ifademe gore amma bele alcaqlar danishanda adam hirslerini cilovlaya bilmir. Ay alcaq senin anani, bacini, 1 ve ya 2 yashinda ushagini gozun onunde oldurseler, gocalari rehmsiz shekilde beyinlerini kessseler sen onlara nifret etmezsen? Qeddafini gulleleyib, Seddami asdiniz, bir dilgir doydaq suriyali Besherle bacarmayan gelib burda gor ne danishir. Haram olsun sene Azerbaycanin Haqqi. Neinki sene butun her kese ki kim bunlara goz yumur. Senin kimi alcaqlar olmaza Dunya sakit yashayar.

Şərhinizi yazın