Menu
Geri İrəli

Sumqayıt sələfilərinin lideri: “Mitinq söhbəti fitnəkarların işidir”

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2014 • Baxış sayı: 582 dəfə • Şərh yoxdur

zohrabDünən mətbuatda və sosial şəbəkələrdə vəhhabilərin aprelin 13-də Sumqayıtda aksiya keçirəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Sumqayıt sələfilərinin lideri kimi tanınan Zöhrab Şıxalıyev “Qafqazinfo”ya  məsələ ilə bağlı müsahibə verib

  - Mətbuatda məlumatlar yayılıb ki, Sumqayıt sələfiləri aksiya etmək istəyirlər. Buna səbəb nədir? Niyə aksiya keçirmək istəyirsiniz?

- Bu kökündən yanlış olan məlumatdır. Sələfilər heç bir aksiya keçirmir və biz bunun əleyhinəyik. Bu cür informasiyaları yazanların özü bizim və bu dövlətin düşmənləridir. Sadəcə olaraq araya fitnə toxumları səpmək istəyən qüvvələr var. Əlhəmdulilah, biz dövlətimizi və dövlətçiliyimiz sevirik və dəstəkləyirik. O ki, qaldı mitinq, etiraz məsələsinə bir daha deyirəm bu bizim işimiz deyil və ola da bilməz. Ola bilsin ki, kimlərsə sələfiləri hökumətlə qarşı-qarşıya qoymaq istəyir, yada şəhərdə görülən işləri, abadlığı gözü götürmür. Amma biz buna getməyəcəyik. Ona görə xəbəri eşidən kimi bu barədə DQİDK Sumqayıt şöbəsinə də məlumat vermişəm və bunun hardan yayılmasının araşdırılmasını özüm xahiş etmişəm.

  - Ümumiyyətlə, sizin radikalizmə münasibətiniz necədir?

- Qeyd edim ki, sələfilər radikallığı qəbul etmir. İslam dini qardaşlıq dinidir. Odur ki, biz bu dini insanlara çatdırmaq istəyiriksə, burada zorakılıqdan, radikallıqdan söhbət gedə bilməz. Biz çalışmalıyıq ki, insanlar maariflənsinlər. Vəzifəmiz bu olmalıdır. Hansısa münaqişələrin, siyasi oyunların bizim əqidəmizə dəxli olmamalıdır. İbadət, itaət Allahadır və Allah da bunun üçün Qurani-Kərimi meyar olaraq müəyyənləşdirib. Həmçinin dövlətimizin qanunlarına əməl etmək vətəndaşlıq borcumuzdur. Radikallığa qarşı hər birimiz mübarizə aparmalı, insanların düzgün istiqamətdə maariflənməsinə yardımçı olmalıyıq.

  - Hazırda Sumqayıtda dini mühiti necə qiymətləndirisiniz?

- Azərbaycanın bütün bölgələrində olduğu kimi Sumqayıt şəhərində də sabitlikdir. Bir neçə ay əvvəl problemlər yaşanmışdı. Amma indi Əlhəmdulilah hər şey qaydasındadır. Xüsusən də dindarlar arasında heç bir məsələ yoxdur. Dindar qarşısındakına hörmətlə yanaşmalıdır. Biz buna riaət edirik. Dövlətdən bir xahişimiz var ki, Sumqayıtda sələfilərin ibadət edə biləcəyi məscid problemi mövcuddur. İnşallah Allahın izni olarsa, qanunlarımızın tələbinə uyğun yeni məscid tikmək niyyətimiz var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın