Menu
Geri İrəli

Sumqayıt şəhəri üzrə kadastr layihəsi başa çatıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2012 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə bu gün Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında kadastr layihəsinin başa çatdırılmasına və Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi üzrə təlim (ATİT),  Özəl İctimai Tərəfdaşlıq (PPP)  layihələrinin ictimai təqdimatı keçirilib.

 

“Azadinform”a komitədən verilən məlumata görə, ictimai təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti və Almaniya səfirliyinin məsul işçiləri ilə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Gəncə şəhəri və Şəki rayonu İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti, “Azərsu”, “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin, Sumqayıt şəhər  bələdiyyəsi, yerli şəhər təşkilatlarının nümayəndələri iştirak ediblər. Həmçinin tədbirə komitə tərəfindən həyata keçirilən layihələrdə birgə əməkdaşlıq etdiyi beynəlxalq şirkət və təşkilatlar, layihəyə cəlb olunmuş özəl şirkətlərin nümayəndələri tədbirə qatılıblar.

Tədbirdə bildirilib ki, Azərbaycanda müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mühəndisləri institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.

Qeyd edilib ki, bu məsələlərin uğurlu həlli ölkədə əmlak münasibətlərinin daha da sivil inkişafına, daşınmaz əmlakın qeydiyyatı sisteminin müasirləşdirilməsinə və ən nəhayət vətəndaşlar üçün yüksək keyfiyyətli və şəffaf xidmətlərin təşkilinə zəmin yaradacaq.

Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında kadastr layihəsinin başa çatdırılmasına və  “Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi üzrə təlim (ATİT),  Özəl İctimai Tərəfdaşlıq (PPP)  layihələrinin İctimai Təqdimatı görülən işlərin bariz nümunəsidir. Tədbirdə o da vurğulanıb ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına “Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsi müvəffəqiyyətlə başa çatıb. Layihənin nəticələrindən Sumqayıt şəhər icra hakimiyyəti, bələdiyyələr, vətəndaşlar müxtəlif məqsədlər üçün istifadə edəcəklər.

Bildirilib ki, Azərbaycan hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasındakı “Maliyyə Əməkdaşlığı haqqında” Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikasının KFW Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Gəncə şəhərində və Şəki rayonunda “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” Layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb. Həmçinin “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin icrasına da artıq başlanılıb.

Ümumiyyətlə yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə mükəmməl kadastrın, respublikamızın digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə sadə kadastrın yaradılmasına nail olmaq planlaşdırılır. Sonrakı illərdə mükəmməl kadastrın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək.

Əmlak Məsələləri Dövlət Komitəsi ünvan reyestrinin tərtibi və aparılması sahəsində qabaqcıl dünya ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də işlər görür.

Tədbirin sonunda Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra hakimiyyəti və Sumqayıt bələdiyyəsi arasında daşınmaz əmlaklar haqqında kadastr məlumatlarının qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. (AZADİNFORM)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın