Menu
Geri İrəli

“Rusiya işğal altındakı rayonları qaytarmağa hazırdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2014 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

kremlMoskva ilə Bakı “qızıl orta” axtarışında; Putin Əliyevə söz verib: Azərbaycanın Avrasiya İttifaqına qoşulması qarşılığında ərazilər mərhələli şəkildə boşaldıla bilər; Bakının isə kompleks təklifi var: “Qarabağı qaytar, İttifaqda bir yerdə olaq!..”; Ermənistan çıxılmazdadır; KTMT-in İrəvan toplantısında bölgəyə rus hərbçilərinin gətirilməsi məsələsi müzakirə olunacaq…

Ermənistan və Azərbaycanın Avrasiya Birliyinə (AB) üzvlüyü məsələsi Rusiyanın Dağlıq Qarabağ ixtilafı ətrafında manevr imkanlarını əhəmiyyətli şəkildə artırıb. Regiona, ələlxüsus Bakıya rus emissarlarının artan səfərləri şübhəsiz ki, öncəliklə bu amilin şərtləndirdiyi yeni situasiya ilə əlaqədardır.

İlkin müşahidələr belə qənaətə gəlməyə imkan verir ki, rəsmi Moskva “bir güllə ilə iki dovşan vurmaqda” israrlıdır. Söhbət nədən gedir? İlk növbədə ondan ki, Kreml Azərbaycan prezidenti İlham Əliyevin AB-nin təsisçi ölkələrinin başçılarına göndərdiyi və Ermənistanla bağlı məlum məktubuna “dobro”nu boşuna verməyib.
Situasiyanın incəliyi də ondadır ki, Ermənistan Bakının tələb elədiyi kimi, quruma beynəlxalq səviyyədə tanınan sərhədlərlə daxil olmağa artıq etiraz bildirməyib. Və ya Kremlə görə bildirə bildirməyib. Rəsmi İrəvanın əsas narahatlığı qondarma “DQR”lə Ermənistan arasında gömrük postlarının qurulmasından, həmçinin separatçı bölgə ilə əlaqələrin zəifləyə biləcəyindən, ümumiyyətlə, sonuncunun təklənə biləcəyindən yanadır.
Rusiya isə Güney Qafqazda özünün yeganə forpostunun əndişəsini ciddiyə alaraq, belə görünür, Bakı ilə bu məsələ ətrafında yeni siyasi bazarlığa kurs götürüb. Əliyevin məktub-müraciətinə müsbət reaksiya verilməsi nəzəri olaraq Kremli bu bazarlığa daha ürəklə sövq edir. Yəni Bakının birinci istəyi təmin edildi, bəs qarşılığında Azərbaycan nə verəcək?
Moskvanın Qarabağla bağlı əsas hədəfləri bəllidir: Rusiya konfliktin həlli prosesinin axıradək öz nəzarətində qalmasına, regiona yerləşdiriləcək sülhməramlı qüvvələrin müstəsna olaraq rus hərbçilərindən təşkil olunmasına çalışır. Ermənistanın Gömrük və Avrasiya ittifaqlarına üzvlüyü ilə bu ehtiyac xeyli artmış kimidir.
Ayrı sözlə, Moskva fürsətdən istifadə edib Azərbaycanı hələlik buna razı salmağa çalışır ki, Ermənistanla işğal olunmuş ərazilər arasında gömrük postları qursun, lazım gələrsə, həm işğal altındakı ərazilərdə, həm də təmas xətti boyu “Qarabağ ermənilərinin təhlükəsizliyi” adı altında sülhməramlılar yerləşdirsin.
Erməni tərəfi Azərbaycan sarıdan real təhlükəyə görə prinsipcə, buna qarşı deyil və hesab edir ki, bölgədə Rusiya hərbçiləri olsa, Bakı hərbi əməliyyatlara risk etməz. Yalnız bir əndişə var: İrəvan narahatdır ki, Rusiya bu yolla Dağlıq Qarabağı tədricən təcrid edərək perspektivdə referendum oyunu ilə onu öz tərkibinə qata, yaxud Azərbaycanla geosiyasi bazarlıq predmetinə çevirə bilər.
*   *   *

 
“Moskva Ermənistana Qarabağla aralarında gömrük keçid məntəqələrinin yerləşdirilməsi ilə bağlı ciddi təzyiqlər edir”. Belə bir iddia Ermənistan mətbuatında yer alıb (axar.az). Yazıda bildirilir ki, İrəvan qısa zamanda Azərbaycan, Türkiyə və Rusiyanın yaratdığı təhlükəni neytrallaşdırmaq üçün yollar axtarır: “İrəvan çarəsiz vəziyyətdir. İstənilən istiqamətdə Ermənistan hakimiyyətini dalana dirəyiblər. Məhz buna görə də Qarabağa qısa zamanda ölkənin əsas strukturlarının səfərləri reallaşdı. Bundan sonra Rusiyanın hansı addımlar atacağını söyləmək çətindir”.
Erməni mediası maraqlı bir detala da toxunub: “İyulun 1-2-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiya ilə bağlı forumu keçiriləcək və istisna edilmir ki, məhz KTMT öz sülhməramlı qüvvələrini Qarabağda yerləşdirməklə bağlı təklif irəli sürəcək. İrəvana gəlincə, onun etiraz bildirməsi gözlənilmir. Görünür, bütün razılaşmalar Lavrovun hər iki ölkəyə etdiyi səfər və Əliyevlə Putinin telefon danışığında əldə olunub”.

Ermənistanın baş naziri Ovik Abramyan isə hər şeyin KTMT toplantısından bir gün sonra (iyulun 3-də) keçiriləcək Avrasiya İttifaqına üzvlük məsələsi ilə bağlı görüşdən sonra bəlli olacağını söyləyib. Maraqlıdır ki, baş nazir ölkənin birliyə daxil olacağı təqdirdə Ermənistanla Dağlıq Qarabağ arasında buraxılış məntəqələrinin qoyulub-qoyulmayacağı haqqında sualdan yayınıb. Demək, haqqında söz gedən məsələnin gündəmdə olduğu Ermənistan rəhbərliyi səviyyəsində də etiraf olunur.
Vəziyyətin ciddiliyini son həftələr ərzində separatçı bölgəyə Ermənistandan yüksək ranqlı məmurlar səviyyəsində bir-birinin ardınca edilən intensiv səfərlər də təsdiqləyir. Elə baş nazir Abramyanın özü iki gün öncə Xankəndində olub və burada separatçıların liderləri ilə saatlarla danışıqlar aparıb. Bütövlükdə iyun ayı ərzində Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan xaricdəki diplomatik korpusla, parlamentin spikeri Qalust Saakyan deputat nümayəndə heyəti ilə, habelə Gevorq Konstanyan başda olmaqla Baş Prokurorluğun rəhbər heyəti, müdafiə naziri Seyran Ohanyan, ən sonda isə ədliyyə naziri Ovanes Manukyan Dağlıq Qarabağda olublar.
“Joxovurd” qəzetinin yazdığına görə, bu səviyyəli səfərlər təsadüfi deyil və ortada Qarabağa dair hansısa plan var. Sitat: “Bizim diplomatik mənbələrimiz iddia edir ki, Xankəndində müzakirələrin əsas mövzusu Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra yaranacaq yeni situasiya ilə bağlı hər bir idarənin üzərinə düşəcək vəzifələri qabaqcadan nəzərdən keçirmək olub”.
Bəzi erməni ekspertlər məhz bu xüsusda hesab edirlər ki, Azərbaycan prezidentinin Rusiya, Qazaxıstan, Belarus rəhbərlərinə məlum məktubu İlham Əliyevin ermənilər üzərində yeni diplomatik qələbəsidir.
*   *   *
Bizə çatan mötəbər məlumatlara görə, bu, sadəcə, diplomatik qələbə deyil, Bakı ilə Moskva həm də ilkin Qarabağ anlaşması içindədir. Həmin anlaşma payızda Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur. Lakin mənbəmizin iddiasına görə, Azərbaycanın şərti Laçın dəhlizi və Şuşa xaric, yerdə qalan bütün rayonların eyni vaxtda boşaldılmasıdır. Rəsmi Bakı “Avrasiya İttifaqına qoşulmağın tək şərti belədir” – deyib.
Rusiya tərəfi isə fərqli plan təklif edir: “Rayonların boşaldılması mərhələli şəkildə həyata keçəcək. Öncə iki rayon – Füzuli və Ağdam azad ediləcək. Ardınca Azərbaycan Gömrük və Avrasiya ittifaqlarına üzv olacaq və rus qoşunları sülhməramlı, ayırıcı missiya adı altında Dağlıq Qarabağda yerləşdiriləcək. Daha sonra proses davam etdiriləcək. 2015-in ərzində daha bir rayon qayıdacaq. Proses bu şəkildə də gedəcək. Bu, Putinin variantıdır və o, Azərbaycan tərəfinə söz verib”. Lakin Azərbaycan bu cür “mərhələli həll” üçün tərəddüd edir və məsələni konkret qoyur.
Burdaca vurğulamaq lazım gəlir ki, regionda, Qarabağ ixtilafı ətrafında son gəlişmələr və diplomatik fəallaşma fonunda sadalananlar yetərincə ağlabatan görünür. Niyə də olmasın? Təsadüfi deyil ki, ermənilər bunu bilir və bərk narahatdılar. Ancaq məlumatlara görə, Azərbaycan tərəfi Avrasiya İttifaqına qoşulmağın mümkün ağır bədəlini ciddiyə alaraq Kremldən kompleks həll tələb edir. Bakının əsas şərti təxminən belədir: “Qarabağı qaytar, İttifaqda bir yerdə olaq…”
Bizə çatan səhih bilgilərə görə, Bakının bu tələbi Rusiya tərəfindən hazırda son dəyərləndirmə mərhələsindədir. Böyük ehtimalla, Moskva özünün və Azərbaycanın təkliflərinin ortasında bir şey təklif edəcək. Yəni “qızıl orta” məsələsi…
Lakin ortada nə qədər danışıqlar, bunlara dair faktlar olsa da, Rusiyanın Dağlıq Qarabağı və işğal altındakı torpaqlarımızı Azərbaycana qaytarması mümkünsüz görünür. Qaytarsa belə, bütün ölkəni öz nəzarətinə alaraq, qoşunlarını təkrar Azərbaycanda yerləşdirərək, bunu etməyi qəsdlənir.
Bizə bu, lazımdırmı?  İndi əsas sual budur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın