Menu
Geri İrəli

Sumqayıt investorların sevimli şəhərinə necə çevrilə bilər?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2013 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

İqtisadi İnkişaf Nazirliyinin Sumqayıtla bağlı təklifləri nələrdən ibarətdir?

Bu gün Sumqayıt ölkənin, elə Qafqazın da sürətlə dəyişən şəhərləri sırasındadır. Xüsusilə son 1-2 il ərzində şəhər müəyyən qədər infrastruktur dəyişikliyi və əsaslı abadlaşdırma dövrünü yaşayır. Doğrudur, bu işləri aparanların opponentləri görülən işlərin kosmetik xarakter daşıdığını, intensiv və yetərincə keyfiyyətli aparılmadığını qeyd edirlər. Ancaq bu, bir faktdır ki, şəhər dəyişir, yenilənir və müasirləşir.

Bu gün Sumqayıt həm də yeni iş yerləri təklif edən şəhər kimi çıxış edir. Bunun göstəricisidir ki, şəhərə üz tutan miqrantların sayı artır.

Üçüncü bir tendensiya isə Sumqayıta yönələn investisiyaların ümumi həcmi və istiqamətləri böyüməsi və şaxələnməsi ilə bağlı olmalıdır. İş yalnız ticarət və kafe-restoran biznesinə yatırımlar edilməsi ilə bitmir, investisiyaların profilləri müxtəliflik qazanmalıdır. Məsələn, yeni istehsal müəssisələrinin yaradılması, özəl ali və orta ixtisas təhsil müəssisələrinin, eləcə də orta məktəblərin qurulması, əyləncə mərkəzlərinin, idman komplekslərinin tikilməsi, iri brend mağazaların satış nöqtələrinin fəaliyyətə başlaması, bütün sahələrdə xidmətlərin genişləndirilməsi, yenilənməsi, müasirləşdirilməsi və s. bu mənada misal ola bilər.

Ancaq etiraf etmək lazımdır ki, bu sahədə sürət olduqca aşağıdır, qarşısına paytaxt standartlarına yaxınlaşmağı qoyan bir şəhər üçün hazırkı durum heç də qənaətbəxş deyil. Sumqayıt investisiyaların şaxəliliyinə görə Bakı ilə müqayisə oluna bilməz. Bəlkə də bu müqayisə heç doğru da deyil, ancaq deməliyik ki, yatırılan investisiyalar monoton olduqca bu, özünü şəhərin monotonlaşmasında göstərə bilir.

Bu problemi həll etməyin ən başlıca yolllarından biri Bakı modelinin tətbiqidir – söhbət müxtəlif sahələrdə, xüsusilə də xidmət sektorlarında qapıları xarici iş adamlarına açmaqdır. Onları şəhərimizdə çalışmağa, burda sərmayələrini aktivləşdirməyə stimullaşdırmaqla həm də şəhərin iqtisadi və mədəni səviyyəsini qaldırmaq mümkündür. Xarici investor öz ilə yeni müasir modellər, yanaşmalar və kültür gətirəcək ki, bu da şəhərin inkişafı demək olacaq.

Bəs maraqlıdır, Sumqayıtda investisiya perspektivlərini necə şərh etmək olar? Şəhərimizdə hansı sahələrə yatırılan investisiyalar özünü doğrulda bilər? Və hansı sahələrdə kapital yatırımına ehtiyac var?

Iqtisadçı, Azərbaycan-Türkiyə İş adamları Birliyinin layihələr və tədqiqatlar şöbəsinin müdiri Kənan Aslanlı hesab edir ki, şəhərdə müxtəlif sahələr üzrə yeni investisiyalara ehtiyac var: “Əgər özəl təhsil və özəl səhiyyə xidmətləri sektoruna investisiyalar yatırılsa bu investisiyaların  gəlirliliyi yüksək ola bilər. Dövlət investisiyaları isə konkret sektorlardan daha çox indiki mərhələdə şəhərin infrastrukturunun yenilənməsinə və bərpasına yönəldilməlidir”.

 

Rusiyada yaşayan azərbaycanl iş adamı, bir vaxtlar Azərbaycanla biznes əlaqələrinə olan, “LAMkom” firmasının rəhbəri Azər Məmədov deyir ki, Abşeronda neft və qazdan hazırlanan məhsullara investisiya yatırmaq onu artıqlaması ilə geri qaytara bilər. “Ancaq bununla kifayətlənmək olmaz. Daha sonra isə hazır məhsulu dünya bazarına çıxarmaq lazımdır” – deyə sahibkar bildirir.

A.Məmmədov hesab edir ki, bundan başqa karqo xidmətlərinə də pul yatırmağa dəyər: “Məndə olan məlumata görə, Sumqayıtda istehsal olunan və oluna biləcək məhsulları kənar bazarlara çıxarmaq üçün yerli karqo şirkətləri yoxdur. Yaxın şəhərlərdə, elə Bakıda belə şirkətlər var, ancaq Sumqayıtın özündə bu cür şirkətlərin olması sifarişçi və icraçı üçün əlavə rahatlıq yaradar. Odur ki, bu işə də diqqət ayırmaq, sərmayələr cəlb etmək dividentlər gətirə bilər”.

Müsahibimiz hesab edir ki, Sumqayıtda ən ciddi uğur qazana biləcək sahələrdən biri, bəlkə də birincisi turizm sektorudur: “Təəssüf ki, Sumqayıtda Xəzərin potensialından ümümuiyyətlə istifadə edilmir. Burada yaxşı əyləncə mərkəzləri, eləcə də turistik məknalar yaratmaq olar. Antalya turizm resurslarından necə istifadə edir? Oranın ən mühüm özəlliyi çimərliklər, dəniz sahillərindəki turizm, əyləncə mərkəzləridir. Doğru strategiya ilə turizm Azərbaycana neftdən çox gəlir gətirə bilər. Bildiyim qədəri ilə Azərbaycanda bu istiqamətdə işlər aparılır, layihələr hazırlanır. Yəqin ki, Sumqayıt sahilləri də layihədən kənarda qalmayacaq. Bu, olduqca mühüm məsələdir, Xəzərin Sumqayıt sahilləri turistlərin sevimli məkanına çevrilə bilər. Belə qumlu sahilləri hər yerdə yoxdur”.

 

Jurnalist Elnur Ağayev isə deyir ki, şəhərdə təhsilə yatırılacaq sərmayələrin geri qayıtmaq ehtimalı ilə yanaşı, faydalılığı da yüksək olar: “Sumqayıt gənclər şəhəridir və burada böyük miqyasda gənclər ordusu mövcuddur. Hesab edirəm ki, ən böyük kapital və investisiya da elə gəncliyə, təhsilə qoyulandır. Bu yanaşma Qərbdə də həmişə özünü doğruldub və Qərbin inkişaının ən mühüm səbəblərindəndir. Sumqayıtlı gənclər hər zaman öz intellekti və bilikləri ilə seçiliblər. Odur ki, hər il dövlət hesabına obyektiv şəkildə təhsildə fərqlənən çox yox, təqribən 50 gənci xaricə, dünyanın aparıcı universitetlərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa yollaya bilsək, təsəvvür edin ki, 10-15 iildən sonra Sumqayıtımız hansı inkişaf mərhələsində olar. O beyinlərin hesabına doğma şəhərimiz öz şöhrətini birə-beş artırmış olar. Buna dövlətimizin gücü də çatar”.

E.Ağayev hesab edir ki, şəhərdə sənaye sektoruna da yatırımlar davam etməlidir: “Sumqayıt SSRİ dövründən sənaye şəhəri olub və təbii ki bu istiqamətdə bundan sonra da investisiya yatırmaq ağlabatandır”.

Jurnalist şəhərə azad iqtisadi zona statusunun verilməsi fonunda buranın turizm mərkəzinə çevriləcəyi qənaətindədir: “Sumqayıtın qismətinə Xəzər dənizi kimi təbiətin nadir incisi düşüb. Burada turizm sahəsinə böyük investisiyalar yatırmaq olar. Bir şərtlə ki, Sumqayıta azad iqtisadi zona statusu verilsin”.

 

*   *   *

 

Bu arada İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, nazirliyin regional bölmələrinin işinin əlaqələndirilməsi, dövlət proqramlarının icrasına nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirir.  Sumqayıt şəhərində investisiya qoyuluşu ilə bağlı aşağıdakı təkliflər irəli sürülür:

 

  • Süd və süd məhsullarının istehsalının bərpası: Nəzərə alsaq ki, vaxtilə Sumqayıt Süd kombinatı gündəlik 90-115 ton istehsal gücü ilə 18 çeşiddə süd məhsulları hazırlayaraq Sumqayıt və Bakı şəhərlərinin əhalisinə , həmçinin qapalı dövlət müəssisələrinə satırdı.
  • Məişət kimyasının fəaliyyətinin genişləndirilməsi (məişət sabunu, yuyucu və təmizləyici vasitələr istehsalı)
  • Ağır və yüngül piroliz qətranlarından atmosferə, dəniz suyuna və benzinə davamlı lakların alınması
  • Kənd təsərrüfatı zərərvericilərinə qarşı yerli xammal əsasında pestisidin alınması
  • Superfosfat gübrəsi istehsalının bərpası (Sumqayıt Superfosfat zavodu 1961-ci ildə istismara verilmiş və burada sulfat turşusu bazasında mineral gübrələr istehsal olumuşdur). Zavodun Sumqayıt şəhəri ərazisində tikilməsində əsas məqsəd burada yerləşən kimya müəssisələrini sulfat turşusu ilə təmin etmək və texnoloji proseslər zamanı alınan işlənmiş turşu əsasında mineral gübrələr hazırlamaqla bütün Qafqaz regionunun həmin məhsula olan tələbatını hazırlamaq olmuşdur. Bu baxımdan respublikamızda kənd təsərrüfatının inkişaf konsepsiyasının tərkib hissəsi kimi fosfat gübrəsinə olan tələbat nəzərə alınmalıdır.
  • Müasir bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq , istehsal olunan məhsulların keyfiyyət göstəricilərini ən yüksək səviyyədə təmin etməklə daxili bazarda və eyni zamanda respublikamızın hüdudlarından kənarda da rəqabət qabiliyyətli qida sənaye komplekslərinin yaradılması
  • Şəhərin dənizərafı hissəsində müasir standartlara cavab verən, əyləncə atraksionlarla zəngin, idman kompleksi olan istirahət mərkəzlərinin tikintisi.

 

Göründüyü kimi, şəhərimiz sahibkarların sevimli şəhərinə çevrilə bilər. Ümid edək ki, bu məhəbbət tez yaranacaq və biz tamamilə fərqli Sumqayıt görəcəyik.

 

Vüsal Məmmədov, “168 saat” qəzeti

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın