Menu
Geri İrəli

Şəhərin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2011 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

Sumqayıt fəallarının bu ilin doqquz ayı ərzində şəhərin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı işgüzar və konstruktiv şəraitdə keçmişdir.
Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, dünya maliyyə sistemini bürüyən böhrana baxmayaraq, Azərbaycanda yüksək iqtisadi inkişaf sürəti saxlanılmaqdadır. Eldar Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 24-də Nazirlər Kabinetinin geniş iclasındakı çıxışına istinad edərək, milli iqtisadiyyatın davamlı inkişaf xarakterini təsdiq edən əyani rəqəm və faktlar gətirmişdir. O vurğulamışdır ki, qlobal maliyyə böhranı şəraitində ölkənin nailiyyətlərini cəsarətlə ciddi uğur adlandırmaq olar. Ayrı-ayrı sahələr üzrə göstəricilərin müqayisəli xarakteristikası ölkə başçısı İlham Əliyev tərəfindən düşünülmüş şəkildə, cəsarətlə və bacarıqla həyata keçirilmiş dövlət inkişafı strategiyasının məntiqi yekunu olan nailiyyətlərin parlaq təsdiqidir.
E.Əzizov 9 ayda Sumqayıtın inkişafından danışaraq, Heydər Parkının yenidən qurulmasına, Heydər Əliyev Mərkəzinin yaradılmasına, Nəsimi adına sahilyanı parkın, Cümə məscidinin inşasına, habelə şəhərin abadlaşdırılması üzrə irimiqyaslı işlərə dair Prezidentin tapşırıqlarının yerinə yetirilməsi prosesi üzərində dayanmışdır. Bildirmişdir ki, Corat qəsəbəsinin yaşayış massivlərində, habelə 10, 13 və 18-ci mikrorayonlarda müvafiq infrastrukturlu müasir nümunəvi həyətlər yaradılmışdır. Şəhərin başçısı, həmçinin növbəti mərhələdə həyata keçiriləcək layihələri təqdim edərək demişdir ki, şəhər stadionunun, Kimyaçılar sarayının qarşısındakı meydanın yenidən qurulması nəzərdə tutulmuş işlər sırasındadır və bu işlər ARDNŞ-ın “Azərkimya” İstehsalat Birliyi tərəfindən yerinə yetiriləcəkdir.
Şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyevin hesabat məruzəsində Sumqayıtın bütün inkişaf spektri işıqlandırılmışdır. Bildirilmişdir ki, bu ilin əvvəlindən şəhərin iqtisadiyyatına 50 milyon manatdan yuxarı sərmayə yatırılmışdır. Bu da Sumqayıtın biznes üçün cəlbedici şəhər olduğunu göstərir. Kimya sahəsi müəssisələri, “Azərboru”, “İntertekstil”, “Sumqayıt iplik xovlu”, “Bismak” , “Delta loqistik” səhmdar cəmiyyətləri və s. uğurla çalışmışlar. Bununla yanaşı, “Sumqayıt Texnopark” nadir istehsalat kompleksinin zavodlar şəbəkəsi genişlənir, kimyəvi texnoparkın yaradılması planlaşdırılır. “Azərsun Holdinq” şirkətlər qrupunun həyata keçirdiyi “Sumqayıt iqtisadi zonası” layihəsinin icrası üzrə işlər davam etdirilir. Şəhərdə karton və kağız istehsalı kombinatının, yağ istehsalı fabrikinin, kağız tara istehsalı məntəqəsinin, metal qablaşdırma istehsalı fabrikinin tikintisi nəzərdə tutulmuşdur.
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı çərçivəsində Sumqayıtda altı istiqamət üzrə həyata keçirilən 15 tədbir icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
Bütövlükdə əhaliyə nəqliyyatda 8,2 milyon manatlıq, rabitədə 6,8 milyon manatlıq xidmət göstərilmişdir. Bu da ötən ilin göstəricilərini müvafiq olaraq 10,6 və 10 faiz üstələyir. Büdcəyə proqnozlaşdırılan 44 milyon manat əvəzinə 50,4 milyon manat daxil olmuşdur. Belə sürətin saxlanması şəhər büdcəsinin dövlət subsidiyalarından asılılığını tam aradan qaldırmağa imkan verir. Hesabat dövründə şəhərdə 2200 daimi iş yeri yaradılmışdır. Məruzədə səhiyyə, təhsil, mədəniyyət, idman və s. müəssisələrinin fəaliyyəti haqqında ətraflı informasiya təqdim edilmişdir.
Yığıncaq açıq dialoq şəraitində keçmişdir. Müzakirələrdə şəhər sakinləri yaxından iştirak etmişlər. Müzakirə edilən problemlər arasında intensiv yağışlardan sonra Acıdərə yaşayış məntəqəsinin su basması məsələsi olmuşdur. Yerli “Dünya TV” telekanalının videosüjetinin nümayiş etdirilməsi problemi bütün kəskinliyi ilə ortaya qoymuşdur. Eldar Əzizov bu biabırçılığa görə müvafiq qurumların rəhbərlərini ciddi tənqid etmişdir. Məlum olmuşdur ki, günahkarlar kanaldan keçən kollektorun üzərində qanunsuz inşa edilmiş özəl obyektlərin sahibləridir. Onlar müvafiq işləri görmək üçün xüsusi texnikanın hərəkətinə də mane olurlar.               Təxirəsalınmaz məsələlərin operativ həll olunması üçün komissiya yaradılmışdır.
Çıxış edənlər sumqayıtlıların qurub-yaratmaq əzmindən, şəhərdəki müsbət dəyişikliklərdən söz açaraq, şəhər sakinlərinin problemlərinə diqqət göstərdiyinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda iclas iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.  Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın