Menu
Geri İrəli

Samir Abasov: “Sumqayıt şəhərində həqiqətən olduqca perspektivli futbolçular var, amma…”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2013 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Kapitan Samir Abasov təlim-məşq toplanışı və komandadakı son durumla əlaqədar klubun rəsmi saytına müsahibə verib.

- Komandanın hazırlığı barəsində nə deyə bilərsiniz?

- Bildiyiniz kimi “Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının ikinci mərhələsi üçün təlim-məşq toplanışını ölkədə daxilində keçirir. Gündə iki dəfə olmaqla hazırlığımızı davam etdiririk. Ümumi götürsək, hazırlıq mərhləsi öz axarı ilə davam edir. Məşqçilər heyəti səhər topla çalışmalara üstünlük verdiyi halda, axşam hazırlığını trenajor zalında keçirik. Uşaqlar məşqlərdə var-qüvvələri ilə çalışır. Havaların mülayim keçməsi isə işimizi xeyli yüngülləşdirib. Hazırda heyətin kompleksləşməsi davam edir, baxışa gələn futbolçular yoxlanılır.


- Əvəzedici komanda və “Rəvan”la yoxlama oyunu keçirdiniz. Ümumi götürsək komanda bu görüşlərdə necə təsir bağışladı?

- Heyətdə itkilər olduğu üçün hər iki yoxlama oyununu tam heyətlə oynaya bilməmişik. Məsələn, Murad Doymuş, Murad Ağayev və Pərdis Fərcad-Azad zədəli olduqları üçün komanda ilə hazırlığa nisbətən gec başladı. Slavik Alxasov U-21-in, Orxan Əliyev isə U-19-un heyətində təlim-məşq toplanışında olduğu üçün oyunlarda iştirak edə bilməyib. Şükürlər olsun ki, artıq zədəlilərimiz sağalıb və tam tam heyətlə hazırlaşa bilirik. “Rəvan”la qarşılaşmada hiss olunurdu ki, uşaqlar futbol üçün çox darıxıblar, bu səbəbdən oyun maraqlı alındı. Bundan başqa, baxışda olan futbolçuların bəziləri də yoxlanıldı. Fevralın 2-də “Kəpəz”lə növbəti yoxlama oyununa çıxacağıq. Düşünürəm ki, “Bakı” ilə keçiriləcək çempionatın ilk oyuna qədər komanda hazır vəziyyətə gələcəkdir.

- Dövrələrarası fasilədə Ceyhun Sultanov və Uğur Pamuk kimi əsas heyətin üzvləri komandalarını dəyişdi. Onların gedişini itki adlandırmaq olarmı?

- Əlbəttə, həm Ceyhun, həm də Uğur əsas heyətin üzvləri sayılırdı. Hər ikisinə karyeralarında uğurlar arzulayıram. Bizim üçün çox çətin olacağını bilirik. Bu səbəbdən 3-4 transferə ehtiyacımız var. Məsələn, son dönəmlərdə baxışa gələn futbolçuların bəziləri özlərini yaxşı tərəfdən göstərə bilirlər. Yəqin ki, klubun rəhbərliyi çempionat oyunlarına qədər baş məşqçinin istədiyi futbolçuların transferini reallaşdıra biləcək.

- “Sumqayıt” FK-nun Premyer Liqadakı əsas vəzifəsi nədir?

- Hazırda komanda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Riyazı cəhətdən ilk altılıq üçün şansımız var. Amma reallıqla danışsaq, bunu gerçəkləşdirmək bizim üçün çətin olacaq. Ən azından qarşıdakı 4 qarşılaşmada məğlub olmamalıyıq. Əsas məqsədimiz çempionatı olduqca yüksək pillələrdə başa vurmaqdır.

- “Sumqayıt” Futbol Mərkəzinin tikintisi davam etdməkdədir…

- Bazanın tikintisi surətlə davam etməkdədir. Bu, son dövrlərdə eşitdiyimiz ən xoş xəbərlərdən biridir. Sizə səmimi deyirəm, Sumqayıt şəhərində həqiqətən perspektivli uşaqlar var. Sadəcə maddi-texniki bazanın olmamamsı bu şəhərdə futbolun inkişafının qarşısını alan amillərdəndir. Klub rəhbərliyi də, bu işdə var qüvvəsi ilə çalışır ki, baza tezliklə istifadəyə verilsin. İnanın, bu şəhərdə normal bir stadion olsa, tez bir zamanda bunun bəhrəsini görəcəyik.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın