Menu
Geri İrəli

Sumqayıt şəhərində ötən ilin yekunlarına dair tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2012 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

Fevralın 29-da Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında şəhər fəallarının iclası keçirilmişdir. İclasda 2011-ci ildə sosial-iqtisadi inkişafa yekun vurulmuş, 2012-ci il üçün vəzifələr müəyyən edilmişdir. Yığıncaqda Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Qabil Əzənmədov iştirak etmişdir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iclası açaraq 2011-ci ildə iqtisadi inkişaf meylini qoruyub saxlamış ölkəmizdə əldə olunmuş yüksək nailiyyətlərdən danışmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin yanvarın 16-da Prezident Sarayında keçirilmiş ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş müşavirəsində və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqində əksini tapmış konkret fakt və rəqəmlər də buna sübutdur. E.Əzizov statistik məlumatları diqqətə çatdıraraq demişdir ki, respublika iqtisadiyyatının inkişafının əsas indikatoru – ÜDM 3 dəfə artmış, ölkə büdcəsinin həcmi 15 dəfə çoxalmış, valyuta fondunun həcmi 41 milyard dollara çatmış, infrastruktur sürətlə inkişaf etmişdir. Siyasi sabitlik və həyata keçirilən islahatlar dövlətimizin dinamik iqtisadi inkişafının əsas tərkib hissəsidir. Dövlətimizin başçısının nitqi ciddi elmi-analitik əsər, gələcək tarixçilər üçün tükənməz mənbədir.
Prezident İlham Əliyevin dərin düşünülmüş və ölçülüb-biçilmiş siyasəti iqtisadi və siyasi bəhrəsini verəcəkdir. Bu gün dünya respublikamızın nailiyyətlərini və dövlətimizin başçısının fəaliyyətini layiqincə qiymətləndirir. Azərbaycanın paytaxtı ilə yanaşı, digər şəhərlər və rayonlar da gündən-günə abadlaşır və gözəlləşir. Sumqayıt da onların sırasındadır. Hesabat dövründə şəhərdə istehsalın həcmi 509 milyon manata, sənaye məhsulunun həcmi 51,9 faiz artaraq, 313 milyon manata çatmışdır. Özəl sektorun istehsalda və xidmət sahəsində payı 72 faiz təşkil etmişdir.
Yerli “DünyaTV”-nin hazırladığı videofilmdə 2011-ci ildə şəhərdə həyata keçirilmiş işlərdən söhbət açılmışdır. Filmdə günbəgün gözəlləşən Sumqayıtı əks etdirən kadrlar nümayiş olunmuşdur. Ekranda parkların, meydanların yenidən qurulması, Heydər Əliyev Mərkəzinin inşası kimi iri layihələrlə yanaşı, abad mikrorayonlar, küçələr, bağlar, yeni Olimpiya kompleksi və digər obyektlər nümayiş etdirilmişdir. Perspektiv layihələrin eskizləri də təqdim olunmuşdur. İclas iştirakçıları şəhərdə Novruz bayramı, Şəhər günü, ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə məktəblilərin yürüşünü, Azərbaycan Prezidentinin doğum günü münasibətilə Sumqayıt sahibkarlarının hazırladıqları Avropada ən böyük tortu əks etdirən kadrlara baxmışlar.
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə Sumqayıta iki səfəri də filmdə əks olunmuşdur.
Şəhərin ayrı-ayrı qurum və təşkilatlarının rəhbərləri yığıncaqda çıxış edərək görülmüş işlər barədə məlumat vermiş, abadlıq və yaşıllaşdırma işləri ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.
Yığıncaq açıq dialoq formatında keçmişdir. Qəsəbələrin, mikrorayonların, məhəllələrin yığıncağa dəvət olunmuş sakinləri dialoqlarda fəal iştirak etmişlər. Onlar salonda quraşdırılmış mikrofona yaxınlaşaraq dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, problemlərdən danışmış, şikayət və təkliflərini söyləmişlər. Müzakirələr şəhər həyatının bütün sahələrini əhatə etmişdir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı vətəndaşların bütün müraciətlərinə münasibət bildirmiş, müvafiq qurumların rəhbərlərindən problemlərin həll olunmasını tələb etmişdir. Bəzi məsələlər operativ surətdə həllini tapmış, dərhal konkret tapşırıqlar verilmişdir.
Eldar Əzizov iclasa yekun vuraraq bildirmişdir ki, intizam və məsuliyyət günün tələbidir. O, məmurları əhali ilə fəal işləməyə, vətəndaşların hər bir müraciətinə diqqətlə yanaşmağa, sosial ədalət prinsiplərinə riayət etməyə çağırmışdır. Bu, Sumqayıt fəalları qarşısında duran aktual vəzifədir.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir. Ətrabə Rzayeva (AzərTAc)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın