Menu
Geri İrəli

Sumqayıt şəhər məhkəməsindən şok qərar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2010 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur

Məhkəmə işgəncə faktlarını tanıdı və onların araşdırılmasını prokurorluğa həvalə etdi

Mehk.emb._851259891Qanunun Aliliyi Sumqayıt Regional Hüquq Resurs Mərkəzinin mətbuat mərkəzindən sumqayitxeber.com saytına verilən məlumata görə bir müddət əvvəl 3 nəfər Sumqayıt sakini polislər tərəfindən tutulmuş, sonradan onlar ağır cinayət törədilməsində ittiham edillərək, barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılmışdılar. Məhkəmə prosesində məlum olmuşdur ki, təqsirləndirilən şəxslərin tutulması vaxtında rəsmiləşdirilməmişdir və onlar 2 gün polis idarəsində müxtəlif kabinetlərdə qeyri-qanuni saxlanmışdırlar. Yalnız 2 gündən sonra onlar rəsmi surətdə polis idarəsindəki müvvəqəti saxlanılma yerinə köçürülmişdilər. Hər 3 təqsirləndirilən şəxslər məhkəmə qarşısına ilk dəfə tutulduqdan 4 gün sonra çıxardılmışdılar və onların vəkilləri də məhz bu prosesdə iştirak etmişdilər. Təqsirləndirilən şəxslərin hər üçü məhkəmə prosesində bildirdilər ki, polis idarəsində saxlandıqları müddətdə onlara işgəncələr verilməklə özlərinə və bir-birlərinə qarşı ittihamverici ifadələr verməyə məcbur edilmişdilər. Məhkəmə gedişatında məlum oldu ki, onların bədənlərində xəsarət izləri vardır. Prosesdə iştirak edən şəhər prokurorluğunun nümayəndəsi işgəncə faktlarının araşdırılacağına və bunu öz nəzarətində saxlayacağına vəd versə də, sonradan bunların heç biri edilmədi. Prosesdə iştirak edən vəkil Əsabəli Mustafayev vəsatət verərək müdafiə etdiyi şəxsin azadlıq hüququnun pozulmasını məhkəmənin nəzərinə çatdırdı və bunda təqsiri olan şəxsin cəzalandırılmasını xahiş etdi. Məhkəmə onun arqumentlərilə razılaşaraq, istintaqı aparan müstəntiq barədə xüsusi qərardad qəbul etdi. Bir neçə gündən sonra vəkil müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması barədə şikayətlərinin araşdırılması üçün məhkəmə tibb ekspertizasının keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında müstəntiqə vəsatət verdi. Bu vəsatətə reaksiya verilmədiyindən vəkil məhkəməyə müraciət etməli oldu. Bu əməliyyatda iştirak etmiş bütün polis əməkdaşları məhkəmədə ifadə verdilər. Təbii ki, onlar işgəncə hallarının olmasını təkzib edirdilər. Məhkəmə özü təqsirləndirilən şəxsin bədənini müayinə edərək onun üzərində çoxlu sayda xəsarət izlərinin olmasını müəyyən etdi. Məhkəmə həm də azadlıq və müdafiə hüquqlarının pozuntusunu işgəncələrə şərait yaradan amillər kimi qiymətləndirdi. Nəticədə işgəncə hallarının olması məhkəmə qərarı ilə tanındı və onların araşdırılması şəhər prokurorluğuna həvalə olundu.
Bu qərar şəhərdə insan hüquqlarının müdafiəsinin güclənməsində təsir edə biləcək çox mühüm bir amil ola bilər. Çünki polis idarələrində, digər qapalı müəssələrdə işgəncə hallarının mövcudluğu barədə mətbuatda mütamadi olaraq məlumatlar yayılır. Sumqayıt şəhər məhkəməsinin göstərdiyi iradə belə halların gələcəkdə təkrarlanmasının qarşısını alacaq faktor olacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın