Menu
Geri İrəli

Sumqayıt hadisələri ilə bağlı yeni layihənin təqdimatı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2010 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

dPotensial Sumqayıt Mütəxəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qeyri hökumət təkilatı kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 1999-cu ilin oktyabr ayından Böyük Britaniyanın OXFAM Humanitar Təşkilatının dəstəyi ilə Sumqayıtda pulsuz hüquqi yardım mərkəzi təşkil etməklə fəaliyyətə başlayan təşkilat ötən müddətdə müxtəlif beynəlxalq təşkilatların (ОXFAM Bеynəl­хalq Humanitar Təşkilatının, “Avrasiya” Fоndunun, ABŞ Səfirliyinin Dеmоkratiya Kоmissiyasının,  BMT QAK-ın, Nоrvеç Qaçqınlar Şurasının, ACI-YF Budapeşt ofisinin, “Dünyaya baхış” Bеynəlхalq Humanitar Təşkilatının, Nоrvеç səfir­liyinin, Açıq Cəmiyyət İnstitutunun, Counterpart İnternational təşkilatının, BMT Əhali Fondunun) dəstəyi ilə 24 layihə icra etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  ötən ilin dekabr ayında elan etdiyi müsabiqəyə “1988-ci il Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda layihə təqdim etmişdik. Mövzunun aktuallığını və Azərbaycan həqiqətləri ilə bağlı informasiya yayımında rolunu dəyərləndirən QHT-lərə Dövlət Dəstəyi Şurası bu layihəmizi də dəstəkləmişdir. Aprel ayının 10-da birliyin ofisində həmin layihənin təqdimat mərasimi keçirilmişdir. Təqdimat tədbirini Birliyin sədri S.Fərzəliyev açaraq layihə haqqında qısa məlumat verdi. Layihənin müəllifi F.Şivəxanov çıxış edərək layihənin meydana çıxması zərurəti və layihənin məqsəd və vəzifələri barədə iştirakçıları məlumatlandırdı.

Layihənin koordinatoru Feyruz Şivəxanov sumqayitxeber.com saytına açıqlamasında bildirib ki,  bu layihənin əsas məqsədi erməni millətçilərinin və sovet təhlükəsizlik xidmətlərinin birbaşa iştirakı ilə 1988-ci ildə təşkil edilən Sumqayıt hadisələrinin əsil mahiyyətini, bu iğtişaşların həyata keçirilməsində marağı olan qüvvələrin məkrli niyyətləri, hadisələrin səbəbləri və nəticələri ilə bağlı dolğun faktlara əsaslanan, məzmunlu bir kitabın hazırlanıb ingilis, alman, fransız dillərinə tərcümə edilməsi, hadisələr haqqında çox yığcam və məzmunlu bukletin qeyd edilən dillərdə hazırlanması və bu əyani vəsaitlərin Avropa ölkələrində, ABŞ, Kanada və digər ölkələrdə yaymaqla ermənilərin və onların havadarlarının etnik təmizləmə və işğalçılıq siyasətlərini reallaşdırmaq üçün Sumqayıtda iğtişaşlar törətməkdən də çəkinmədiklərini, erməni xislətinin dünya ictimaiyyətinə çatdırmaqdır.

БезымянныйÇox təəssüf ki, mənfur düşmənin ərazi iddiasını ortaya qoyduğu ilk günlərdən informasiya müharibəsini uduzduq. Bilavasitə ermənilərin və onların Moskvada və xaricdə olan havadarlarının məkrli niyyəti ilə hazırlanmış Sumqayıt hadisələrinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmədik. Ermənilər isə bu hadisələrdən sonrakı illərdə soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərdən dünya ictimayətinin diqqətini yayındırmaq üçün daim Sumqayıt hadisələri barədə  yalan və iftiralar yayır, bu haqda onlarla saytlar hazırlayır, kitablar çap edib yayır, xarici mətbuatda müntəzəm çıxışlar edir, hətta Xocalı qətliamının fotoşəkillərini Sumqayıt genosidi adı ilə yaymaqdan çəkinmirlər. Bütün bunlar illərlə düşünülmüş, məkrli erməni siyasəti ilə həyata keçirilir və son illərdə bir sıra dünya ölkələrində Türkiyəyə qarşı erməni soyqırımı iddiaları ilə çıxış etdikləri kimi Sumqayıtda törətdikləri ixtişaşları da soyqırım kimi qələmə verməyə cəhd edir, Azərbaycan xalqını və dövlətçiliyini gözdən salır, öz işğalçılıq əməllərinə bəraət qazandırırlar.

Sumqayıt hadisələri barədə bir neçə kitab yazmış və sənədli film çəkdirmiş yazıçı-publisist Eyruz Məmmədov tədbirdə çıxış edərək 20 ildən çox müddətdə daim bu mövzuya müraciət etdiyini, keçmiş SSRİ rəhbərləri ilə görüşərək bu hadisələrin kökünü, mahiyyətini daim araşdırdığını və bu mövzuda keçirilən tədbirlərdə, həmçinin mətbuatda və televiziyada daim çıxışlar etdiyini qeyd etməklə yanaşı bu hadisələr barədə əsil həqiqətləri dünya ictimaiyyətinə hələ də lazımi səviyyədə çatdıra bilməməyimizi də vurğuladı. E.Məmmədov Potensial SMB-nin bu mövzuda xarici oxucunu maraqlandıra biləcək bir kitabın hazırlanması və xarici dillərə tərcümə edib yaymaq təşəbbüsünü alqışladı və belə bir kitabın ərsəyə gəlməsi üçün əlindən gələni edəcəyini qeyd etdi.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin referenti Elman Quliyev də layihənin əhəmiyyətini vurğuladı və layihənin icrası üçün bütün imkanlardan istifadə etməyin zəruriliyini qeyd etdi.

“Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov, AzərTAC-ın müxbiri Ətrabə Rzayeva çıxış edərək Sumqayıt hadisələrinə indiyə qədər ölkə mediasında yer verilsə də, xaricə bu barədə dolğun informasiya ötürülməsi təqdirəlayiq haldır. Daha dolğun informasiya ötürmək üçün bir daha həmin hadisələrin mahiyyətini araşdırmaq, bu hadisələrin təşkilatçılarını, səbəblərini, bu hadisələrin törədilməsində marağı olan qüvvələri öyrənmək, mükəmməl bir kitab ortaya çıxarmaq və kifayət qədər böyük tirajla bu kitabı çap edib yaymaq daha məqsədəuyğundur.

Bizim şəhər İctimai Birliyinin sədri M.Zeynalova da təşkilatın təşəbbüsünü alqışladı və kitabın bir neçə dilə tərcümə edilib daha böyük tirajla çap edilib yayılmasını vacib hesab etdi və böyük tirajlı  çap üçün vəsait əldə etmək məqsədi ilə Sumqayıtın iş adamlarına Sumqayıt QHT-ləri adından müraciət olunmasını vacib hesab etdi.

İctimai maraqlar naminə vətəndaş təşəbbüsü İctimai Birliyinin prezidenti Anar Qasımov bu layihənin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətini yüksək dəyərləndirdi və doğrudan da daha böyük tirajla və bir neçə dildə belə bir kitabın yayılmasının vacibliyini qeyd etdi. O, daha konkret təklif irəli sürərək kitabın kütləvi tirajı üçün əlavə maliyyə vəsaiti cəlb etmək məqsədi ilə xüsusi hesabın açılması və bu hesabın mətbuatda, internet saytlarında elan edilməsinin səmərəli olacağını qeyd etdi  və şəxsən özünün də milli maraqlarımıza cavab verən bu aksiyada iştirak edəcəyini, öz imkanlarına müvafiq olaraq maddi kömək edəcəyini vurğuladı.

Tədbirdə iştirak edən digər QHT və media əməkdaşları da Birliyə yeni layihənin icrasında uğurlar arzuladılar və layhənin effektini təmin etmək üçün əlavə maliyyə vəsaitləri cəlb etmək və beləliklə də, daha geniş məlumatlandırmaya imkan verən bir neçə dildə və kütləvi tirajda kitabın çapına və yayılmasına nail olmağı arzu etdilər.

Sonda Birliyin sədri S.Fərzəliyev iştirakçılara xoş arzularına və dəyərli təkliflərinə görə minnətdarlığını bildirərək vurğuladı ki, Dövlət Dəstəyi Şurasının dəstəklədiyi bu layihəni uğurla həyata keçirməklə Sumqayıt hadisələri ilə bağlı əsil həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi verəcəyik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın