Menu
Geri İrəli

“Sovetski” camaatı etiraza qalxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 735 dəfə • Şərh yoxdur
Share Button

Paytaxtın mərkəzində əmlak uğrunda mübarizə başladı; Bakılıların bir qismi ev yıxmağa qarşı mitinq keçirdi; minlərlə narazı sakin ədalətli kompensasiya tələbi ilə hakimiyyətə səsləndi, təşkilat komitəsi hökumətə üç gün möhlət verdi…

 

sovetski etiraz
Fevralın 16-da Bakının “Sovetski” məhəlləsində evi söküləcək minlərlə vətəndaş etiraza qalxdı. Ötən həftədən təyin edilən mitinq saat 14:00-da 173 nömrəli məktəbin qarşısında keçirildi. Əmlaklarının söküləcəyindən və əvəzində təklif edilən kompensasiyanın azlığından şikayətlənən “Sovetski” camaatı analoqu olmayan böyük bir aksiya keçirə bildi.
Mitinq polisin müşayiəti ilə baş tutdu və kiçik fraqmentlər xaric, prosesə heç bir müdaxilə olmadı. Etirazçı kütlənin izdihamını görən hakimiyyət aksiyanı zorakılıqla dağıtmağa əl atmadı, kimsəyə qarşı hücum olmadı, həbslər həyata keçirilmədi. Mitinqdə təqribən 3 min etirazçı iştirak edirdi və onlar yekdilliklə eyni tələbi səsləndirdi – evləri söküləcək sakinlərə veriləcək  kompensasiyalar 3 min manatdan hesablansın.
Onların tələbinə görə, yaşadıqları massivdə mənzil bazarındakı qiymətlərə əsasən kompensasiyalar ödənilməlidir. Odur ki, narazı vətəndaşlar əllərində transparatlar, bayraqlar, ölkə başçısının və keçmiş prezident Heydər Əliyevin portretlərini tutaraq mitinq keçirdilər. Aksiyaçılar məktəbin önündə toplaşıb şüarlar səsləndirməyə başladılar;“Prezident kömək et”, “Evimizi sökməyin” və s. şüarlar səsləndirildi.
Bir qədər sonra aksiyanın miqyası daha da böyüdü, izdihamlı mitinqə çevrildi, avtomobil yolunda hərəkət məhdudlaşdı, meydanın ortasına isə mikrofon və səsgücləndirici gətirildi. “Sovetski”də yaşayan ağsaqqallardan üç nəfər mitinqdə çıxış etdilər. Onlar hökuməti ədalətli kompensasiya verməyə çağırdılar, məsələnin Milli Məclisdə qaldırılmasını tələb etdilər:
“Biz bayır şəhərlilərik. Bura kənardan gəlməmişik. Bizim babalarımız burda yaşayıb. Biz də övladlarımızın, nəvələrimizin burada yaşamasını istəyirik. İndi bizi evimizdən çıxartmaq istəyirlər. Ya bizim evimizin dəyərində kompensasiya versinlər, ya da yerində ev versinlər. Biz hər kvadratmetrə 1500 manat verilməsinə etiraz edirik.  Çünki burada tikilən təzə binalarda evlərin 1 kvadrat metrinin qiyməti  3500-4000 manatdan aşağı deyil. Camaatın tələbi nəzərə alınmalıdır. İnsanların mülkiyyəti toxunulmazdır. Real qiymətlərə uyğun olmayan kompensasiya ilə heç vaxt razılaşmayacağıq,”- deyə mitinqdə çıxış edən narazı sakinlərdən biri qeyd etdi.
Digər çıxışçı qeyd etdi ki, “Sovetski” camaatı dövlətə xidmət edib, məmur özbaşınalığına isə “yox” deyir: “Biz hökumətdən artıq heç nə istəmirik. Sadəcə, bizim yaşadığımız yerin pulu hesablansın, burada indi mənzilin kvadratı neçəyədirsə, o pulu versinlər. Bayır şəhərdə elə adam var ki, mənzili 12 kvadratdır, eləsininki  20 kvadratdır. Bu adamlara 1500 manatdan kompensasiya verilsə harda mənzil alacaqlar? Biz prezidentə müraciət edirik ki, camaatı razı salsınlar”.
Aksiyaçılar qeyd etdilər ki, tərkibi 10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb: “Biz tələblərimizi icra hakimiyyəti nümayəndələrinə bildirəcəyik. Əgər tələblərimiz yerinə yetrilməsə, hər bazar günü yox, hər gün aksiya keçirəcəyik. Biz hakimiyyətlə dava etmirik. Davamız özbaşınalıq edən məmurlarladır”. Çıxış edən ağsaqqallar sakinləri qanunsuz hərəkətlər törətməməyə çağırdı. Camaat isə icra başçısını tələb edirdi.
Qəzəbli etirazçılardan biri isə qışqıraraq Allaha üz tutdu: “Ya Rəb, bizə zülm edənə zülm et. Sənə sığınırıq, ya Allah. Bunlar bizə zülm edir. ”Atletiko Madrid”ə 20 milyon, gül bayramına 70 milyon xərcləyə bilirlər. Ancaq bizi evimizdən küçəyə atıb, qəpik-quruş verirlər”.
Narazı vətəndaşlardan biri Tahirə Rzayeva da heç yerə getməyəcəyini dedi: “Mən bakılıyam. Burda böyümüşəm. Məni evimdən çıxarıb kənara apara bilməzlər. Plana düşübsə, pulu düz versinlər. Bizə dilənçi payı lazım deyil. Hər həftə aksiyalar keçirib haqqımızı tələb edəcəyik.
 
Bir evlərimiz qalmışdı, onları da əlimizdən alıb bizi didərgin salmağa çalışırlar. Bizə verilən pul mərkəzdə ev almağa çatmalıdır. Mən niyə gedib Hövsanda, Xırdalanda, yaxud Masazırda yaşamalıyam? Amma mənim evimi söksünlər, park tiksinlər. İstəyirəm ki, elə bu yaxınlıqda ev ala bilim. Amma kvadratı 1500 manatdan mümkün deyil”.
Mitinq davam etdiyi saatda Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov əraziyə gəldi. Narazı camaatın qarşısında çıxış edən S.İslamov əvvəlcə replika verdi: “Deyirlər ki, infarkt keçirmişəm. Hələ keçirməmişəm, amma səhhətimdə bəzi problemlər var”.
Sonra vətəndaşların narazılığından danışıb, insanlara vəd verdi ki, heç kimin razılığı olmadan onun evi sökülməyəcək. Başçı müavini “Sovetski”nin plana düşdüyünü və bu istiqamətdə vətəndaşları razı salmaq üçün işlər görüldüyünə etirazçıları əmin etdi.
S.İslamov söz verdi ki, onların istəkləri nəzərə alınacaq, sonra mitinq yerini tərk etdi: “Siz özünüz çətin şəraitdə yaşayırsız. Biz sizin problemlərinizi bilirik. Daha yaxşı şəraitdə yaşamağa layiqsiniz. Burda kimsə deyə bilməz ki, onu zorla evindən çıxaran var. Biz işlər görürük, sizi kimsə evinizdən icazəniz olmadan çıxara bilməz, evinizi sökə bilməz”.
Onunla birlikdə hadisə yerinə Yasamal rayon polis rəisi İsmayıl Əsədov da gəlmişdi. Ancaq etirazçıların çoxu verilən vədin yalan olduğunu deyərək aksiyanı davam etdirdilər. Bu vaxt ərzində bir aksiyaçı qadın huşunu itirdi, ona yardım ediləndən sonra vəziyyəti yaxşılaşdı.
Aksiya 15:30 radələrində yekunlaşdı. Təşkilat Komitəsinin üzvləri əhaliyə çağırış edərək hamını dağılışmağa səslədi. Komitə elan etdi ki, “Sovetski” əhlinin tələbləri hökumətə çatdırılıb, hakimiyyətə üç gün möhlət verilib və əgər tələblər nəzərə alınmasa növbəti bazar ertəsi yenə də analoji qaydada  mitinq təşkil olunacaq.
Bir sıra təhlilçilər Bakı sakinlərinin bu aksiyasını ilin ən ciddi hadisəsi adlandırıb. Son zamanlarda, seçkilər də daxil olmaqla, bu sayda Azərbaycan vətəndaşının israrla bir araya gəlməsi faktı müşahidə edilməyib. Üstəlik, kiçik epizodlar xaric, polis qüvvələri xalqa qarşı zorakı hərəkətlərə yol vermədilər.
Bu da iqtidarın təbii xalq etirazlarından çəkindiyinin, vətəndaşların qəzəbini öz üzərinə çəkmək istəməməsinin bariz nümunəsidir. Onu da demək lazımdır ki, ilin ən səs-küylü mitinqi təşkilatçı, avanqard qüvvəsi ilə də diqqət çəkir.
Emil SALAMOĞLU
Fotolar, Video: Məhəmməd TÜRKMƏN. musavat.com
















Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın